Rusiya Ermənistanı niyə silahlandırır? “Bu, Rusiyanın imperialist siyasətindən irəli gəlir” - AÇIQLAMA

Rusiya Ermənistanı niyə silahlandırır? “Bu, Rusiyanın imperialist siyasətindən irəli gəlir” - AÇIQLAMA

Rusiya Qarabağ məğlubiyyətindən sonra Ermənistana hərbi yardımı intesivləşdirib.

Ermənistan KİV-in verdiyi məlumata görə, Rusiyadan Ermənistana hərbi yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.

Martın 1-də axşam Rusiyanın Rostov-na-Donu şəhərindən Yerevana “İL-76” hərbi nəqliyyat təyyarəsi eniş edib. Ümumilikdə, son 2 gündə Rusiya Hərbi Kosmik Qüvvələri Yerevana 6 reys həyata keçiriblər. Həmin reyslərin 5-i “İL-76”, 1-i isə “AN-124” təyyarəsi vasitəsilə edilib.

Bir yandan böyük sülhdən, region ölkələrinin “altılıq” formatında əməkdaşlığından, Mehri dəhlizi ilə böyük ticarət yolu layihəsindən danışan Rusiya, eyni zamanda Ermənistanı sürətlə silahlandırır. Bu yaxınlarda Baş nazir Nikol Paşinyan Ermənistan ordusunun rusiyalı mütəxəssislərin iştirakı ilə modern şəkildə yenidən qurulmasına başlanıldığını deyib.

Son günlər Ermənistan cəmiyyətində qisas hissini alovlandırmaq, 44 günlük Vətən müharibəsindəki məğlubiyyətin nəticələri ilə barışmayan qüvvələrin hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmək cəhdləri də Kremlin ssenarisi hesab edilir.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirdi ki, Rusiyanın Ermənistanı silahlandırması perspektivdə regionda növbəti münaqişə yaratmağa xidmət edir.

“Rusiya həmçinin Ermənistanda öz mövqelərini gücləndirməklə müəyyən bir prosesdə bölgədə nizamın formalaşmasında öz rolunu saxlamış olur. Bu nöqteyi-nəzərdən Ermənistanda Rusiya həm Ermənistandakı hərbi bazasını gücləndirir, həm də bu ölkəni silahlandırır. Təbii ki, Kremlin bu siyasəti Cənubi Qafqazda sülhü və sabitliyi birbaşa təhdid edir. Həmçinin 2020-ci il noyabarın 10-da imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsində Rusiya maraqlı görünmədiyini büruzə verir.

Əgər regionda sərhədlərin, kommunikasiyaların açılması baş verəcəksə, Ermənistanın silahlandırılması yolverilməzdir. Bu, gələcəkdə birbaşa hərbi qarşıdurmaya rəvac verə bilər. Ermənistan elə bir ölkədir ki, onun silahlandırılması bir neçə il sonra Azərbaycana və Türkiyəyə qarşı təhlükə yarada bilər. Çünki Ermənistanda revanşist qüvvələr var. Bu proses iki əsrdir davam edir. Kreml də bunu əsas götürərək Nikol Paşinyan hakimiyyətini müvəqqəti hesab edir. Ermənistanı silahlandırmaqla növbəti mərhələdə yeni təxribatçı, təcavüzkar prosesə başlamaq istəyirlər. Düşünürəm ki, Ermənistan vətəndaşları da ikinci Qarabağ müharibəsindən nəticə çıxartmalıdır.

Azərbaycan və Türkiyə artıq əvvəlki ölkələr deyil. Azərbaycan bundan sonra da müasir silahlarla daha artıq silahlanacaq. Sadəcə olaraq, Rusiyanın Ermənistana müasir silahlar verməsi Azərbaycana qarşı yönəlib. Azərbaycan Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində öz suverenliyini bərpa etməyənə qədər Rusiya bu prosesi körükləməyə çalışacaq. Ona görə də Azərbaycan Laçın dəhlizində hərbi postlar və sərhəd-buraxılış məntəqəsi yerləşdirməlidir. Azərbaycan beş ildən sonra dəhlizdən Rusiya sülhməramlılarının çıxarılmasını tələb etməlidir.

Ancaq onu da qeyd edim ki, Rusiya Ermənistanı 30 il ərzində müasir silahlarla təchiz edə bilmədisə, bundan sonra da edə bilməyəcək. Sadəcə, gələcəkdə regionda vəziyyəti mürəkkəbləşdirməyə və sabitliyi pozmaq üçün strategiya hazırlayırlar. Bu, Rusiyanın imperialist, şovinist siyasətindən irəli gəlir. Lakin Azərbaycanın yeni silah müqavilələri imzalaması, Türkiyədən, İsraildən müasir silah növləri almaq istəyi rəsmi Bakı Rusiyanın planlarından xəbərdardır.

Prezident İlham Əliyevin ötən həftə mətbuat konfransında söylədiyi fikirlər də göstərdi ki, Azərbaycan NATO standartlarına uyğun ordu yaratmaq fikrindədir.

Görünür, Rusiyanın bu siyasəti Azərbaycan dövləti tərəfindən narahatlıqla qarşılanır. Azərbaycan preventive addımlar atmaqla bunun qarşısını ala bilər. İmzaladığı sənədləri mürəkkəbi qurumamış pozmaq Rusiya siyasaətinə xas olan cəhətdir. Biz bunu 10 noyabr bəyanatına münasibətdə də gördük. Ona görə də imkan vermək olmaz ki, Rusiya Ermənistanın əli ilə növbəti təxribata əl atsın”.

Müşfiq Abdulla

Mənbə: cebhe.info