Çökən Ermənistan üçün son şans: “Başqa seçimləri yoxdur” - ŞƏRH

Çökən Ermənistan üçün son şans: “Başqa seçimləri yoxdur” - ŞƏRH

Ermənistanda siyasi böhran getdikcə dərinləşir.

Mövcud vəziyyəti ələ almaq üçün Baş nazir Nikol Paşinyan yeni vədlərlə çıxış edir, oktyabrda referenduma gediləcəyini bildirir. Təbii ki, Ermənistandakı böhran yalnız siyasi olmayıb, ən çox da sosial- iqtisadi durumla bağlıdır.

Onsuz da xarici borcların girdabında boğulan bir ölkənin müharibəyə girməsi başından səhv addım idi. ll Qarabağ savaşı ilə Ermənistan demək olar ki, mövcud resurslarını da itirdi. İndi onun yeganə ümidi, Türkiyə və Azərbaycanla əməkdaşlığa, Mehri dəhlizinin açılmasına və kommunikasiya xətlərinin fəaliyyətinin reallaşdırılmasına qalıb.

Görünən odur ki, hələlik revanşist qüvvələr bu məsələdə Paşinyana mane olmağa çalışırlar. Lakin Paşinyanın oktyabr ayınadək vaxt qazanmaq istəyi də çox şeydən xəbər verir.

“Paşinyan idarəetməni də təkmilləşdirmək istəyir”

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistanda Baş nazir Nikol Paşinyan artıq təşəbbüsü ələ almaq istiqamətində addımlar atır, yəqin ki, buna da nail olacaq:

“Ermənistanda ilk növbədə hakimiyyət böhranı aradan qaldırılmalıdır. Paşinyan ölkədə vəziyyəti öz əlinə almağa çalışır. Lakin ona əngəllər yaradırlar. Bəzi xarici ölkələr də, içəridən də “Qarabağ klanı”, hərbçilər daxil olmaqla, Paşinyana əngəl olmağa çalışırlar. Paşinyan isə xeyli təşəbbüslər edir. Məsələn, referendum keçirmək, parlament seçkiləri keçirmək, ölkədə yarımprezidentlik üsul- idarəsinə keçmək kimi təşəbbüslər bura daxildir. Yəni Paşinyan idarəetməni də təkmilləşdirmək istəyir. Baxaq, görək Paşinyanın irəli sürdüyü təşəbbüslər nəticə verəcəkmi? Nəhayət, arabanın təkərinə daş qoyanlar ağıllanıb, ölkənin inkişafı istiqamətində düşünəcəklərmi? Hələlik belə görünür ki, mitinq azarına tutulmuş müxalifət nümayəndələri hərəsi bir hava çalır. Belə görünür ki, Paşinyan təşəbbüsü ələ almaq istiqamətində addımlar atır, prezidentlə münasibətləri qaydaya salmağa çalışır və ya buna nail olub. Bundan sonra proseslər müəyyən düzənə daxil ola bilər”.

“Yalvara- yalvara gələcəklər”

Politoloq hesab edir ki, Ermənistanın Türkiyə və Azərbaycanla əməkdaşlıqdan, kommunikasiya xətlərinin açılmasında başqa alternativi yoxdur:

“Dünənədək ermənilər diz çöküb yalvarırdılar ki, sərhədləri açaq, kommunikasiya xətlərini bərpa edək, bölgənin inkişafına nail olaq. İndi də Paşinyana mane olmağa çalışanlar deyirlər ki, yox, Mehri dəhlizini açmaq olmaz, bu Türkiyənin xeyrinədir. Eləcə də kommunikasiya xətlərinin açılmasının Azərbaycanın xeyrinə olduğunu əsas gətirərək, reallaşmasını istəmirlər. Hər halda Rusiya bu məsələdə nümunə göstərməlidir. Çünki Ermənistan Rusiyanın bir quberniyası kimidir. Kommunikasiya xətlərinin açılması və Mehri dəhlizinin açılmasını da Rusiya irəli sürmüşdü. Rusiya isə hələlik Ermənistana təzyiq göstərmir. Sanki kənardan seyr edib, qarşıdurmanın nə ilə yekunlaşacağını gözləyir. Lakin bütün bunlara baxmayaraq, Ermənistanın Türkiyə və Azərbaycanla əməkdaşlıqdan başqa alternativi yoxdur. Türkiyə ilə sərhədlərin açılması da onlara hava və su kimi vacibdir. Bir müddət sonra bu layihələrin reallaşması üçün yalvara- yalvara gələcəklər. Özləri də dəqiq bilirlər ki, bu xətt onların iqtisadiyyatı üçün də, Ermənistanın maddi rifah halı üçün də ən vacib amillərdən biridir”.

Əli Bədir

Mənbə: cebhe.info