"Elmar Hüseynovun qanı yerdə qalmamalıdır" - Müşfiq Ələsgərli

"Elmar Hüseynovun qanı yerdə qalmamalıdır" - Müşfiq Ələsgərli

"Həmkarımız Elmar Hüseynovun qətlə yetirildiyi gündür. Dövlətin ən üst qurumları səviyyəsində göstərilən bütün səylərə rəğmən, təəssüf ki, 2005-ci ildə törədilmiş bu məkrli qətlin müəlliflərini, sifarişçilərini tapıb cəzalandırmaq mümkün olmadı. Həmin dönəmdə regionun bir neçə ölkəsində, o cümlədən, Gürcüstanda, Ukraynada səsli-küylü jurnalist qətllərinin baş verməsi, ardınca həmin ölkələrdə siyasi təlatümlərin başlanması düşünməyə əsas verirdi ki, bu qətl də ciddi planların tərkib hissəsidir. Amma hər nə olursa olsun, bu qətllə bağlı açılmış cinayət işi qapanmamalı, Elmarın qanı yerdə qalmamalıdır".

Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar dünyada jurnalist qətlləri ilə bağlı sos siqnalı verirlər:

"Hesabatlardan bəlli olur ki, son 30 il müddətində dünyada 2658 jurnalist qətlə yetirilib. Hətta dünyanın "mədəni mərkızi" hesab olunan Avropa da bu bəladan xali deyil. 2658 qətldən 373-ü Avropa ölkələrində baş verib.

Təkcə son 5 il müddətində Avropada 41 jurnalist qətlə yetirilib, bunlardan 19 nəfəri Avropa Birliyinə daxil olan ölkələrin payına düşür.

Hazırda dünyada 238 nəfər jurnalist həbsdədir ki, onların da 91 nəfəri Avropanın payına düşür.

Təkcə son bir il ərzində jurnalistlərə qarşı 873 təhdid halı qeydə alınıb ki, bunlardan da 245-i Avropa ölkələrinin aktivinə yazılıb".

Mənbə: pia.az