Qarabağda davam edən infrastruktur layihələr: “Görüləcək işlər bir neçə mərhələyə bölünüb” – Partiya sədri

Qarabağda davam edən infrastruktur layihələr: “Görüləcək işlər bir neçə mərhələyə bölünüb” – Partiya sədri

“Biz Qarabağı cənnətə çevirəcəyik”. Bu ifadə Prezident İlham Əliyevə məxsusdur.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad etdiyi əzəli torpaqlarında infrastruktur layihələrinin icrasına başladı. Artıq bəzi yerlərə yol çəkilib, gediş-gəliş üçün şərait yaradılıb. Təbii ki, infrastruktur layihələrinin icrasında müəyyən çətinliklər var ki, bu da Ermənistanın işğal etdiyi ərazilərdə çox sayda minaları basdırması ilə bağlıdır. Hazırda ərazilərin minalardan təmizlənməsi prosesi də aparılır.

Azərbaycan işğaldan azad etdiyi torpaqlarda quruculuq işlərinə sürətli bir şəkildə davam edir. Qarabağda çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olacaq. Hazırda Füzulidə aeroport tikintisinə başlanılıb. Laçın və Zəngilanda da hava limanının tikintisi ilə bağlı işlər aparılır. Bildirilir ki, bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlər də edilib.

Təbii ki, Prezidentin bu qərarı çox önəmlidir. Bu, Qarabağ regionunun təhlükəsizliyi baxımından da əhəmiyyətli olaraq, bütün bu infrastruktur layihələrinin icrasında sonra Qarabağ inkişaf mərhələsinə qədəm qoyacaq.

Qarabağ mədəniyyətin, incəsənətin mərkəzində turizmin də əsas mərkəzinə çevriləcək. Qarabağda aparılan quruculuq işləri, bölgənin geniş potensialı gələcəkdə Qarabağda azad iqtisadi zona məsələsini də gündəmə gətirə bilər. Nəzərə alsaq ki, bunun üçün Qarabağ regionun kifayət böyük potensialı var, qısa zamanda müsbət nəticələrini də görmək mümkün olacaq.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, ümumiyyətlə, görüləcək işlər bir neçə mərhələyə bölünüb:

“Ardıcıllıq belədir ki, ilk növbədə ərazilər minadan təmizlənməlidir, qiymətləndirmə aparılmalıdır və infrastruktur işləri görülməlidir. Paralel olaraq minalardan təmizlənmiş ərazilərdə infrastruktur layihələri həyata keçirilməlidir. Yol çəkilməlidir, kommunal xətlər qurulmalıdır. Eyni zamanda ərazidəki vəziyyət nəzərə alınaraq hava limanları tikilməlidir. Yol çəkilişləri də davam edir”.

Partiya sədri hesab edir ki, hazırda turizmdən danışmaq tezdir:

“Çünki orada hələ yaşayış yoxdur, infrastuktur qurulmayıb. Digər tərəfdən işğaldan azad olunan ərazilərdə kənd təsərrüfat üçün əhəmiyyətli torpaqlar var, ondan istifadə etmək lazımdır. Bu ərazilərdə su qaynaqları var ki, bundan istifadə etməklə enerji satışını təşkil etmək olar. Eyni zamanda da turizmi inkişaf etdirmək olar. Amma buna qədər hələ görüləcək çox işlər var. Təbii, əvvəlcə infrastruktur layihələri icra olunmalıdır ki, sonra bu məsələlərin üstünə gedilsin. Yəni orada yaşayı, infrastruktur olmasa, heç kim, nə yerli, nə də xarici investor gəlib turizm məskəni salmayacaq. Ona görə də ilk növbədə bu məsələ həll olunmalı və məskunlaşma aparılmalıdır”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info