Qarabağ münaqişəsi regionun inkişafına maneə yaradan əsas faktor idi.
Bununla bağlı 44 günlük Vətən müharibəsinədək kifayət qədər fikirlər səslənib. Reallıq ondan ibarətdir ki, Ermənistanın apardığı işğalçılıq siyasəti onları Cənubi Qafqazın ən kasıb və xarici güclərdən asılı dövlətinə çevirmişdi.
Ermənistandakı sosial-iqtisadi vəziyyət bütün deyilənlərin sübutu, göstəricisidir. Azərbaycan isə Cənubi Qafqazın ən güclü və iqtisadiyyatı inkişaf etmiş ölkəsidir. Bölgənin söz sahibi dövlətlərindən biridir. Vətən müharibəsi zamanı da Azərbaycanın 5-ci nəsil silahlara sahib olması, döyüşdə istifadə olunan texnikalar ölkənin iqtisadi və hərbi gücünü bütün dünyaya göstərdi.
Qeyd etmək lazımdır ki, Qarabağ müharibəsi döyüşlərin baş tutduğu regionların iqlimi və şərait baxımından həm də “bahalı müharibə” hesab olunurdu.
Artıq müharibə bitib və bölgədə sülhə doğru ilkin addımlar atılıb. Bu, həm də region üçün yeni imkanlar deməkdir. Postmüharibə dövrü doğurdan da yeni imkanlar açıq. 10 noyabr Bəyanatında da qeyd olunduğu kimi, postmüharibə dövründə əsas işlərdən biri də məhz iqtisadi inkişafın dəstəklənməsi üçün infrastruktur və kommunikasiya xətlərinin açılmasıdır.
Ümumiyyətlə, hazırkı vəziyyət əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır.
Bu da Avrasiyanın yeni bir nəqliyyat damarının açılması deməkdir. Təbii ki, bu məsələdə əsas olan bölgə dövlətlərinin mövqeyi və maraqlıdır. Bölgənin aparıcı ölkələrinin isə bu məsələdə mövqeyi üst-üstə düşür.
Azərbaycan Prezidentinin Türkiyə, Rusiya və İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsidə bunu deməyə əsas verir. Reallıq ondadır ki, bu məsələdə adıçəkilən dövlətlərin mövqeyi ortaqdır.
Bəs Ermənistan? Bəllidir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il müddətində bütün beynəlxalq layihələrdən kənarda qalıb. Prezident İlham Əliyev xalqa müraciətində də bu məsələyə toxunmuşdu və birmənalı olaraq Azərbaycanla düşmənçiliyin Ermənistanı tənəzzülə apardığını vurğulamışdı.
Posmüharibə dövrü bu baxımdan Ermənistan üçün də müstəsna şərait yaradıb. Ermənistan müharibədən məğlub çıxan ölkədir və faktiki olaraq ölkədə siyasi böhran və iqtisadi tənəzzül hökm sürür.
Çıxış yolu isə yalnız bölgə dövlətlərinin ortaq mövqeyi olan layihələrdə eyni yanaşma göstərməsidir. Ermənistan əgər bu məsələdə eyni yanaşma göstərərsə, o zaman təbii ki, prosesin tərkib hissəsi ola bilər. Əslində Ermənistanın başqa çıxış yolu da yoxdur. Amma Ermənistan yenidən aqressiv siyasətə meyil göstərmək marağında olsa, yenidən beynəlxalq layihələrdən kənarda qalacaq və bir dövlət kimi varlığı sual altına düşəcək.
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistan bu şansdan istifadə etməsə, yenidən regional layihələrdən təcrid olunacaq:
“Ümumiyyətlə, Ermənistanın iqtisadi inkişafı problemli olacaq. İnfrastruktur hər kəsin xeyrinə olan məsələdir. Amma gərək ilk növbədə həmin imkanlardan istifadə etmək marağında və imkanında olasan. Əgər istək yoxdursa, təbii ki, xeyri də yoxdur. Amma infrastrukturdan istifadə edirsənsə, bu inkişafa fayda verir”.
Vilayət Muxtar
Mənbə: cebhe.info