İran Qarabağda atəşkəsə nəzarət etmək istəyir - TƏXRİBAT

İran Qarabağda atəşkəsə nəzarət etmək istəyir - TƏXRİBAT

İran Məsləhət Şurasının katibi Möhsün Rezayi ölkəsini Qarabağda atəşkəsə nəzarət və bərpa işləri üzrə komitənin üzvü olmağa çağırıb:

“Bütün iştirakçı tərəflər və beynəlxalq müşahidəçilər bilməlidirlər ki, bölgə sakinlərinin tələbləri və qətiyyəti İranın Atəşkəs və Yenidənqurma Komitəsində və monitorinqdə, həmçinin bölgədə təhlükəsizlik və iqtisadi əməkdaşlığın təmin edilməsində səmərəli iştirak etməsindən ibarətdir”.

Cebhe.info-nun məlumatına görə, M.Rezayi keçirdiyi mətbuat konfransında belə deyib.

“Tasnim News” xəbər verir ki, o, İranın atəşkəs komitəsindəki iştirakının bütün bölgəyə fayda gətirəcəyini bildirib.

“Qarabağdakı atəşkəs komitəsindən kənarda qalmağımız çox pisdir və bu hal bölgə ölkələrinin sülh və uzunmüddətli maraqları lehinə olmayan addımdır”, - Məsləhət Şurasının katibi belə deyib.

Qeyd edək ki, İran bu təklifi irəli sürməsi rəsmi Tehranın Silahlı Qüvvələrini Dağlıq Qarabağa yerləşdirmək planından xəbər verir. 30 illik münaqişə dövründə işğalçı tərəfə yardım etmiş İran Ordusunun Dağlıq Qarabağa göndərilməsi Azərbaycanın suverenliyi üçün ciddi təhlükədir. Çox güman ki, Möhsün Rezayinin sözügedən açıqlaması Türkiyə hərbi kontingentinin münaqişə bölgəsində atəşkəsə nəzarət üzrə monitorinq mərkəzində iştirakından İranın narahatlığı ilə bağlıdır.

İran rejimi son aylar Türkiyənin Cənubi Qafqazda geosiyasi mövqelərinin güclənməsini etirazla qarşılayır. Digər səbəb Azərbaycanın müharibədəki qələbədən sonra ərazi bütövlüyünü bərpa etməsi, o cümlədən İranla sərhəd əraziləri işğaldan azad etməsidir. Bu proses Azərbaycan, Rusiya və Türkiyənin iştirakı ilə həyata keçirilib. İranın mövqeyi isə nəzərə alınmayıb. Ona görə də İran atəşkəsə nəzarət komitəsinə qatılmaqla regionda güc sahibi olduğuna dair tərəflərə mesaj verir.

Mənbə: cebhe.info