Qarabağda Azərbaycana qarşı döyüşən terrorçular Fransada mühakimə ediləcək - İLGİNC DETALLAR

Qarabağda Azərbaycana qarşı döyüşən terrorçular Fransada mühakimə ediləcək - İLGİNC DETALLAR

Politoloq deyir ki, işğalçı ordunun tərkibində çoxsaylı muzdluların vuruşması faktları təsbit edilib; Ermənistana da törətdiyi bu cinayətlərə görə sanksiyalar tətbiq edilə bilər

Fransa Daxili İşlər Nazirliyi Qarabağda döyüşən 10-larla Fransa vətəndaşı barədə “xaricdə terror qruplarında fəaliyyət” ittihamı ilə istintaq başlayıb.

Bu barədə siyasi analitik Yeganə Hacıyeva Fransa mediasına istinadən məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın ifşası artıq Fransada da həyata keçməyə başlayır:

“Ötən il Qarabağda hərbi əməliyyatlar başlayanda erməni hərbi birləşmələrinə çoxlu sayda xarici muzdluların cəlb olunması faktları var idi. Lakin Ermənistan hərbi təxribatlara başlayan kimi, erməni rəsmiləri və bütün dünyadakı erməni diasporunu guya Azərbaycanın Yaxın Şərqdən muzdlular gətirməsi kimi yalanı tirajlamaq üçün bütün qüvvələrini səfərbər etmişdilər.

İlk olaraq belə dezinformasiyaları Tovuzdakı hərbi təxribatdan 3 gün sonra Türkiyədəki erməni-PKK təbliğatçısı “Firat” agentliyi, sentyabrda isə “Moskovskiy Komsomolets” qəzeti tirajlamışdı. Azərbaycan isə əslində Ermənistanın xaricdən muzdlu terrorçular gətirdiyini və ordu birləşmələrində yerləşdidiyini bəyan edirdi. Fransa Daxili İşlər Nazirliyinin indi istintaq başlatması bir daha təsdiq etdi ki, Ermənistana xaricdən, o cümlədən Fransadan terrorçular gedib və Qarabağda döyüşə göndərilib. Erməni hərbi birləşmələrinə çoxlu sayda xarici muzdluların cəlb olunması faktlarının bəzilərini Azərbaycan və digər ölkələrin təhlükəsizlik xidmətləri, bəzilərini beynəlxalq təşkilatlar ifşa edib. Ötən il iyul hərbi əməliyyatlarından sonra STJ – Suriyalılar Həqiqət və Ədalət Naminə Təşkilatı Suriyada hökuməti dəstəkləyən etnik ermənilərin hərbi birləşmələrinin Qarabağa göndərilməsi haqqında bir neçə hesabat paylaşdı.

Keçən il dekabrda isə eyni təşkilat ikinci hesabatını dərc etdi və bu hesabatda 2020-ci ilin sentyabr və oktyabr aylarında Rusiyanın Suriyadakı Ximeymin bazasından Ermənistana və oradan da Dağlıq Qarabağa göndərilən muzdlular haqqında məlumatlar, reyslərin tarixi, təyyarələrin nömrələri və digər faktlar hamısı göstərildi.

Amma onu da qeyd etməliyəm ki, bu faktların bəzilərinin ifşa edilməsində Ermənistanın səriştəsiz Müdafiə Nazirliyinin də “xidmətləri” olub.

Məsələn, oktyabr ayında, “Anadolu” agentliyinin kəşfiyyat mənbələrindən əldə etdiyi məlumatlara görə, Ermənistan döyüşmək üçün Şuşa şəhərinə PKK terrorçularını gətirmiş və onlara Azərbaycan hərbi qulluqçularının hərbi geyim forması geyindirilmişdi.

Bu, Ermənistana “Azərbaycan tərəfində Suriyadan gələn muzdlular vuruşur” iftirasını əsaslandırmaq üçün lazım idi. Ermənistanın bu planı ifşa olundu. Belə ki, bir gün sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “feysbuk” səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşünün fotolarını paylaşmışdı və fotodakı əsgərlərdən bir neçəsi Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında idi. Post 5 dəqiqə sonra Şuşan Stpenyanın sosial şəbəkədəki səhifəsindən silinsə də, istər Azərbaycanda, istərsə də digər ölkələrdə bu görüntülər artıq faktlaşdırılmışdı.

Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanın Dağlıq Qarabağdakı münaqişə səbəbi ilə Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq Ermənistana müvəqqəti tədbirlərin tətbiqi barədə qəbul etdiyi vəsatətində bəndin biri məhz Ermənistana muzdluların cəlbinin dayandırılması ilə bağlı idi. Avropa İnsan Haqları Məhkəməsi bu vəsatəti qəbul etmişdi.

Fransa Daxili İşlər Nazirliyinin isə Qarabağda döyüşən 10-larla Fransa vətəndaşı barədə “xaricdə terror qruplarda fəaliyyət” ittihamı ilə istintaq başlaması bu proses çərçivəsində Fransanın məcburən başladığı istintaq adlandıra bilərik”.

Yeganə Hacıyeva

Y.Hacıyeva qeyd etdi ki, Fransa tərəfindən açılan ilkin istintaq erməni işğalçı ordusunun müdafiəsinə kömək etmək üçün çoxlu sayda fransızın Dağlıq Qarabağa getməsi faktı əsasında başlanıb. Paralel olaraq da Fransa Prokurorluğuna “Dağlıq Qarabağ bölgəsində döyüşməyə gedən erməni əsilli Fransa vətəndaşlarının törətdikləri müharibə cinayətləri” barədə istintaqın başlanması üçün müraciət edilib: “Azərbaycanın Fransadakı səfirliyi də ”Dağlıq Qarabağ bölgəsində döyüşməyə gedən erməni əsilli Fransa vətəndaşlarının törətdikləri müharibə cinayətləri barədə istintaqın başlanmasına təkan vermək məqsədilə həmin şəxslər haqqında dəlilləri toplayıb, hazır dosye ilə Fransa Prokurorluğuna müraciət edib.

Bu hadisə birmənalı olaraq Azərbaycanın müharibə dövründə “Ermənistan Avropadan, Suriyadan, Livandan və digər yerlərdən terrorçuları müharibəyə cəlb edir” bəyanatlarının təkzibolunmaz sübutudur.

Lakin beynəlxalq kuluarlarda son zamanlar Ermənistanın Dağlıq Qarabağdakı müharibə və hərbi cinayətlərin məsuliyyətindən qaçmaq üçün guya hərbi əməliyyatlarda qarşı tərəfin qondarma quruluş olması, muzdluların isə müstəqil hərəkət etməsi, buna görə Ermənistanın məsuliyyət daşımaması haqqında nağıllar səslənməyə başlanıb. Bu isə növbəti erməni ağ yalanıdır, çünki hətta hərbi əməliyyatlar dayanandan sonra da Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edilməsi faktları mövcuddur.

Həbs olunmuş iki qrup terrorist və keçən həftə İrəvanda valideynlərin “əsgərlərin yük maşınlarında Qarabağa daşınması” əleyhinə keçirdikləri etiraz mitinqləri buna sübutdur”./yenimusavat/

Mənbə: konkret.az