3500 məzunun diplom qalmaqalı: “Məhkəmələr də imtina edir, Şeyx də..."

3500 məzunun diplom qalmaqalı: “Məhkəmələr də imtina edir, Şeyx də..."

Bakı İslam Universitetinin məzunlarına verilən diplomlarının tanınmaması ilə bağlı məsələ böyüyür.

Tələbələr bununla bağlı məhkəməyə müraciət edirlər. Təhsil Nazirlyi isə diplomların tanınmasına səbəb kimi universitetin 2010-cu ilədək lisenziyasız fəaliyyət göstərməsini əsas gətirir. Nazirlik bildirir ki, universitet tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb və məzunlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən təqdim edilməyib.

O cümlədən, Attestasiya Komissiyasının sədrləri də Təhsil Nazirliyi tərəfindən təyin edilməyib. BİU-ya qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib.

Ona görə də 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir.

Belə olan halda problemin həlli üçün hansı addımlar atılmalıdır? Çünki söhbət bir neçə min tələbədən gedir və onların universitetdə sərf etdiyi zaman, vəsait boşa getmiş olur.

Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib ki, 2009-cu ilədək dini təhsil müəssisələri üçün lisenziya tələb olunmayıb və bu halda da tələbələrə verilən diplom digər dövlət qurumları tərəfindən tanınıb:

"Təhsil Nazirliyi bəhanə edir ki, 2009-cu ilədək universitetin lisenziyası olmayıb. Bu doğrudur, amma burada nazirlik bir məsələni öz xeyrinə “unudur”. 2009-cu ilədək Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq, dini təhsil müəssisələri üçün lisenziya tələb olunmurdu. İndi nazirlik iddia edir ki, bizim nümayəndələrimiz onların qəbulunda iştirak etməyib. Amma demirlər ki, həmin ilə qədər qanunda belə bir şey öz əksini tapmayıb axı. Qanunda boşluq olub, yaxud başqa ad da qoya bilərik. 2009-cu ildə qanun qəbul olunandan sonra bütün prosedurlar müvafiq qaydalara uyğun olaraq keçirilib. Sadəcə, nazirliyin bu məsələdə qərəzi var. Amma qərəzin səbəbi məlum deyil.

Nazirlik fikirləşmir ki, universitetin diplomu tanınmasaydı, fəaliyyəti düzgün olmasaydı, 5 il müddətinə hərbi xidmətdən möhlət vermək hüququ, universiteti bitirənlərin 1 il hərbi xidmətdə olmaq kimi hüququ olmazdı, elmi-dissertasiya müdafiə edə bilməzdilər. Bunu həqiqətən düşünmürlər? Yəni bütün bunları Təhsil Nazirliyi görməməzlikdən gəlir".

O qeyd edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edilsə də, məhkəmələr işə baxmağı yubadır:

"3 500 məzun universitetə müraciət edib, universitet də Şeyx həzrətlərinə məsələni çatdırıb, o da Nazirlər Kabinetinə müraciət məktubu ünvanlayıb. Bu məzunlar istədilər ki, Şeyx həzrətləri onları dinləsin, o da bundan imtina etdi. 1 nəfər məhkəməyə müraciət edib, 5 ildən sonra Ali Məhkəmə diplomunu təsdiq edib, dövlət nümunəli diplom tələbəyə təqdim edilib. Tələbələr də deyir ki, qanunla mümkündür ki, ali məhkəmə bunu təsdiq edib. Fikirlərşirlər ki, indi digərlərinin də diplomunu Ali Məhkəmə təsdiqləsin. Təəssüf ki, hazırda məsələ ilə bağlı nə cavab verən var, nə soruşan.

Hətta son zamanlar məhkəmələrə də müraciət olunub, onlar artıq işə baxmaqdan imtina edib, aprel ayına qədər ertələyiblər. Belə çıxılmaz vəziyyət yaranıb. Nə nazirlikdən doğru məlumat almaq olur, nə də Şeyx məzunları qəbul edir ki, informasiya hasil olsun, görək, məsələ nə yerdədir. Yazılan məktublar da Təhsil Nazirliyinə göndərilir. Onlar da şablon açıqlama veriblər, vəssalam. Təəssüf ki, hələ bu müraciətlərə effektiv cavab yoxdur".

Mənbə: cebhe.info