Paşinyan rəqiblərinə meydan oxuyur - Solovyovun TƏHLİLİ

Ermənistanın Baş naziri Nikol Paşinyan 01 martda müxalifətlə küçə qarşıdurmasında qalib gəldi. Onun Yerevanda çağırdığı axşam mitinqi şəxsən cənab Paşinyanın rəhbərliyilə şəhər boyu gecə yürüşü ilə davam etdi. Dünən hökumət başçısı rəqiblərinə qarşı əks-hücuma keçdi və göstərdi ki, eyni zamanda həm iqtidar ola, həm də rəqibləri ilə tamamilə inqilabi mübarizə apara bilər.

Nikol Paşinyan siyasətdə mümkün olmayanı mümkün etmək təcrübəsi göstərir. Ölkədə bütün hakimiyyət əlində olduğu halda, o, nə vaxt lazım olursa, dərhal inqilabçı roluna girir. Və bu sehr işə yarayır. 01 martda onun çağırışı ilə on minlərlə tərəfdarı itaətkarlıqla paytaxtın mərkəzi “Respublika” meydanını doldurdu.

Həmin gün onlar burada cənab Paşinyana lazım idi. Baş nazirin keçirdiyi aksiya ilə, demək olar ki, eyni zamanda “Vətəni xilas hərəkatı”nda birləşən müxalifət parlament yaxınlığında öz mitinqini keçirirdi. Və Nikol Paşinyan üçün dəstəyin kimin tərəfində olduğunu göstərmək vacib idi. Bu, alındı. “Respublika” meydanındakı izdiham hökumət əleyhinə olan etiraza nisbətən daha təsirli görünürdü.

Baş nazir meydana birbaşa hökumət binasından, öncədən polisin yaratdığı təhlükəsizlik dəhlizi ilə keçdi. O, səhnəyə çıxdı və kütləyə, – gah onu bəyənərək qışqırmağa, gah həyəcanla uğuldamağa, gah da itaətkarlıqla susmağa məcbur edərək, – bir saatdan çox dirijorluq etdi. Bu, hipnoza bənzəyirdi və daha çox 2018-ci ilin “məxməri inqilab”ını xatırladırdı.

Nikol Paşinyan kinoda rol oynasaydı, “Oskar”a iddiaçı ola bilərdi.

Əgər səhnədə çıxış edən adamın artıq 3 ildir ölkəni idarə etdiyi məlum olmasaydı, düşünmək olardı ki, bu parlaq natiq xalqı rejimlə mübarizəyə qaldıran müxalifət lideridir.

Cənab Paşinyan özünün burada iqtidar olduğuna çıxışının əvvəlində buraxılan səhvlərə görə üzr istəyərək, yalnız bir dəfə aydınlıq gətirdi. O, “Son 10 ay ərzində bizim hökumətimiz hər cür səhv etdi. Və mən Ermənistan, Arsax (Dağlıq Qarabağın erməni adı – “Ъ”) və diasporanın bütün erməniləri qarşısında üzr istəmək istəyirəm. Səhvlərimə görə, məni bağışlayın” deyərək, taqsırını etiraf etdi.

Son Qarabağ müharibəsində ölənlərin xatirəsini yad etmək üçün o, hamıdan öz mobil telefonunun işığını yandırmasını xahiş etdi. Və meydan işıqlarla parıldadı.

Çıxışın yerdə qalan hissəsini isə Baş nazir Paşinyan deyil, inqilabçı Paşinyan etdi. O, bəyan etdi ki, Ermənistanda hakimiyyətdə kimin ola biləcəyinə ancaq xalq qərar verə bilər. Bu, müxalifətin və Baş Qərargahın zabitlərinin onun istefasını tələb etməsinə cavab idi. Baş nazir bu tələbi “hakimiyyəti xalqın əlindən alma cəhdi” adlandırdı.

“Biz bu gün bura yığışmışıq deyək ki, buna yol verməyəcəyik. Bizim ölkədə xalq hakimiyyətdə olmağa davam edəcək”, – Paşinyan bəyan etdi. Özü ilə xalq arasında bərabərlik işarəsi qoymaq erməni hökumət başçısının sevimli fəndidir. Özü də effektlidir. Belə ki, meydan onun bu sözlərinə alqışla, “Paşinyan – Baş nazir!” hayqırışı ilə cavab verdi.

Nikol Paşinyan onun istefasını tələb edən Baş Qərargahı hərbi çevriliş cəhdində ittiham etdi. O, kütləni inandırdı ki, hərbçilərin bəyanatının arxasında Ermənistanın keçmiş lideri Serj Sarkisyan durur. Cənab Paşinyan onu 2018-ci ilin aprelində “küçənin” köməyi ilə istefa verməyə məcbur etmişdi. Nikol Paşinyan dedi: “01 mart 2008-ci ildə hakimiyyət ordunu xalqa qarşı qaldırdı və nəticədə 10 Ermənistan vətəndaşı öldürüldü. Bu gün ordunu xalqa və bu xalq tərəfindən seçilən hakimiyyətə qarşı elə həmin adamlar qaldırmaq istəyirlər. Serj Sarkisyan Baş Qərargahdan olan generallara təsir götərib ki, onlar mənim istefa verməyimlə bağlı tələblə çıxış etsinlər”.

