Əlisahib Hüseynov: "Azərbaycan Prezidentinin fikirləri dərhal xarici KİV-lərin manşeti oldu"

Əlisahib Hüseynov: "Azərbaycan Prezidentinin fikirləri dərhal xarici KİV-lərin manşeti oldu"

"Xocalı soyqırımının 29-cu ildönümünü 44 gün davam edən Vətən müharibəsinin qalibi olan ölkənin lideri və qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi qarşılayan Prezident İlham Əliyev bu dəfə həm də olduqca maraqlı bir ilkə imza atdı. Belə ki, ölkə başçısı Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” xatirə kompleksini ziyarət etdikdən sonra yerli və xarici jurnalistlər üçün geniş mətbuat konfransı keçirdi. Cənab Prezident təxminən 4 saat ərzində ən müxtəlif mövzularla bağlı sualları ətraflı cavablandırdırmaq və Azərbaycanın rəsmi mövqeyini bildirməklə həm brifinqin uzunmüddətliliyi, həm cavabların əhatəliliyi, həm də verilən sualları 4 dildə sərbəst cavablandırmağı ilə dünyada rekorda iza atmış oldu. Bunu brifinqə qatılan bir sıra əcnəbi jurnalistlər də xüsusi qeyd etdilər".


Bu fikirləri Buta.ws-ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.


Ə.Hüseynovun sözlərinə görə, Prezident cənab İlham Əliyevin qələbə ilə başa vurduğumuz 44 günlük müharibədən sonra ölkə gündəmini zəbt edən və cəmiyyəti narahat edən bir çox məsələlərə aydınlıq gətirdi: "Narahatlıqlara son qoydu, eləcə də Dağlıq Qarabağ ətrafında gedən proseslərdən, Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyətindən, bölgənin gələcəyindən danışdı, qardaş Türkiyə ilə münasibətlərdən, Ordumuzun hansı model əsasında modernləşdiriləcəyindən, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən, 10 noyabr Bəyanatının müddəalarının yerinə yetirilməsinin nəyə görə vacib olmasından, habelə Ermənistanda cərəyan edən son olaylardan, revanşist meyllərin bu ölkə üçün intihara səbəb olacağından bəhs etməklə həm də bəzi xarici mərkəzlərə çox önəmli mesajlar verdi".


Milli Həmrəylik Partiyasının sədri ölkə başçısının cavablarını böyük qürur hissilə izlədiyini, brifinqin nəticələrindən tam razı qaldığını vurğulayıb: "Cənab İlham Əliyev Azərbaycan xalqı üçün ən həssas bir gündə - Xocalı soyqırımının anım günündə belə bir parlaq və olduqca məhsuldar bir mətbuat konfransı keçirərək bir tərəfdən yüksək diplomatik məharət və natiqlik nümayiş etdirdi, digər tərəfdən isə bütün aktual məsələlərə səlis, məntiqli, tutarlı faktlar və arqumentlər əsasında münasibət bildirməklə, xarici ölkələrin nüfuzlu KİV-lərinin diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, eyni zamanda informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirmiş oldu. Cənab Prezidentin bütün suallara, hətta spekulyativ-təxribatçı xarakterli suallara da maksimum təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verməsini ayrıca qeyd etməliyik. Onun xüsusən İranın “Mehr” agentliyinin xanım müxbirinin provokativ sualına özünəməxsus diplomatik məharətlə və siyasi hazırcavablıqla münasibət bildirməsi Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etmək baxımından çox yaxşı bir nümunə oldu".


Partiya sədri vurğulayıb ki, ölkə başçısının yerli KİV-lərin və beynəlxalq medianın suallarını uğurla cavablandırması daxili auditoriya ilə bərabər beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılandı: "Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər dərhal xarici KİV-lərin manşeti oldu, başlıqlara çıxarıldı, geniş rezonans doğurdu. Bir sözlə, Prezidentimiz informasiya mübarizəsinin əsas strateqlərindən biri olduğunu siyasi ustalıqla nümayiş etdirdi".

Mənbə: buta.ws