Müharibə konsepsiyasının gələcəyinə böyük bir pəncərə: PUA-ların istifadəsi XXI əsr müharibəsinin izlərini göstərir

Müharibə konsepsiyasının gələcəyinə böyük bir pəncərə: PUA-ların istifadəsi XXI əsr müharibəsinin izlərini göstərir

Ermənistan və Azərbaycan arasında uzun sürən Qarabağ münaqişəsi çərçivəsində baş verən qanlı döyüşlər müasir müharibələrdə texnologiyanın böyük əhəmiyyətə sahib olduğunu bir daha sübut etdi və XXI əsrin bütün müharibələrini təmsil edən geosiyasi çalarları ortaya çıxardı. Münaqişə sona çatdı, daha yaxşı silah və texnikalarla təchiz olunan Azərbaycan ordusu Qarabağı işğaldan azad etdi və Ermənistan silahlı qüvvələrini strateji əhəmiyyətli ərazilərdən çəkilməyə məcbur etdi. Bu nəticə ona görə mümkün oldu ki, Azərbaycan ucuz qiymətə, yüksək texnologiyalı Türkiyə və İsrail PUA-ları ilə döyüş meydanında bir sıra təsirli qələbələr qazandı və ermənilərin Sovetdən qalma texnikalarını məhv etdi.


Qərb mütəxəssislərinin fikrincə, altı həftəlik qarşıdurma və onun nəticələri ABŞ üçün narahatlıq doğurmalıdır, çünki Rusiya və Türkiyə atəşkəs razılaşmasını əldə etmək üçün diplomatik rıçaqlarını istifadə edərkən Vaşinqton danışıqlarda heç bir rol oynamadı.

Onların sözlərinə görə, müharibənin əsas mirası böyük və kiçik, zəngin və yoxsul dövlətlərin problemlərini həll etməsi üçün qabaqcıl silahlar əldə etməsi ola bilər.

Lakin Beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi olaraq tanınan Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqının dağılmasından sonra genişmiqyaslı müharibə ilə müşayiət olunmuşdu, həmin müharibədən sonra “dondurulmuş münaqişə” olaraq müəyyən edilirdi, lakin bir neçə həftə içərisində münaqişə öz həllini tapdı.


PUA-lar isə müharibədə oyun dəyişdirici olduğunu sübut etdi və 1994-cü ildə Qarabağdakı qarşıdurma zamanı Azərbaycanın torpaqlarını işğal edən Ermənistanın məğlub olmasına və ciddi itkilər verməsinə səbəb oldu. Bu, Ermənistan Baş naziri Nikol Paşinyanı ölkəsində geniş etirazlara səbəb olan “danışılmaz dərəcədə ağrılı” güzəştlərə getməyə vadar etdi.

“Yüngül zirehli və bəzi modernləşdirilmiş tankları olan Azərbaycanın mobil piyada dəstələri, Türkiyənin “Bayraktar TB2” döyüş PUA-ları, İsrail istehsalı olan qarışıq döyüş sursatları və uzun mənzilli top və raketlərlə təchiz olunmuşdu”, - deyə rus hərbi analitik Pavel Felqenhauer qeyd edir. O qeyd edir ki, Azərbaycanın hədəf məlumatları İsrail və Türkiyə istehsalı olan PUA-lar tərəfindən təmin edilirdi və bu da Azərbaycan hərbi komandanlığına daima dəyişən döyüş vəziyyətinin dəqiq bir mənzərəsini verirdi: “Erməni qüvvələri daim çaşqınlıq içində idilər”.

Noyabarın 10-da imzalanan saziş Azərbaycana son döyüşlərdə azad edilmiş Qarabağın dağlıq hissəsinə bitişik ərazilərə və strateji hissələrə nəzarəti təmin etdi.

Bununla da, ekspertlər quru müharibəsinin yeni bir dövrə qədəm qoyduğunu qəbul edirlər.


ABŞ-da yerləşən Sülh İnstitutunun Qarabağ üzrə baş məsləhətçisi Ann Filips qeyd edir ki, döyüşlərin çox hissəsi PUA-lar və artilleriya ilə aparılıb: “Bakı ordusunu qurmağa əhəmiyyətli dərəcədə sərmayə qoyub və bu müharibədə üstünlük qazanmaq üçün Türkiyə və İsraildən inkişaf etmiş PUA-lar əldə etmişdi”.

