Sarkozi məhkəmə önündə: Fransanın pula görə mühakimə olunan ikinci prezidenti kimi...

Sarkozi məhkəmə önündə: Fransanın pula görə mühakimə olunan ikinci prezidenti kimi...

Sabiq prezidentlər Jak Şirak da, Nikola Sarkozi də cinayət törədiblər

Fransanın 66 yaşlı keçmiş prezidenti Nikola Sarkozi bazar ertəsi Paris məhkəməsi tərəfindən korrupsiya və öz nüfuzundan sui-istifadə etmək ittihamı ilə təqsirli bilinib. Fransaya 2007-2012-ci illərdə rəhbərlik etmiş və hələ də mühafizəkar siyasi dairələr arasında populyar olan cənab Sarkozi son 10 ildə məhkum olunan ikinci Fransa rəhbəridir. Belə ki, 2011-ci ildə Fransanın sabiq prezidenti Jak Şirak (1995-2007) ictimai fondlardan sui-istifadə etdiyinə görə mühakimə olunub. Ancaq o, Paris meri olarkən belə bir cinayət törədib. Jak Şirak çox yaşlı olduğuna görə heç məhkəməyə gedə də bilməmişdi. “The New York Times” qəzeti belə yazır.
Prokuror Nikola Sarkozinin 4 il müddətinə həbs olunmasını istəyib. Hakim isə eks-prezidenti 3 il müddətinə həbsə məhkum edib. Həm də həbs müddətinin 2 ili şərti xarakter daşıyır.
O da məlum olub ki, Nikola Sarkozi hakimi ələ almaq üçün öz vəkili üzərindən ona daha yaxşı iş yeri tapmaqda yardımçı olacağını söyləyib. Bunun müqabilində isə ona gərəkli olan istintaq sirlərini əldə etməyə çalışıb.


Amerika nəşri xatırladır ki, o, 2007-ci ildə prezident seçkilərində istifadə etmək üçün Liviya diktatoru Muəmmər Qəddafidən qeyri-qanuni şəkildə maliyyə dəstəyi almaqda da ittiham olunub. Ancaq bu ittiham məhkəmədə sübuta yetməyib. Müstəntiqlər Qəddafi rejiminin Sarkoziyə seçki kampaniyasından ötrü gizlicə 50 milyon avro verməsinə dair iddiaları araşdırırlar.
Məqalədə bildirilir ki, Nikola Sarkozi hazırkı Fransa prezidenti Emmanüel Makronla (2017) xoş münasibətdədir. 2022-ci ildə keçiriləcək növbəti prezident seçkisində bu əlaqə Emmanüel Makrona çox lazım ola bilərdi.
Öz tərəfimizdən isə onu qeyd edək ki, Nikolya Sarkozi Ermənistana xüsusi simpatiyası ilə seçilirdi. Azərbaycan və Türkiyəyə qarşı isə düşmən münasibətdə idi.
Nicolas Sarkozy, Ex-President of France, Found Guilty of Corruption - The New York Times (nytimes.com)

Mənbə: cia.az