Paşinyan üçün “xilas kəməri”: “Bu layihə baş tutsa...” - Oqtay Qasımov

Paşinyan üçün “xilas kəməri”: “Bu layihə baş tutsa...” - Oqtay Qasımov

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədəki vəziyyəti ələ almaq üçün manevrlər etməsi geniş müzakirələrə səbəb olub.

Öncə “İsgəndər” raketi ilə bağlı verdiyi açıqlamasını təkzib edən Baş nazir, daha sonra konstitusion dəyişikliklərə gedəcəyini və oktyabr ayında referendum keçirilə biləcəyini açıqlamaqla dividend qazanmağa çalışıb.

Paşinyan eyni zamanda prezident Armen Sarksiyanla münasibətləri düzəltmək üçün Parlament üsul-idarəsindən yerımprezident idarə üsuluna keçiləcəyini də bildirib.

“Mitinqdə Paşinyanın adamları daha çoxdur”

Maraqldır, Ermənistan daxilində barışığa nail olacaqmı? Paşinyan oktyabr ayınadək hansı addımları atmaq niyyətindədir?

Cebhe.info-ya açıqlamasında mərhum Prezident Əbülfəz Elçibəyin köməkçisi, “Elçibəy İnstitutu” İctimai Birliyinin rəhbəri, politoloq Oqtay Qasımov deyib ki, Paşinyan ordunun “yerində oturdulması”na nail olsa və siyasi proseslərə qarışmasının qarşını ala bilsə onun hakimiyyətinə təhlükə azalacaq:

“10 noyabr anlaşmasından sonra Ermənistanda siyasi vəziyyət çox ciddi şəkildə kəskinləşib və müxalifət bügünədək davamlı mitinqlər keçirir. Amma müxalifətin çox ciddi dəstəyi yoxdur. Bu etiraz aksiyaçılarının sayında da özünü göstərir. Paşinyanın mitinqə cəlb etdiyi insanların sayı müxalifət tərəfdarlarından daha çoxdur. Son günlərdə “Qallup” Araşdırma Mərkəzinin keçirdiyi sorğulara əsasən, Paşinyanın Ermənistan cəmiyyətindəki dəstəyi və populyarlığı 30 faizin ətrafındadır. Bu baxımdan Paşinyan, hətta keçmiş president Robert Köçəryandan da öndədir.

Nikol Paşinyan özünü qanuni hakimiyyətin təmsilçisi hesab edir və bu həqiqətən də belədir. Çünki Paşinyanın partiyası parlament seçkilərində 70 faizədək səs toplayıb və hökumət bu səslərin hesabına formalaşdırılıb. Amma müharibədən sonra Ermənistanın düşdüyü durumdan çıxış yolları da aranır. Müxalifət çıxış yolunu Paşinyanın istefasında görür, lakin gələcəyə yönəlik proqram da təqdim etmir. Bu plan da yoxdur. Paşinyan isə manevrlər edir və həm cəmiyyətdən, həm də xaricdən dəstək alır. Ermənistanda hərbçilərin etirazı ilə bağlı baş vermis hadisələrdə Rusiyanın barmağı olsa da, bu məsələdə Kremlin özü də açıq mövqe nümayiş etdirmədi. Bu, sadəcə Paşinyana “İsgəndər” raketi ilə bağlı təzyiq vasitəsi idi.

Paşinyan dekabrın sonlarında növbədənkənar prezident seçkiləri məsələsini ortaya atdı, onu bir müddət cəmiyyətin müzakirəsinə verdi. Sonra isə müxalifətin etirazından istifadə edərək, bunu yığışdırdı. İndi də oktyabr ayında referendumun keçirilməsi və ölkədə parlamentar sistemə yarımprezident idarəetməsinin qayıtması təklifi ilə çıxış etdi. Hesab edirəm ki, bu da ilk növbədə zaman qazanmaq istəyindən irəli gəlir. Bu da yenidən Ermənistanda idarəetmə və konstitusiya quruluşu ilə bağlı müzakirələrə səbəb olacaq”.

“Paşinyanı devirmək elə də asan olmayacaq”

Oqtay Qasımov hesab edir ki, Nikol Paşinyanın hakimiyyətdə qalmasında 10 noyabr anlaşmasını imzalayan dövlətlər də maraqlıdır:

“Digər tərəfdən, Ermənistanda hakimiyyət dəyişsə belə, kimsə 10 noyabr anlaşmasının şərtlərindən boyun qaçıra bilməz. Çünki bunun çox ağır nəticələri ola bilər. Məlumdur ki, Ermənistanda hərbçilərin istefa tələbindən sonra Türkiyənin də münasibəti ortaya gəldi. Türkiyə də hansısa anti-konstitusion çevrilişin əleyhinə olduğunu bildirdi və qanuni hakimiyyət olan Paşinyanı müdafiə etdi. Qərb də eyni mövqeyi sərgiləyir. Hesab edirəm ki, Paşinyanı devirmək elə də asan olunmayacaq. Paşinyan ordunun “yerində oturdulması”na nail olsa və siyasi proseslərə qarışmasının qarşının alınması istiqamətində işlər görərsə, onun hakimiyyətinə təhlükə azalacaq. Hazırda müxalifətin bütün ümidləri Ermənistan ordu rəhbərliyinin birbaşa, aktiv şəkildə siyasi proseslərə qatılması və tankları küçələrə çıxarıb hakimiyyəti devirməsinədir. Lakin hesab edirəm ki, Paşinyanın manevrləri öz nəticəsini verəcək”.

“Bu proses Paşinyanın əlini gücləndirə bilər”

Politoloq hesab edir ki, qazanılan 8 aylıq zaman kəsiyində kommunikasiya xətlərinin açılması və iqtisadi durumun nisbətən düzəlməsi Paşinyanın əlini gücləndirə bilər:

“Paşinyan mümkün qədər vaxt udmağa çalışır ki, hakimiyyətini saxlasın. Çünki qazanılan 8 aylıq zaman kəsiyində kommunikasiya xətlərinin açılması və iqtisadi durumun nisbətən düzəlməsi Paşinyanın əlini gücləndirə bilər. O zaman bunun Rusiya ilə münasibətlərə də təsiri olacaq. Paşinyan qazandığı 8 ay ərzində mümkün qədər müxalifətin arqumentlərini əlindən almağa çalışacaq. Eyni zamanda o, Ermənistan cəmiyyətini narahat edən bir çox məsələlərin həllinə nail olmağa çalışacaq. Azərbaycanda olan erməni əsirlərin və bizə qarşı terrorla məşğul olan ermənilərin geri qaytarılması məsələsi də bu addımların tərkibinə daxildir. İkinci Qarabağ savaşında itkin düşənlərin problemlərinin həlli ilə bağlı məsələlər Paşinyanın vəziyyətini xeyli düzəldə bilər. Vaxtın uzanması bir tərəfdən də buna hesablanıb. Eyni zamanda Naxçıvanla dəhliz İranla əlaqələri gücləndirə bilər. Türkiyə ilə sərhədlərin açılması iqtisadi vəziyyətin düzəlməsinə təsir edə bilər ki, bu da Paşinyanın durumunu Ermənistan cəmiyyətində yüksəldəcək. Eyni zamanda güc strukturlarına nəzarəti artırmaq da Paşinyanın planlarına daxildir. Bunu xüsusən də ordu haqqında demək vacibdir. O baxımdan Paşinyan mümkün qədər orduda nəzarəti ələ almağa çalışacaq”.

Mənbə: cebhe.info