Xüsusi təyinatlılarımız “Dağlarda toy”u düşmənin yasına çevirdi: Məxfilik qrifi götürüləcək – ŞƏRH

Xüsusi təyinatlılarımız “Dağlarda toy”u düşmənin yasına çevirdi: Məxfilik qrifi götürüləcək – ŞƏRH

Azərbaycan xüsusi təyinatlı dəstələrinin ən mürəkkəb relyefdə Şuşaya hücum əməliyyatı hələ çox müzakirə olunacaq. Taktika, dözüm, səbr, yüksək fiziki və psixoloji hazırlıq – igidlərimizdə hamısı var idi.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Artak Davtyan da Şuşa əməliyyatından şoka düşən erməni hərbçilərdəndir.

O bu yaxınlarda müsahibəsində bildirib: “Şuşada nə baş verdi? Düşmən oraya necə gəldi? Bu sualın cavabı hətta Şuşada olan hərbçilər üçün də aydın deyil”.

Ona görə aydın deyil ki, Şuşaya hücum əməliyyatı ermənilər üçün gözlənilməz idi.

Şuşaya gedən əməliyyat yolu

Şuşanın yerləşdiyi coğrafiya hərbi əməliyyatların tempini və çevikliyini mürəkkəbləşdirirdi. Ona görə də Ermənistan ordusunda Şuşanın alınmaz qala olmasına dair fikirlər hakim idi.

Ancaq qəfil və gözlənilməz mövqelərdən hücumlar ermənilərin təəssüratını dəyişir. Artıq noyabrın əvvəllərində Azərbaycan əsgərləri Şuşaya girmişdi, şəhərdə küçə döyüşləri gedirdi.

Rus jurnalistin kadrlarına düşən erməni hərbçilər ağızdolusu öz “qəhrəmanlıqlarından” danışarkən qəfildən Azərbaycan hərbçilərini görürlər və qaçmağa başlayırlar.

Azərbaycan xüsusi təyinatlı qoşunları necə deyərlər mümkünsüzü mümkün etdilər.

Şuşa döyüşləri üçün hazırlanan taktika unikal və peşəkar əməliyyat planı idi.

Prezident İlham Əliyev fevralın 26-də yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Şuşanın işğaldan azad edilməsi üçün keçirilən əməliyyatları yüksək qiymətləndirib.

“Onlar (ermənilər) bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər”, - deyə Prezident söyləyib.

İlham Əliyev qeyd edib ki, Şuşanın alınması ümumiyyətlə, ayrıca dastandır.

Dövlət başçısı bildirib ki, Şuşa əməliyyatı ilə bağlı zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq.

Hazırda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə Prezident İlham Əliyev “Qələbə yolu” adını verib. Səbəb budur ki, Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər.

2020-ci ilin noyabrın 8-də Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyevə zəng edərək, Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə təbrik edib.

“Dağlarda toy” yasa döndü

1992-ci ilin mayın 4-də düşmən Şuşaya hücumlara başlayıb, mayın 8-də ilə Şuşa işğal edilib.

Şuşa üzərinə hücum əməliyyatını o zaman ermənilər “Dağlarda toy” adlandırırdılar.

Lakin bu “toy” 29 ildən sonra ermənilər üçün yasa çevrildi, Şuşada qalaqlanmış erməni hərbçilərin meyitləri, qorxub qaçanlar – bunlar tarixi ədalətin bərqərar olmasının təzahürləri idi.

Aqşin Kərimov

Mənbə: www.oxu.az