Bu mətbuat konfransının məhz Xocalı soyqırımı günü keçirilməsi ... - Komitə sədri

Bu mətbuat konfransının məhz Xocalı soyqırımı günü keçirilməsi ... - Komitə sədri

Cənab Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycanın əsl həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və dünyada gedən proseslərə aktiv nüfuz etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mətbuat konfransının məhz Xocalı soyqırımı günü keçirilməsi isə xüsusi ilə vurğulanmalıdır. Ölkə başçısı müasir Azərbaycan tarixinin ən faciəli bir günündə mətbuat konfransı keçirməklə, yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində cənab İlham Əliyev Ali Baş Komandan, Prezident, diplomat kimi bütün proseslərə rəhbərlik etməklə yanaşı, xarici mediaya verdiyi müsahibələri ilə də informasiya məkanında qalib siyasətçi obrazını yaratdı:

“Dünyaca tanınmış aparıcı və jurnalistlərin bəzilərinin ikili məna daşıyan və haqsız sualları onun səbr və təmkinini poza bilmədi. Bəzən sərt, bəzən incə yumor, bəzən də çox qəti şəkildə verdiyi cavablar, etdiyi müqayisələr, tarixdən gətirdiyi misallar bütün dünyaya ciddi bir mesaj idi. 4 saatdan artıq, 35-dən çox jurnalistin 50-yə yaxın sualına, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verməklə cənab Prezident Azərbaycanın əsl niyyətini, regionda sülh və dayanıqlı sabitliyin, rifahın, təhlükəsizliyin bərqərar olmasında nə qədər maraqlı olduğunu bir daha sübut etdi. Lakin qarşı tərəfin buna marağının olmamasını qeyd edən ölkə başçısı bildirdi ki, biz erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Əksinə, 20 kilometr uzunluqda olan bir yol, hansı ki, erməni şəhərlərini birləşdirir, o yol Azərbaycan ərazisindən keçir. Biz bunun üçün imkan yaradırıq. Hətta böyük bir plakat da asmışıq orada ki, “Azərbaycana xoş gəlmisiniz”. Mən anlamıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Sözün açığı, mən bunu anlamıram. Çünki orada hərəkət edən nəqliyyat vasitələri, o insanlar görməlidirlər ki, onlar Azərbaycana daxil olur, Azərbaycan ərazisindən rahat istifadə edir və heç bir problem yoxdur. Ona görə də biz dayanıqlı sülh üçün daha bundan da artıq hər hansı bir nailiyyətə imza atmalı deyilik. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir. Cənab Prezident bir daha diqqətə çatdırdı ki, Ermənistan hakimiyyətinin Xankəndində və hazırda erməni əhalisinin yaşadığı digər Azərbaycan torpaqlarındakı təxribat xarakterli hərəkətləri diqqətlə izlənilir. Sülhə xidmət etməyən bu hərəkətlər yolverilməzdir. Ona görə də o, bir daha Ermənistanda revanşizm fikrinə düşənlərə, onların havadarlarına xəbərdarlıq edərək, bunun Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracağını bildirdi”.

Professor qeyd edib ki, ilk dəfə bu qədər uzun və səmimi davam edən mətbuat konfransında ölkə başçısı bir çox məsələlərə toxundu:

“Xüsusilə də bütün dünyanın COVID-19-la apardığı mübarizə ilə bağlı Azərbaycan nümunəsini, vaksinlərin ədalətli bölgüsü ilə ölkəmizin mövqeyini ətraflı izah etdi. Hətta bununla bağlı cənab Prezident, həm ölkə rəhbəri, BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasında ədalətlilik prinsiplərinə əməl edilməsi ilə bağlı dünya ictimaiyyətinə çağırışlar etdi. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Bütün bunlar isə Azərbaycanın dünyada getdikcə geosiyasi əhəmiyyətini artırır”.

Hicran Hüseynova əlavə edib ki, bu mətbuat konfransının əsasını Vətən müharibəsi, post- müharibə dövrü, azərbaycanlıların öz doğma yurdlarına qayıtması prosesi, işğaldan azad edilmiş torpaqlarda quruculuq və bərpa işləri ilə bağlı məsələlər təşkil edib:

"Regionda yaranmış yeni vəziyyət və bu reallığın region ölkələri, eləcə də Cənubi Qafqaz ölkələri üçün açdığı imkanlar haqqında verilən suallar təşkil edirdi. Bu konfrans təkcə dünya ictimaiyyəti üçün deyil, həm də ölkə ictimaiyyəti üçün də xüsusi əhəmiyyət daşıyırdı. Vətən müharibəsi bitdikdən sonra bir çox suallar yaranmışdı və cənab Prezidentin fikirləri bütün bu suallara aydınlıq gətirdi. Xüsusilə də “Qarabağ”ın statusu, “Dağlıq Qarabağ” anlayışı ilə bağlı verdiyi açıqlamalar Azərbaycan cəmiyyəti üçün də çox mühüm idi. Bu mətbuat konfransı strateqlər, diplomatlar, siyasətçilər üçün də xüsusi əhəmiyyətə malikdir. Azərbaycan dövləti, Azərbaycan rəhbəri bütün dünyaya erməni işğalının, erməni terrorçularının törətdiyi cinayətlərinin və bizim haqlı mübarizəmizin, eyni zamanda, qələbəmizin əsl mahiyyətini bir daha bütün dünyaya əyani nümayiş etdirdi”.

Mənbə: teleqraf.com