Azərbaycan xalqı yeni yazdığı zəfərlə dünya tarixinin parlaq səhifələrində yer tutur

Azərbaycan xalqı yeni yazdığı zəfərlə dünya tarixinin parlaq səhifələrində yer tutur

Möhtərəm Prezident cənab İlham Əliyevin yerli və xarici media nümayəndələrinin suallarına belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verməsi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah edilməsi idi. İstər ölkə, istərsə də dünya ictimaiyyəti cənab İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində 30-a yaxın xarici KİV-lərə müsahibələrini unutmayıb. Onların hamısı dünyada tanınan media qurumları idi. Həmin müsahibələr müharibə günlərində Azərbaycana qarçı informasiya cəbhəsi açan dünya erməniliyinə və erməni təəssübkeşlərinə böyük zərbə vurmuş, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynamışdır. Hər bir müsahibə Azərbaycanın informasiya müharibəsində qələbəsinin təminatı idi. Bu gün isə dövlətimizin başçısı qalib Azərbaycanın qalib Lideri kimi postmüharibə dövrünün reallıqlarından danışır.

 

Tarixə düşən 4 saatdan artıq sürən mətbuat konfransında dövlət başçısı 50 sualın hər birinə dolğun və ətraflı cavab verdi. Sualları ünvanlayan jurnalistlər bütün dünyada tanınan xarici KİV-i təmsil edirdilər. Onların dövlət başçısına sual ünvanlamaq istəmələri ilk növbədə Azərbaycana və onun 44 günlük müharibədə qazandığı tarixi Qələbəyə olan marağın təcəssümü idi. Bu mətbuat konfransı yalnız vaxt müddətinin uzunluğu deyil, eyni zamanda suallara cavabların əhatəliyi baxımından tarixə düşəcək bir tədbirdir. Bu konfrans Azərbaycan və regionla bağlı həm tarix, həm də siyasət dərsi idi.

 

Möhtərəm Prezidentimiz Ermənistana, eyni zamanda, bütün digər ölkələrə mesajlarını ünvanladı. Onlar yeni reallıqlarla barışmalı, hesablaşmalıdırlar. Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər.

 

Mətbuat konfransında həqiqətlər dil açıb danışdı, Ermənistanın bugünədək havadarları tərəfində gizlədilən əməllərinə işıq düşdü. 44 günün yaratdığı reallıqlardan biri budur ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycan bu gün artıq haqlı olduğu halda haqsız duruma düşmür. Vətən müharibəsindən sonra Azərbaycana artan diqqət göz önündədir. Dövlətimizin başçısı cənab İlham Əliyev dünya mətbuatının da ölkəmizə münasibətinin artıq dəyişdiyini vurğuladı. Reallıq budur ki, əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-lər indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verirlər.

 

Böyük maraqla qarşılanan mətbuat konfransında möhtərəm Prezident cənab İlham Əliyev postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinə də toxundu. Bu gün Ermənistanda gedən proseslərin ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıtdığını vurğulayan Azərbaycan lideri bunun günahkarlarının Ermənistanın əvvəlki və indiki rəhbərlərinin olduqlarını diqqətə çatdırdı. Artıq Dağlıq Qarabağ münaqişəsi başa çatdı və Azərbaycan bu məsələni həll etdi. İndi regionda formalaşmış yeni reallıqlara uyğun hərtərəfli addımların atılması vaxtıdır. Azərbaycan bu addımları atır və bundan sonra da atacağını hamıya elan edir.

 

Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 11 noyabr 2020-ci il tarixdə imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzun müddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcəkdir.

 

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

 

Qarabağın işğaldan azad edilməsindən sonra, hazırda bölgədə yenidənqurma və bərpa işlərinə başlanılıb. Qarabağda Türk şirkətləri artıq önəmli infrastruktur layihələrinin icra edilməsinə başlayıb. Görüləcək işlərin həcmi çox böyük olduğundan, bu işlər birgə görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Azad edilmiş torpaqlarda bir çox sahələrdə Türkiyə şirkətlərini görəcəyik.

 

Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri bölgədə sabitlik və sülhün qurulmasına xidmət edir, heç bir ölkəyə təhdid yaratmır. Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Ölkələrimiz iqtisadi-siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar. Dağlıq Qarabağdan və ətraf rayonlardan, o cümlədən, ermənilər tərəfindən dinc əhalinin atəşə tutulduğu Gəncə, Naftalan şəhərləri və Tərtər, Bərdə, Goranboy və digər yerlərdən ən çətin şəraitdə Türkiyə televiziyalarının və KİV-nin verdikləri xəbərlər Azərbaycanın ədalətli müharibəsi haqqında dünya ictimaiyyətinə məlumatların çatdırılmasında mühüm rol oynayır. Türkiyə mediasının qaynar nöqtələrdə Azərbaycan kütləvi informasiya vasitələri ilə çiyin-çiyinə birgə fəaliyyəti informasiya müharibəsi cəbhəsində üstünlüyümüzə, qələbəmizə haqq qazandıran gur səsimizin əks-sədasıdır.

 

Postmüharibə dövrü Azərbaycanın yeni tarixi hədəflərini müəyyən edir. Dövlət başçısının qeyd etdiyi kimi, "Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!''

 

Xalqımız əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü postmüharibə siyasəti qarşıya qoyulmuş məqsədlərin əldə olunmasına şərait yaradacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Naftalan ziyalısı Möhübbət Bədəlov

Mənbə: modern.az