Pandemiyaya qarşı mübarizədə əməkdaşlığı inkişaf etdirməyə razılaşdılar

Pandemiyaya qarşı mübarizədə əməkdaşlığı inkişaf etdirməyə razılaşdılar

 

ABŞ və Meksika prezidentləri Co Bayden və Andres Manuel Lopes Obrador arasında virtual formatda danışıqlar olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar pandemiyaya reaksiya verilməsi, o cümlədən ictimai səhiyyənin imkanlarının genişləndirilməsi, informasiya mübadiləsi və miqrasiya siyasətinin işlənib hazırlanması sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəldilər. Onlar ikitərəfli iqtisadi münasibətlərin strateji əhəmiyyətini dərk edərək Kanada, Meksika və ABŞ-ın ticarət razılaşmasına sadiq olduqlarını təsdiqlədilər. Hər iki lider təchizat zəncirinin dayanıqlığını və təhlükəsizliyini gücləndirmək barədə razılığa gəldilər, bu məqsədlərə nail olmaq üçün iqtisadi dialoqun yüksək səviyyədə bərpa edilməsinə razılıq verdilər”, - sənəddə deyilir.

Bundan başqa, prezidentlər təhlükəsizlik sahəsində, iqlim dəyişikliyinə və korrupsiyaya qarşı mübarizə, həmçinin miqrasiya siyasəti məsələlərində əməkdaşlığı müzakirə ediblər.

Mənbə: qafqazinfo.az