Zaltsburq şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib

Zaltsburq şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib

Avstriyanın Zaltsburq şəhərində Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bu şəhərdə fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Evində Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilib. Sərgidə Xocalı soyqırımı haqqında fotolar nümayiş etdirilib, videomateriallar göstərilib, eləcə də kitab və broşürlər təqdim olunub.

Avstriya Azərbaycanlıları Cəmiyyəti yerli ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazilərin işğalı və Xocalı soyqırımı barədə məlumatlandırmaq üçün ənənəvi poçt göndərişindən istifadə edib və 10 min ünvana poçt vasitəsilə Xocalı soyqırımına dair məlumat və broşürlər göndərilib. Hər bir ünvanda orta hesabla 3-4 nəfərin yaşadığını nəzərə aldıqda, bu aksiya nəticəsində şəhər əhalisinin mühüm bir hissəsi soyqırımı barədə məlumatlandırılıb.

Fevralın 28-də isə Azərbaycan Evində anım mərasimi keçirilib. Azərbaycan Evinin qarşısında “Xocalıya ədalət“ beynəlxalq təbliğat kampaniyasının banneri yerləşdirilib. Şəhərin ictimai nəqliyyat və piyadaların gur hərəkət etdiyi ərazisində yerləşən Azərbaycan Evinin qarşısından keçənlərə Xocalı soyqırımı barəsində məlumat verilib, broşürlər paylanıb. Zaltsburq və ətraf ərazilərdə yaşayan soydaşlarımızın övladları Xocalıda qətlə yetirilən körpələrin xatirəsinə lövhə qarşısına əklil və oyuncaqlar qoyublar.

Həmin gün Azərbaycan Evində diaspor nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib. Mərasimdə 29 il bundan öncə törədilən Xocalı faciəsinin erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi olduğunu qeyd ediblər, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğınının genosid faktı və insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi dəyərləndiriblər. 44 gün davam edən Vətən müharibəsində Xocalı soyqırımında həlak olan soydaşlarımızın qisasının alındığı söylənilib, eyni zamanda Xocalı qurbanları üçün əsl ədalətin beynəlxalq müstəvidə verilməsinin əhəmiyyəti vurğulanıb.

Mərasimin sonunda bütün şəhidlərimizin ruhuna Quran oxunub, onların xatirəsinə ehsan süfrəsi açılıb.

Mənbə: azertag.az