Tramp ilk çıxışında Baydenin prezidentlik fəaliyyətini tənqid edib

Tramp ilk çıxışında Baydenin prezidentlik fəaliyyətini tənqid edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik səlahiyyətləri bitdikdən sonra ilk dəfə açıq nitqlə çıxış edib. O, çıxışında özünün demokrat davamçısı Co Baydeni kəskin tənqid edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp növbəti prezident seçkilərində iştirakını istisna etməyib.

“Yolumuza davam edəcəyik, o, heç də bitməyib... Biz qalib gələcəyik”, - deyə Tramp Orlandoda konfransda çıxış edərkən bildirib.

Keçmiş prezident tərəfdarlarına “çiyin-çiyinə mübarizə aparacağına” dair vəd verib və eyni zamanda, Demokrat partiyasını və “saxta KİV-i” ABŞ-ın gələcəyi üçün Respublikaçılarla “tarixi mübarizə” aparmaqda günahlandırıb: “Bizi susdura bilməyəcəklər”.

Keçmiş dövlət başçısı, həmçinin xələfi olan prezidentin gördüyü işlər barədə də kəskin danışıb.

“Co Bayden müasir tarixdə olan bütün prezidentlərin ən fəlakətli ilk ayını yaşayıb. O artıq göstərdi ki, o, iş yerlərinə qarşıdır, ailələrə qarşıdır, sərhədlərə qarşıdır, energetikaya qarşıdır, qadınlara və elmə qarşıdır”, - Tramp belə deyib.

Onun sözlərinə görə, Bayden öz siyasətində “Amerika ilk pillədə” prinsipini “Amerika son pillədə” prinsipi ilə əvəz edib.

Bundan başqa, Tramp hazırkı prezidentin dünya problemlərinə çoxtərəfli yanaşması ilə bağlı açıqlamalarını tənqid edərək, ABŞ-ın bütün dünyanın problemləri ilə məşğul ola bilməyəcəyi fikrini dilə gətirib və Demokratları “Çinin kuklaları” adlandırıb.

Keçmiş prezident, həmçinin bildirib ki, ABŞ Baydenin rəhbərliyi ilə energetika sahəsindəki üstünlüyünü də itirib: “Artıq biz neft tədarükü üçün Rusiya və Yaxın Şərqdən asılı olacağıq”.

Bununla yanaşı, o, 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib: “Üçüncü dəfə onları məğlub edə bilərəm”.

Mənbə: apa.az