"Rusiya hərbiçilərinin komandanı təxribatları özbaşına etmir" POLİTOLOQ RƏY VERDİ

"Rusiya hərbiçilərinin komandanı təxribatları özbaşına etmir" POLİTOLOQ RƏY VERDİ

"Bu gün də Ermənistanın bir sıra təxribat planları var. Ermənistan "hərbi mükələfiyyətlə" Qarabağa heç kimi göndərməməlidir. Onlar sərhədlərini aşırlar, Laçında tikinti işləri ilə məşğul olub saxta xəritələr yayımlayırlar. Bundan əlavə 5 ildən sonra bizim Rusiya hərbiçilərinə ehtiyacımız olmamalıdır. Bu məsələdə Türkiyə də bizi dəstəkləyir. Azərbaycan hərbi texnikanın alınmasında dostları olan Türkiyə və İsrailə üstünlük verəcək". Bunu SİA-ya açıqlamasında “Atlas“ Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan heç bir resursu olmayan 2 milyonluq dövlətdir: "Hərbi texnikasının 90 faizi məhv olub. Onlar bizlə yenidən savaşa bilmək üçün görüntü yaradırlar. Rusiya da Ermənistanı əlaltı olaraq görür. Nikol Paşinyan məğlub dövlətin Baş naziridir. Açıq danışsaq, Dağlıq Qarabağ Ermənistana yükdür. Onlar övladlarını Qarabağda cəbhəyə göndərmək istəmir və ordu üçün maliyyə vəsaiti ayırmaqdan yayınırlar. Paşinyana qarşı müqavimət və itaətsizliyin daha da artacağı göz önündədir. Bütün bunlardan sonra o məcbur olub parlament seçkilərinə gedə bilməyəcək. Lakin, bu da Ermənistanın problemlərini həll etmir. Müxalifət səs qazanacağına ümid etmədiyi üçün seçkidə iştirak etmək istəmir. Bu məsələlər hələ uzun müddət Ermənistanda davam edəcək. Rusiya sülhməramlılarının Xankəndində ermənilərə havadarlıq etməsi, “dövlət dilinin rus dili elan olunması” və rus pasportu paylanılması ideyasının arxasında yaltaqlıq nümayiş etdirilir. Ermənilər hətta o həddə çatıb ki, rus dilini də dövlət dili kimi qəbul edirlər. Azərbaycanda isə Azərbaycan dilidir və bu Rusiyaya ciddi mesajdır. Bizdə kifayət qədər rusdilli məktəblər olsa da, bu dilimizə mənfi təsir etmir".

E.Şahinoğlu deyib ki, Rusiya ordusu ermənilərin "başını tumarlayır" və onları Qarabağa köçürməklə keçmiş vilayət məsələsini bərpa etməyə çalışır: "Birinci növbədə Şuşa və Hadrut olmaq üzrə rayon və şəhərləri bərpa etməliyik. Çünki bu ərazilər Dağlıq Qarabağın mərkəzidir. Biz Dağlıq Qarabağ ifadəsindən imtina etməliyik. Bu ad sadəcə Qarabağ adlandırılmalıdır. Covid-19 bitdikdən sonra ermənilər Qarabağda yaşamaq istəməyəcəklər. Onlar özləri də etiraf edir ki, bu il Ermənistanı tərk edənlərin sayı 200 min olacaq. Ermənilərdən ancaq bizim pasportu daşıyan və qanunları qəbul edənlər Qarabağda yaşaya bilərlər. Regionun hazırki geosiyasi mənzərəsini nəzərdən keçirsək, Qarabağda ermənilər və Rusiya sülhməramlıları ilə bağlı müşahidələr Azərbaycan cəmiyyətində narazılıq yaradıb. Biz Türkiyə ilə ittifaqı gücləndirməyə üstünlük veririk və ordumuz türk standartlarına uyğundur. Bizim Rusiya və İrandan əsas tələbimiz daxili işlərimizə qarışmamalarıdır. Bir il öncə Şuşanın azad olunacağını xəyal belə edə bilməzdik. Əvvəllər deyirdik ki, Dağlıq Qarabağın ətrafındakı beş rayon azad olsa belə bu böyük mövqedir. İndi isə Dağlıq Qarabağın tamamına sahib olduq. Biz 80-85 faiz hədəfimizə çatmışıq. Dövlət başçısının dörd saat davam etdiyi mətbuat konfransında bizi narahat edən bir çox mətləblərə toxunuldu.

