Prezident erməni vəhşiliyini bir daha bütün dünyaya nümayiş etdirdi - Deputat

Prezident erməni vəhşiliyini bir daha bütün dünyaya nümayiş etdirdi - Deputat

“Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında çox sayda maraqlı məqamlara toxundu və bu tədbir vacib məqamlarla yadda qaldı. Xocalı soyqırımının 29-cu ildönümü günü bu mətbuat konfransının keçirilməsi çox vacib siyasi addım idi. Bu, erməni terrorçuları tərəfindən törədilən Xocalı soyqırımının dünyada daha böyük ictimaiyyətə çatdırılması baxımından olduqca əhəmiyyətli tədbir idi. Digər tərəfdən, orada olan dünyanın aparıcı media qurumlarının peşəkar jurnalistləri özləri də açıq etiraf etdilər ki, baxmayaraq ki, onlar illərdir peşəkar jurnalistika ilə məşğuldurlar, ilk dəfədir 4 saat ərzində 4 dildə ölkə başçısının belə bir mətbuat konfransı keçirdiyinin şahidi olurlar. Eyni zamanda, ünvanlanan sualların hamısının əsaslanmış və faktlara söykənən formada cavablandırılması bütün jurnalistləri heyrətə gətirdi”.

Bu fikirləri Publika.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu mətbuat konfransı bir daha Azərbaycan həqiqətlərinin, bu gün bölgədə yaranmış yeni reallıqların və ölkəmizin dünyaya verə biləcəyi mesajların çatdırılması baxımından çox əlamətdardır: “Burada cənab Prezidentin söylədikləri ümumilikdə uzunmüddətli sülhün və əmin-amanlığın təmin olunması, o cümlədən Vətən müharibəsindən sonra yenə də inkişaf və tərəqqi yolunu tutmaq və bu reallıqdan təkcə Azərbaycan deyil, bütün bölgə ölkələrinin 3+3 formatı üzrə bəhrələnməsi istiqamətində çox vacib bir addımdır. Bu yöndə də ölkə başçısının təşəbbüsünü Ermənistan xaric, qonşu region ölkələri olan qardaş Türkiyə, Rusiya, İran və Gürcüstan dəstəkləyir. Bu gün Ermənistanın daxilindəki böhran, vətəndaş qarşıdurması, hərbi çevrilişin astanası və ümumilikdə acınacaqlı vəziyyət onların hələ ki, bu təşəbbüslərə qoşulmasına imkan vermir.

Cənab Prezident orada jurnalistlərə də mesaj verdi ki, çalışın qərəzsiz mövqe tutun və hər zaman da sizə deyilənləri etməyin. Əslində, bunun arxasında dünyada hələ də ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlara və bəzi dövlətlərə də bir mesaj verdi ki, məhz bu baxımdan dünya yeni reallığa gəlməlidir. Bəşəriyyət artıq sülhlə, əmin-amanlıqla, qarşılıqlı əməkdaşlıqla inkişaf və tərəqqi yolunu tutmalıdır. Bütün xalqlar da sülh və əmin-amanlıq, tərəqqi içərisində yaşamalıdır”.

C.Osmanovun sözlərinə görə, Prezidentin keçirdiyi mətbuat konfransı eyni zamanda 30 ilə yaxın işğal altında saxlanan torpaqlarımızın erməni vandalları tərəfindən nə qədər vəhşicəsinə talan edilməsini bir daha dünyaya nümayiş etdirdi:

“Həmin jurnalistlərin əksəriyyəti mətbuat konfransından öncə də işğaldan azad olunan torpaqlarımızda olublar. Onların özlərinin də etiraf etdiyi kimi, onlar ora gedib, ərazini öz gözləri ilə görməyənə qədər dağıntıların bu qədər böyük miqyasda olmasını ağıllarına da gətirə bilmirdilər. Ermənilər tərəfindən təkcə Azərbaycan xalqına qarşı soyqırımı törədilməyib, eyni zamanda şəhərlərimizə, kəndlərimizə qarşı da soyqırımı həyata keçirilib. Çünki orada daş daş üstə qalmayıb. Ekologiyamıza qarşı soyqırımı törədilib, torpaqlarımız, dağ-mədən ehtiyatlarımız vəhşicəsinə istismar olunub. Sonradan isə 10 noyabr bəyanatına uyğun olaraq Ağdam, Laçın və Kəlbəcər qrafik üzrə qaytarılanda da ermənilərin evləri, ağacları yandırması elə soyqırımın bir növüdür. Bu baxımdan bu mətbuat konfransı həm erməni vəhşiliyinin, faşizm və terrorizm siyasətinin dünyaya çatdırılması, həm də Azərbaycanın yeni yaratdığı reallıqlar və dünyaya sülh mesajının verilməsi baxımından çox əhəmiyyətlidir.

Xüsusən soydaşlarımızı narahat edən bir məqam da azərbaycanlıların Xocalıya, Xankəndiyə və sülhməramlılar tərəfindən nəzarət edilən digər ərazilərə nə vaxt qayıdacaqları ilə bağlıdır. Cənab Prezident bu mənada qısa, konkret və yenə də prinsipial mövqe ortalığa qoyaraq qeyd etdi ki, biz Xocalıya da, Xankəndiyə də qayıdacağıq. Bunun üçün bir müddət vaxt lazımdır. Azərbaycanlılar, orada yaşayan soydaşlarımızın hər biri öz dədə-baba yurduna qayıdacaq”.

Mənbə: publika.az