Buna görə o, Baş Qərargah rəisi Onik Qasparyanı Serj Sarkisyanın əmrlərini icra etməkdə suçlayaraq, “xain” adlandırdı. Nikol Paşinyan bəyanatı imzalayan digər generalları, öncədən onlara heç nə edilməyəcəyini qeyd edərək, bu ideyadan imtina etməyə və xidmətə dönməyə çağırdı.

Paşinyan “Ermənistan ordusunda vendetta olmayacaq” deyərək, onları sakitləşdirdi, lakin əlavə etdi ki, Onik Qasparyan öz postunu tərk etməlidir. O, bir neçə dəfə təkrar etdi ki, “Bu, Baş Qərargahın siyasi bəyənatına görə qaçılmazdır”. Və sadə bir şəkildə cənab Qasparyana müraciət etdi: “Onikcan, sən səhv buraxdın, sən öz rəhbərinin əmrlərini yerinə yetirmədin, ancaq rədd edilmiş birinin (Serj Sarkisyan – “Ъ”) əmrlərini yerinə yetirdin. Bu, zabit və onun şərəfi üçün utancvericidir ”.

Baş nazir ümid etdiyini bildirdi ki, bu ərəfədə Baş Qərargah rəisinin istefası üçün verdiyi vəsatəti geri qaytaran Ermənistan Prezidenti Armen Sarkisyan, nəhayət, “dövlət maraqlarına” cavab verən qərar qəbul edəcək.

Cənab Paşinyan hər bir sözünü acgözlüklə qəbul edən kütləyə xəbər verdi ki, bu ilin oktyabrında yarım-prezidentlik üsuli-idarəsinin geri qaytarılması üçün konstitusiya referendumu keçiriləcək. Baş nazirin sözlərinə görə, 2015-ci ildə qəbul edilən və 3 il öncə qüvvəyə minən konstitusiyanın çox sayda çatışmazlığının və böhranlı vəziyyətlər yaratma riskinin olduğu ortaya çıxıb.

Nikol Paşinyan bəyan etdi: “Biz hesab edirik ki, yarım-prezidentlik üsuli-idarəsinə keçid ən yaxşı variantlardan biri olacaq”.

O, əlavə etdi ki, Əsas Qanunun dəyişilməsi üçün plebissit keçirməyə ehtiyac olmayan ayrı-ayrı maddələrini parlament dəyişə bilər.

Hökumət başçısı hesab edir ki, mövcud böhranı erkən parlament seçkiləri ilə həll etmək olar. Baş nazir bəyan etdi ki, əgər parlament müxalifəti onlarla memorandum imzalayarsa, o və komandası buna hazırdır.

O, parlamentin buraxılmasına necə təşəbbüs ediləcəyini dəqiqləşdirmədi. Konstitusiyaya görə, erkən parlament seçkisinin keçirilməsi üçün Baş nazir istefa verməli, parlamentdə isə yeni hökumət başçısının namizədliyi üçün keçirilən səsvermə 2 dəfə uğursuzluğa düçar olmalıdır. Bu yaxınlarda Baş naziri dəstəkləyən “Mənim addımım” fraksiyası erkən seçkilərin keçirilməsi üçün parlamentin özünü buraxması ideyasını irəli sürüb.

Hazırkı konstitusiyada belə bir mexanizm nəzərdə tutulmayıb, lakin hakimiyyət müvafiq düzəlişi etməyə hazırdır. Doğrusu, əgər bundan bir neçə ay öncə bunu çətinlik çəkmədən etmək mümkün olsa da, hazırda müvəffəqiyyət təminatlı deyil. Çünki “Mənim addımım” fraksiyasından 5 deputat çıxıb və blok artıq konstitusiya çoxluğuna sahib deyildir.

“Kommersant”ın “Mənim addımım” fraksiyasında olan mənbəsi anonimlik şərtilə xəbər verib ki, erkən seçkilərin keçirilməsi prosesi ən yaxın zamanda, Baş Qərargah rəisi məsələsi həll edilən kimi, “işə salınacaq”dır.

Həmsöhbətimizin sözlərinə görə, Prezident, Baş Qərargah rəisinin istefaya göndərilməsi haqqında Baş nazirin təkrar verdiyi vəsatəti imzalamağa hazırdır. İqtidar blokundan olan deputat “Kommersant”a deyib ki, “Armen Sarkisyan onu imzalayan kimi, biz erkən seçkilərin təşkilinə başlayacağıq. Biz ona yaranmış durumdan çıxış üçün fürsət kimi baxırıq”.

Vladimir Solovyev, Arşaluys Mqdesyan

“Kommersant”, Rusiya, 02 mart 2021-ci il

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda azyaşlı qız küçəyə atılıb

SONRAKI XƏBƏR

“Alibaba”nın qurucusu artıq Çinin ən varlı şəxsi deyil