Bu il bizim üçün quruculuq ili olmalıdır və tikinti işlərini sürətləndirməli, Ağdamı, Füzulini, Şuşanı, Cəbrayılı, Kəlbəcəri yenidən qurmalıyıq. Erməni separatçılarının lideri Arayik Harutyunyanın iştirakı ilə qondarma respublikanın qurulmasının otuz üç illiyi qeyd edildi. Rusiya bu tədbirə imkan verməməli idi. Onların buna mane olmamasının səbəbi Rusiyanın siyasi və hərbi mərkəzlərinin Azərbaycan ərazisində separatçılığın qalmasını istəməsi idi. "Dəmir Yumruq" Qarabağ haqqında olan üçüncü kitabımdır. Adı da əbəs yerə seçilməyib və analitik kitabdır. Burada iki əsas məsələyə toxunulub ki, onlardan birincisi 10 noyabrda baş verən Naxçıvan səmasında Rusiya helikopterinin vurulması idi. Digəri isə Bakı səmasına raket atılmasıdır. Bu hadisəni ya Rusiyada olan erməni havadarları ya da hər hansı erməni generalı Nikol Paşinyanla razılaşmayıb törədib. Müharibə zamanı Ermənistanda minlərlə fərari olsa da, Azərbaycanda göstərici sıfır idi. Bunlar bizim keyfiyyət göstəricimizdir. Onların bütün hesablamaları yalnış çıxdı. Ermənistanda hakimiyyətə gələn bütün prezidentlər Azərbaycanla müharibə edə bilməyəcəyini anlamalıdır".

Politoloq deyib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan Putinin ən yaxın dostlarından biri hesab olunur: "Lakin, Köçəryana görə Azərbaycanla münasibətləri soyutmağın mənasız olduğunu Putin də anlayır. Paşinyanın "İsgəndər" raketlərinin keyfiyyətsizliyi haqqında sözləri Rusiyanın hərbi sənaye kompleksinə böyük zərbə vurdu. İşğaldan azad etdiyimiz ərazilərdə minaların qalması son dərəcə təhlükəli hesab olunur. Minaların xəritəsinin təqdim olunmamasının tək məqsədi Azərbaycan vətəndaşlarına daha çox ziyan verməkdir. Xəritəni bizə versələr, əsirləri geri qaytararıq. Ermənistan mediası bu mövzu haqqında heç bir məlumat paylaşmayıb. Dağlıq Qarabağda qalan erməni tör-töküntüləri Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycan qanunlarını saymadan tədbirlər keçirirlər. Rusiya hərbiçilərinin komandanı Rüstəm Məmmədov təxribatları özbaşına etmir, Moskvadan əmr alır. Bunun üçün o Bakıya bir daha çağırılmalı, qırmızı cizgilər detallı şəkildə izah edilməlidir. Bu qaydalar nəzərə alınmazsa, artıq biz öz üsulumuzca hərəkətə keçməliyik. Azəybaycanlı qaçqın və məcburi köçkünlərin öz yurduna qayıtması üçün olan proseslər Şuşadan başlanıla bilər. Görüntülərdən aydın olduğu kimi bunun səbəbi Ağdam, Füzuli, Zəngilan və Cəbrayılın tamamilə dağılması, lakin Şuşa və Hadrutda nisbətən yaşayış binalarının qalmasıdır".

Mənbə: sia.az