Siyahımızda 30 siyasi məhbusun adı var

Siyahımızda 30 siyasi məhbusun adı var

Səadət Bənənyarlı: "Onların əfv olunmasını istəyirik, amma ad çəkməyəcəm"

 

"Elə məhbuslar var, artıq babadırlar, nəvələri var, amma hələ də həbsdədirlər. Ahıl yaşlıların, xəstə məhbusların, “ömürlüklər”in və əlbəttə ki, islah olunanların əfv edilməsini, ailələrinə qovuşmasını arzulayırıq"

 

Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvləri komissiyanın iclaslarının intensiv xarakter aldığını, müraciətlərə baxıldığını bildirirlər. Bu isə Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanacağı ilə bağlı gözləntiləri artırır. Komissiyada təmsil olunanlar daxil olmuş müraciətlərə, ərizələrə həssaslıqla, diqqətlə yanaşıldığını da qeyd edir. Odur ki, növbəti əfv fərmanının daha çox məhbusu əhatə edəcəyi gözlənilir.

 

Məsələ ilə bağlı “Şərq”ə danışan Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı da bayram günlərində əfv fərmanının imzalanacağına ümid etdiyini dedi:

- Hüquq müdafiə təşkilatlarına əsasən məhbusların ailələri tərəfindən müraciətlər daxil olur. Məhbusların valideynləri, həyat yoldaşları, ailə üzvləri müraciət edirlər. Biz də müraciətləri cənab Prezidentə ünvanlayırıq. Çünki əfv fərmanının imzalanması Prezidentin müstəsna hüququdur. Çalışırıq müraciətləri diqqətlə araşdıraq, hansı məhbuslar ki islah olunub, azadlığa buraxılmaları cəmiyyət üçün artıq heç bir təhlükə daşımır, yaxud yaşlı insanlar, müəyyən xəstəliyi olanlar, səhhəti ilə bağlı problem yaşayan məhbuslar əfv edilsin. Elə məhbuslar var, artıq babadırlar, nəvələri var, amma hələ də həbsdədirlər. Ahıl yaşlıların, xəstə məhbusların, “ömürlüklər”in və əlbəttə ki, islah olunanların əfv edilməsini, ailələrinə qovuşmasını arzulayırıq. Bizim üçün bu, həmişə gündəmdə olan mövzudur, bu istiqamətdə də çalışırıq.

S.Bənənyarlı “siyasi məhbus” siyahısı ilə bağlı mövqeyini açıqladı:

- Hazırda xarici ölkələrdə fəaliyyət göstərən bəzi QHT-lər, müxtəlif təşkilatlar, yeni siyasi məhbus siyahısı tərtib edir, siyasi məhbusların sayını çox göstərməyə cəhd edirlər. Hesab edirəm ki, süni şişirtmələrə ehtiyac yoxdur. Biz Azərbaycanda çalışan insan hüquqları üzrə qeyri-hökumət təşkilatları əvvəlki “siyasi məhbus” siyahısı üzərindən işləyirik. Bu siyahıda da təxminən 30-a yaxın məhbusun adı var. Bu siyahıda elə məhbuslar var ki, onların əfv olunmasını istəyirik. Lakin mən konkret ad çəkməyəcəm. Çünki kiminsə adı çəkilməsə, bunu ayrı-seçkilik kimi qələmə verəcəklər. Hər kəsin adını qeyd etməksə mümkün deyil. Həm də hansısa məhbusun adı çəkiləndə o insanda, ailəsində ümid yaranır. Ümidlərin doğrulmaması ilə insanlara əzab verir. Odur ki, biz sadəcə, bizə daxil olan müraciətlərin tərəfimizdən cənab Prezidentə ünvanlandığını bildiririk. Ailələrin gözü yoldadır. İnanırıq ki, budəfəki əfv fərmanı daha çox məhbusu əhatə edər, həssas durumda olan məhbuslar da əfv edilər, azadlığa çıxar.

Mənbə: sherg.az