Paşinyanın yenidən seçilmə şansı yüksəkdir - Erməni politoloq Eurasia Diary üçün danışdı

Paşinyanın yenidən seçilmə şansı yüksəkdir - Erməni politoloq Eurasia Diary üçün danışdı

Noyabr 10-da imzalanan təslimçilik razılaşmasından sonra Ermənistandakı etirazlar artan tempdə davam edir. Müxalifət tərəfdarlarının istefa tələbinə məğlubiyyətə birbaşa cavabdeh olan hərbi rəhbərlik də qoşulub. İndi həm müxalifət, həm də Ermənistan hərbi rəhbərliyinin istefa tələbi ölkəni yeni böhrana sürükləyir.

Ötən gün prezident Armen Sarksyan və Baş nazir Nikol Paşinyan arasında daha bir qalmaqal yaşandı. Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı sənədi səbəbsiz rədd edən Ermənistan prezidenti Baş nazirin təzyiqi qarşısında hələlik duruş gətirir. Amma Paşinyanın dünən keçirdiyi mitinq bu dirənişin uzun müddət davam etməyəcəyini göstərir.

Ermənistanın Siyasi və İqtisadi strateji araşdırmalar Mərkəzinin rəhbəri Beniamin Poqosyan Ermənistandakı vəziyyətlə bağlı Eurasia Diary-yə qısa şərh verib.

Poqosyanın sözlərinə görə, Ermənistanda vəziyyət hələ də gərgin olaraq qalır və siyasi böhran getdikcə artmaqdadır: “Cəmiyyətdə yüksək dərəcədə qütbləşmə mövcuddur. Qütbün bir hissəsi Baş nazirin istefasını tələb edir, digərləri isə onun qalmasını istəyir. İkinci hissə 2018-ci ildən əvvəl Ermənistanda hakimiyyətdə olan siyasətçilərlə əlaqəli qüvvələrin yenidən hakimiyyətə gəlməsini istəmir. Digər tərəfdən, Baş naziri dəstəkləyən qruplar var və onlar xeyli güclüdürlər. Buna görə də, vəziyyətin hansı yöndə dəyişəcəyi sual olaraq qalır”.

Ekspert, ötən gün Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə Baş nazirin qərarını rədd edən prezident Sarksyanla Paşinyan arasındakı narazılıq barədə də fikir bildirib. Qeyd edək ki, müxalif qruplarının açıqlamasına görə, Baş nazirin qanuni qərarını rədd etməsi səbəbindən prezidentə impiçment tətbiq edilə bilər.

“Konstitusiyaya görə, bu mümkündür. Lakin hakim “Mənim Addımım” qrupunun parlamentdə prezidentə qarşı impiçment tətbiq etmək üçün səs çoxluğu yoxdur. Ancaq prosesi başlamaq və Konstitusiya Məhkəməsinə müraciət etmək üçün kifayət qədər səsləri var. Hər halda, Prezidentin impiçmenti üçün perspektiv çox aşağıdır” – deyə ekspert bildirib.

Prezident Sarkisyanın hansı səbəbdən baş nazirin qərarına qarşı çıxdığını izah edən Poqosyan, onun bu addımı ölkədə siyasi sabitliyin təminatı üçün atdığını bildirib. Bundan əlavə, o, prezidentin ölkədəki heç bir siyasi qüvvələrin təsiri altında olmadığını və bu addımın hər hansı bir kənar təsirlə əlaqələnmədiyini qeyd edib: “Fikrimcə, prezident mövcud böhrandan çıxmaq üçün yollar tapmaq istəyir. Ölkədəki siyasi gərginliyin yüksək səviyyədə olduğunu nəzərə alsaq, Baş Qərargah rəisinin istefası qərarı daha böyük böhrana səbəb ola bilər. İnanmıram ki, o, Ermənistanda hər hansı bir siyasi qüvvənin təsiri altındadır”.

Beniamin Poqosyan artan etirazlardan sonra Paşiyanın hakimiyyətdə qalıb-qalmayacağı və yaxın gələcəkdə ölkəsindəki siyasi proseslərin gedişatı ilə bağlı da proqnoz verib.

"Çox güman ki, Ermənistanı 2021-ci ilin sonuna qədər növbədənkənar parlament seçkiləri gözləyir. Paşinyan seçki kampaniyası dövründə Baş nazir vəzifəsini icra edərsə, seçkilərdən sonra yenidən bu posta seçilmək şansı yüksəkdir. Ancaq istefa versə, sonra müvəqqəti hökumət qurulsa, ardınca növbədənkənar seçkilər keçirilsə, Paşinyanın hakimiyyətdən getməsi labüd olacaq,” deyə o, fikrini tamamlayıb.

 

Mənbə: ednews.net