Qardaş Türkiyə Qarabağdakı yenidənqurma işlərində yaxından iştirak edir

Qardaş Türkiyə Qarabağdakı yenidənqurma işlərində  yaxından iştirak edir

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirləri işıqlandırmaq üçün ölkəmizdə olan 30-dan çox xarici KİV nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı 4 saatdan çox davam etdi. Bu müddət ərzində dövlətimizin başçısına 50-yə yaxın sual ünvanlandı. Azərbaycan Prezidenti mətbuat konfransında natiqlik məharətini nümayiş etdirərək bütün suallara səlis, əsaslı arqumentlərlə, məntiqli cavablar verdi, güclü liderlərə, böyük dövlət xadimlərinə xas peşəkar xüsusiyyətləri ilə xarici media nümayəndələrini bir daha heyrətləndirdi.
Təbii ki, mətbuat konfransına nüfuzlu media qurumlarının nümayəndələrinin bu cür marağı da səbəbsiz deyildi. Son 17 ildə Azərbaycanın keçdiyi böyük inkişaf yolu, həyata keçirilən irimiqyaslı, qlobal əhəmiyyətli layihələr, regional və beynəlxalq platformalarda əldə edilən nailiyyətlər, Vətən müharibəsində qazanılan şanlı Qələbə... Bütün bunlar birmənalı olaraq Azərbaycana, onun liderinə olan böyük hörmət və rəğbəti şərtləndirən əsas amillərdir. Artıq dünya dövlətləri Azərbaycanın gücünü görür və qəbul edir, həmçinin etibarlı tərəfdaş kimi ölkəmizin təşəbbüsü ilə reallaşdırılan layihələrdə iştiraka, Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərirlər. Təbii ki, məhz elə bu amillər regional siyasəti müəyyənləşdirən Azərbaycana beynəlxalq medianın da diqqətini artırıb və mətbuat konfransına olan böyük maraq bunun göstəricisi idi.
Mətbuat konfransında media nümayəndələrini maraqlandıran əsas suallar İkinci Qarabağ müharibəsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması istiqamətində Qarabağda həyata keçiriləcək layihələr, Ermənistandakı hazırkı vəziyyət, yeni əməkdaşlıq imkanları ilə bağlı oldu. Bu da təbiidir. Azərbaycan 30 il ərzində həllini tapmayan münaqişəni öz gücü hesabına həll etdi. Məhz Azərbaycan Prezidentinin qətiyyəti, güclü iradəsi sayəsində Dağlıq Qarabağ münaqişəsi həllini tapdı. Lakin dünyada hələ də həllini tapmayan münaqişələr var. Bu səbəbdəndir ki, Azərbaycanın bu sahədəki təcrübəsi də bir sıra ölkələr üçün olduqca maraqlıdır.
Qeyd olunmuşdur ki, bütün vaxtlarda dost və qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, şanlı Qələbəmizin əldə edilməsində qardaş dövlətin çox böyük dəstəyi olmuşdur. Indi işqaldan azad edilən torpaqlarımızın bərpası prossesinə start verilib. Bu işlərin həyata keçirilməsində ilk növbədə dost ölkələrin, birinci növbədə isə Türkiyə şirkətləri yaxından iştirak edəcəkdir. Bu işlər birgə görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaqdır. Onlar inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində iştirak edəcəklər.
Ölkə başçısı qeyd etmişdir ki, ilk kontraktlar məhz Türkiyə şirkətləri ilə imzalanıb. Həyata keçiriləcək işlərin həcmi çox böyükdür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti ilə də dəfələrlə müzakirələr aparıblar. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətə başlamışlar. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Bu sahədə birgə əməkdaşlıq hər iki dövlətin əlaqələrinin daha da möhkəmlənməsinə səbəb olacaqdır.
Metin Hüseynov - politoloq

Mənbə: teref.az