Rəsmi Tokio Karlos Qonun məhkəmə prosesinin Yaponiyada təşkil edilməsinə çalışır

Rəsmi Tokio Karlos Qonun məhkəmə prosesinin Yaponiyada təşkil edilməsinə çalışır

Yaponiya hökuməti “Renault” - “Nissan” - “Mitsubishi” avtomobil istehsalı alyansının direktorlar şurasının sabiq sədri Karlos Qonun məhkəməsinin bu ölkədə keçirilməsinə nail olmaq niyyətindədir.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə martın 2-də keçirilən mətbuat konfransında Yaponiyanın ədliyyə naziri Yoko Kamikava bəyan edib.

K.Qonun ölkədən qaçışına yardım etməkdə şübhəli bilinən iki nəfər ABŞ vətəndaşının Yaponiyaya gətirilməsini şərh edən nazir deyib: “Karlos Qon girov müqabilində azad edilmə barədə şərti razılaşmanı pozaraq qaçıb. Lakin o, bizim ölkənin məhkəməsi qarşısında cavab verməlidir. Biz maraqlı ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, bununla əlaqədar lazım olan bütün addımları atacağıq”.

Qeyd edək ki, ABŞ xüsusi təyinatlılarının sabiq döyüşçüsü 60 yaşlı Maykl Teylor və onun 28 yaşlı oğlu Piter Tokionun sorğusuna cavab olaraq martın 2-də Yaponiyaya gətiriliblər.

İstintaqın məlumatına görə, M.Teylor və oğlu 2019-cu ilin dekabrında ev dustaqlığından qaçmış K.Qon ilə Tokiodakı mehmanxanalardan birində görüşüblər. Onlar birlikdə sürətli qatarla Osaka şəhərinə gəliblər. Bundan sonra K.Qon səsgücləndirici aparat üçün nəzərdə tutulan yeşikdə Türkiyəyə uçan xüsusi təyyarəyə mindirilib. İstanbula gələn K.Qon burada başqa şəxsi təyyarə ilə Livana qaçıb və hazırda bu ölkənin ərazisindədir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: azertag.az