Bu hələ kifayət deyil, Ermənistanı daha ağır günlər gözləyir - Politoloq Paşinyanın mitinqindən danışdı

Bu hələ kifayət deyil, Ermənistanı daha ağır günlər gözləyir - Politoloq Paşinyanın mitinqindən danışdı

Yerevan küçələri müxalifət və iqtidar tərəfdarlarının mitinqlərinə şahidlik etməkdə davam edir. Ermənistanda siyasi böhran hər gün bir az daha da kəskinləşir. Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan və müxalif qruplar öz tərəfdarlarını ətraflarına toplayaraq güc nümayişinə çıxdılar.

Yayılan görüntülər açıq-aşkar müxalifətin uğursuzluğunu ortaya qoydu. Ermənistanın Baş naziri dəfələrlə çox insanı öz bayrağı altında toplaya bildi. Paşinyan isə dəstəkdən ruhlanaraq, mitinq zamanı bir sıra önəmli məqamları elan etdi.

O, tezliklə konstitusiya dəyişikliyinin olacağını və idarəetmə üsulunun parlament formasından yarı-prezident formasına çevriləcəyini bildirdi. Nikol Paşinyan tərəfdarlarının dəstəyini görərək, erkən seçkilərə getməyə razı olduğunu da açıqladı.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri və politoloq Elxan Şahinoğlu Ermənistanda yaranmış vəziyyəti Eurasia Diary-yə şərh edib.

O, mitinqin iki əsas hədəfinin olduğunu bildirib: “Birincisi, Paşinyan həm onu devirmək istəyən rəqiblərinə qarşı, həm də Rusiyadakı mərkəzə öz gücünü göstərmək istədi. O, güclü olduğunu sübut etdi. Paşinyanın çağırışı ilə mitinqə qatılanların sayı ümumi müxalifətin mitinqində iştirak edənlərin sayından dəfələrlə çox oldu. Baş nazirin ikinci hədəfi 13 il əvvəl olanları yada salmaq idi. Paşinyan 2008-ci il 1 mart tarixində küçələrə çıxan etirazçılara qarşı Robert Koçaryanın göstərişi ilə polislərin güllə atmasını xatırlatdı. Həmin hadisədə azı 10 nəfər qətlə yetirilib. Paşinyan bu tarixi xatırlatmaqla göstərmək istəyirdi ki, baxın görün hansı insanlar yenidən hakimiyyətə gəlmək istəyir. Onun bu mesajı çox vacibdir. Baş nazir başqa açıqlamalar da verdi. Paşinyan bir daha vurğuladı ki, erkən parlament seçkilərindən qorxmur, sadəcə müxalifət buna hazır deyil. Lakin bu o demək deyil ki, Paşinyan gücünü göstərdi və Ermənistanda siyasi xaos bitəcək. Tam əksinə, xaos davam edəcək və Ermənistanı yaxın aylarda ağır günlər gözləyir”.

Nikol Paşinyan erkən seçkilərə hazır olduğunu bildirib. Politoloq onun bu çıxışının yeni olmadığını və əvvəllər də oxşar fikir söylədiyini deyib. Elxan Şahinoğlu həmin vaxtlarda sadəcə müxalifətin istəksizliyini görən Paşinyanın erkən seçkilərlə bağlı ciddi addım atmadığını qeyd edib.

“Paşinyan öz gücünə arxayındır. Bilir ki, dünən çoxlu tərəfdar toplayıb, eləcə də erkən seçkilərdə çoxlu səs yığacaq. Bu məqamdan müxalifət qorxur. Çünki onlar kifayət qədər səs qazanmayacaqlarını bildiklərinə görə, seçkilərin əleyhinədir. Daşnaklar indi aləmi qatsalar belə, səs qazanıb parlamentə düşə bilməyəcəklər. Bunun üçün yenə də həmin fikri təkrarlayıb. Ancaq erkən parlament seçkiləri də Paşinyanı xilas etməyəcək. Çünki Paşinyan qələbə qazansa da, müxalifət bu nəticələri tanımaqdan imtina edəcək. Bununla da yenə xaos davam edəcək”, deyə politoloq söyləyib.

Ermənistanın baş naziri konstitusiya dəyişikliyi ilə idarəetmə formasını dəyişəcəyini bildirib. Politoloq ermənilərin konstitusiyanı kağız parçasına çevirdiklərini dilə gətirib. O, ermənilərin parlament idarə üsulunun işə yaramadığnı gördüklərini qeyd edib: “2015-ci ildə idarəetmə formasını dəyişiblər və indi görüblər ki, bu işləmir. Qərargah rəisini istefaya göndərmək istəyirlər, amma prezident imza atmır. Bunun üçün də Paşinyan fikirləşir ki, yarı-prezident üsuluna keçmək daha doğru olar. Bununla da o, baş nazir kreslosunu prezident kreslosuna dəyişmək istəyir. Amma hələ də bilmək olmaz, çünki oktyabra qədər dağıdıcı hadisələr ola bilər. Misal üçün Paşinyana qarşı sui-qəsd ola bilər”.

Müxalifət dayanmadan Paşinyana qarşı istefa səslərini ucaldır. Onlar mitinqlər, etirazlar və dövlət binalarına basqın kimi aksiyalar həyata keçirməkdən yorulmurlar. Politoloq müxalifətin hansı hallarda arzularına çata biləcəyindən danışıb.

“Müxalifət tərəfdar sayını artırdığı zaman Paşinyanı istefaya göndərə bilər. Bundan başqa, gərək itaətsizlik də artsın. Misal üçün xarici işlər naziri və ya səfirlər kimi yüksək vəzifəli şəxslər də baş qərargah rəisi kimi itaətsizlik göstərsin. Belə olanda Paşinyanın vəziyyəti ağırlaşacaq. Paşinyan mitinqdə güc göstərməklə vəzifəli şəxsləri müxalifət tərəfə deyil öz tərəfinə çağırıb ki, o daha güclüdür”, deyə politoloq mümkün halları sadalayıb.

Ermənistanın gələcəyinin seçki məntəqələrində həll olunacağı gözlənilir. Bu zaman isə kənar müdaxilələr sual doğurur. Atlas Araşdırmalar Mərkəzinin rəhbəri bu cür müdaxilələri yalnız Rusiyanın edə biləcəyini qeyd etsə də, onun da bunu etməyəcəyini bildirib.

“Paşinyanın “İskəndər” raketləri ilə bağlı dediyi sözlərin Moskvada mənfi qarşılanmasına baxmayaraq, Rusiya onun devrilməsini istəmir. Çünki Paşinyan 10 noyabr, 11 yanvar bəyanatlarına imza atıb və onları yerinə yetirir. Paşinyanın çox aşağı reytinqi olsaydı, bəlkə onda Rusiya devirməyə cəhd edərdi. Lakin Moskva Paşinyana alternativ siyasətçi olmadığını çox yaxşı görür. Üstəlik, dünən Paşinyan hiyləgər gediş edərək Putinə zəng edib və “İskəndər”lə bağlı fikirlərinə görə üzr istəyib”, deyə Elxan Şahinoğlu şərhini bitirib.

Ülvi Əhmədli

Mənbə: ednews.net