O bildirir ki, 94-də bitən əvvəlki müharibə ilə müqayisədə bu dəfəki müharibənin fərqi Azərbaycanın uğuru üçün vacib olan silahlı PUA-lar idi. Filips PUA-ların daha az itki ilə qələbə qazanmağa şərait yaratdığını vurğulayır.

Həqiqətən də, hərbi müşahidəçilər və xarici analitiklər, dövlət və qeyri-dövlət aktorlarının getdikcə uzaqdan idarə olunan PUA-larla və Süni Zəka dəstəkli silahlarla müharibə aparmaqlarından narahatlıq keçirir. Ən azından orta səviyyəli orduya malik olan bir çox dövlət özləri üçün nisbətən az risk altında əhəmiyyətli itki verə biləcək nəqliyyat vasitələri və silahlara sahib ola bilər.

Analitiklər, eyni zamanda son münaqişəni tankların və digər ənənəvi quru döyüş maşınlarının artıq döyüş meydanında həlledici amillər olmamasının daha bir nümunəsi kimi görürlər. Müharibə boyunca Azərbaycan PUA-ların, artilleriya və qırıcılarla qarşı tərəfin quru nəqliyyat vasitələrini məhv edə bilməsi ilə öyündü.


Azərbaycan, xüsusən də PUA-lar erməni tanklarının vurulmasını əks etdirən görüntüləri mütəmadi olaraq sosial mediada yayımladı. Müharibə eyni zamanda kiçik zərbə PUA-ları ilə mübarizə aparmağa, quru nəqliyyat vasitələri və birliklərini qorumaq üçün müdafiə sistemlərinə böyük ehtiyac olduğunu da ortaya çıxardı.

Daha böyük nəticələr

Qarabağda baş verən müharibə sürətlə Avropanın, Asiyanın və Yaxın Şərqin bəzi yerlərini əhatə edən böyük bir geosiyasi tapmacanın bir parçası oldu. Liviyadakı vəkalət müharibəsində qapalı olan və müharibə aparmış Suriyanın bəzi bölgələrində keşik çəkən qoşunları olan Rusiya və Türkiyə, vəziyyətdən siyasi cəhətdən faydalanmağa çalışsa da, Azərbaycan-Ermənistan müharibəsinin böyüməməsini təmin etməyə tələsdilər.

Türkiyə Azərbaycanın güclü müttəfiqidir, Rusiya isə Ermənistanın ən güclü tərəfdarıdır.

Hər iki xalq danışıqlar prosesi zamanı nüfuz qazandı. Ankara özünü yüksələn bir güc kimi göstərdi və Moskva lider regional güc vasitəçisi statusunu möhkəmləndirdi. Ancaq Azərbaycanın açıq hərbi uğurları Ermənistanın dəyişməz hərbi müdafiəsi üçün hər zaman Rusiyaya etibar edə biləcəyinə şübhə etməsinə səbəb ola bilər.


“Günün sonunda tərəflərə barışıq tətbiq edən Rusiya Prezidenti Vladimir Putin idi. Bunu tətbiq edəcək Rusiya sülhməramlılarıdır. Bu, Moskvaya yeni bir təsir rıçağı verir”, - deyə ABŞ-ın Ukraynadakı keçmiş səfiri və Atlantik Şurasında Avrasiya Mərkəzinin direktoru Con Herbst bildirir.

O qeyd edir ki, bu Türkiyə bölgədəki təsirini gücləndirsə də, bu, Kremlin diplomatik qələbəsi kimi qiymətləndirilir: “Lakin Moskva, ABŞ-ın nizamlanmada həlledici rol oynamadığından da təsəlli tapacaq”.

Doğrudan da, Tramp administrasiyasının atəşkəsi təmin etmək səyi nəticəsiz qaldı və Putin Kremlin Vaşinqtonun uğursuz olduğu bir razılaşma qabiliyyətini qələbə olaraq görəcək.

Bu arada, Türkiyə bölgədə xarici diplomatik və hərbi rol oynamaq niyyətində olduğunu açıqladı. Türk rəsmiləri sülh müqaviləsinin Azərbaycan üçün Böyük bir Zəfər olduğunu ifadə etdilər.

Analitiklər Qafqazdakı müharibəni Rusiya ilə Türkiyə arasında başqa bir vəkalət müharibəsi kimi görməməyə dair xəbərdarlıq edirlər və iki tərəf arasında on illərdir davam edən gərginliyin bunun üçün əsas sürətləndirici faktor olduğunu vurğulayırlar.

Firuz Bağırov

 

Mənbə: ordu.az