"Azərbaycan böyük imkanlar ölkəsidir" - Metyu Brayza - VİDEO

"Azərbaycan böyük imkanlar ölkəsidir" - Metyu Brayza - VİDEO

Eurasia Diary ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza ilə müsahibəni təqdim edir.

Müsahibədən bir hissəni təqdim edirik. Daha ətraflı videoda:

- Cənab Brayza, xahiş edirəm hazırkı fəaliyyətiniz barədə bizə məlumat verin.

Metyu Brayza: Bakıdan gedən kimi xarici siyasət üzrə xidmətimi də bitirmək qərarına gəldim. Bakıya gəldim, ailəmi götürüb oradan Vaşinqtona uçdum. Ancaq təbii ki, bir planım var idi, Bakıya qayıdıb öz işimi açmağı, eyni zamanda məsləhətçi kimi fəaliyyətimi davam etdirməyi düşünürdüm. Üç il ərzində Estoniyada, Tallində müdafiə sahəsində araşdırma üzrə mərkəzdə işlədim, amma ümumilikdə öz biznesimi inkişaf etdirməyə yönəlmişəm. Bunlardan biri strateji və konsaltinq şirkətidir. Mən infrastruktura böyük investisiyalar qoymağı planlaşdıran insanlara siyasi, iqtisadi vəziyyətin nə olduğunu öyrənməyə kömək edirəm. Ekoloji problemlərlə də məşğul oluram - quruda və ya dənizdə neft dağılmaları, fabriklərdə, şəhərlərdə müxtəlif tullantıların, məsələn neftin email zamanı suyun təmizlənməsi, kimyəvi maddələr istisna olmaqla daha ekoloji təmizlənmə metodlarından istifadə edilməsi ilə məşğul oluram.

- Azərbaycanda sizdə ən çox təəssürat yaradan nə olub? Xatirələrinizdə müsbət və ya mənfi nə qalıb?

Metyu Brayza: Əla sualdır! Mənəvi baxımdan Azərbaycanla əlaqəli, bu günə qədər yaddaşımda qalan çox gözəl anlar var. Azərbaycan fərqli mədəniyyətlərin, fərqli dini etiqadların ahəngdar şəkildə bir-birinə qarışdığı ecazkar bir ölkədir. Bir dəfə Pravoslav cəmiyyətinin lideri ilə danışdım və o dedi ki, Azərbaycanda insanlara o qədər yaxşı və hörmətlə yanaşırlar ki, bəzən hamımızın azərbaycanlı olduğumuzu düşünürük. Bu, Azərbaycanı daha da özəl edir. Burada dini mənsubiyyətinizə baxmayaraq heç vaxt özünüzü qərib kimi hiss etməyəcəksiniz. Burada hər şeydə dözümlülük hiss edirsiniz, size olduğunuz kimi qəbul edir və hörmət edirlər.

- Xahiş edirəm deyərdiniz, Azərbaycanda olduğunuz müddət ərzində bütün layihələri həyata keçirə bildiniz, yoxsa nəyisə etmək mümkün olmadı?

Metyu Brayza: Bir il müddətinə Azərbaycana səfir təyin olundum. Bunlar baş verdi: Bəzi senatorlar erməni-amerikan diasporasının bir qrupunun təsiri altında mənim təsdiqim (təsdiqim) üçün səs verilməsinə imkan vermədilər ki, bu da onlar tərəfindən alçaqca qurulmuş bir hiylə idi. O vaxt eyni vaxtda bir neçə layihə üzərində çalışırdı. Yeri gəlmişkən, mən gedəndən sonra onlar layihələr üzərində işləməyə davam etdilər. Ancaq ürəkdən etdiyim, mənim üçün çox vacib olan bir layihə vardı. Birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etdik.

Qızlar və qadınlarla bağlı ən aktual məsələləri, peşə təhsili almaq, dil üzrə təlimlər keçirilməsi, məsələn, ingilis dilində təlim və s. qaldırmağa çalışırdıq. Bu cür ailələrin kişilərinə bir qızın cəmiyyətin tam hüquqlu üzvü ola biləcəyini çatdırmaq vacib idi. Onlar yaxşı təhsil ala və cəmiyyətə fayda verə bilər, vicdanla qazanc əldə edə bilər ki, bunsuz mümkün deyil. Bütün bunlardan danışarkən ilk olaraq Hacı Zeynalabdin Tağıyev ağıla gəlir. Təhsilə verdiyi töhfənin ən yaxşı nümunəsi Müsəlman Şərqində müsəlman qızlar üçün ilk məktəbin açılması olub. Biz prosesi başlatdıq, o vaxt məktəblər tikməyə kifayət qədər pulumuz vardı. Həmçinin, Astarada, Lənkəranda və digər yerlərdə mövcud olan infrastrukturun çoxundan və məhz Heydər Əliyev Mərkəzlərindən istifadə etmək istəyirdik. Prosesi başlatdıq, amma bir ildən sonra ayrılmaq məcburiyyətində qaldım, ideyanın təşəbbüskarı yanında olduğu zaman həmfikirlər əl-ələ verir, hər şey öz yolunda gedir, amma o olmadığı vaxt layihə biraz sürür və sonra hər şey yox olur.

Digər bir layihə Azərbaycanda aqrobiznesin inkişafı ilə bağlı idi. Fərdi fermerlərin məhsullarını yaxşılaşdırmasına, səmərəliliyinin artırılmasına kömək etməyə fikrimizi yönəltdik.

Mən dəqiq anladım ki, Azərbaycanın sabitliyini uzunmüddətli perspektivdə davam etdirmək və təkcə neft-qaz sektoru ilə deyil, şaxələndirilmiş iqtisadiyyatla mümkün qədər çiçəklənməsi vacibdir.

Ancaq təəssüf ki, bu layihə də çox irəliləmədi. Əsas səbəb o idi ki, azərbaycanlı fermerlərin kooperativ fikrini bəyənmədi, çünki bu, Sovet İttifaqının kənd kollektivlərini xatırladırdı.

- Bəs ölkəmizin hazırkı iqtisadi vəziyyətini şəxsən necə qiymətləndirərdiniz? Sizin şəxsi fikriniz.

Metyu Brayza: İlk dəfə 1998-ci ildə Azərbaycana gəldiyim dövrlə müqayisədə əla, xüsusən iqtisadi vəziyyət 2006-cı ildə, Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildikdə yaxşılaşdı. Sosial xidmətlər, tibbi xidmətlər və s. yaxşılaşmışdır.

Azərbaycan daim yaxşılığa doğru dəyişir, inkişaf sürətlə gedir, amma yenə də düşünürəm ki, daha çox iqtisadiyyat və neft və qazla əlaqəli olmayan sahələri inkişaf etdirmək lazımdır.

Bilirəm ki, nəqliyyat, neft və qaz sənayesi üçün avadanlıq istehsalı, habelə telekomunikasiya hökumətin həqiqətən inkişaf etdirməyə çalışdığı bir sahədir. Uzaq Şərqi Avropadan Gürcüstan, Azərbaycandan, Xəzər dənizinin dibi ilə Orta Asiyaya gedən vahid şəbəkə və fiber optik kabellər yaratdıqları layihədə iştirak etdim.

Bakı və Tiflisdə, Amazon və ya Netflix kimi kontentlə təmin edən şirkətlərin öz kontentini yerləşdirə biləcəyi həqiqi kompüter xidməti bu bölgələrdə istehlakçıya daha yaxın ola və bunun sayəsində xidmətlər daha sürətli və daha yaxşı ola bilir. Buna bənzər bir şey Azərbaycanda da edilə bilər.

- Yaxın gələcəkdə ölkəmizlə bağlı hər hansı bir layihə planlaşdırırsınız?

Metyu Brayza: Buna ümid edirəm. Hazırda liflə əlaqəli layihələr üzərində onlayn qaydada işləyirəm. Əvvəldə bəhs etdiyim biznesin inkişafına burada çox kömək etmək istərdim - bu neft dağılmalarının aradan qaldırılması, emal və s.

Açığını deyim ki, bu işi doğma Azərbaycanımda etməyə can atıram. Ümid edirəm ki, tezliklə COVID-19 pandemiyası bitən kimi bütün layihələrimi həyata keçirə biləcəyəm.

Müsahibəni aldı: Cəmilə Çebotareva

Tərcümə: Gülnar Səlimova

Mənbə: ednews.net