Dağlıq Qarabağda cəmi 20 min erməni yaşayır - BMT-dən AÇIQLAMA

Dağlıq Qarabağda cəmi 20 min erməni yaşayır - BMT-dən AÇIQLAMA

KONKRET.az olaraq ermənilərin Yuxarı Qarabağa qaytarılma prosesini diqqətlə izləyirik. Və bununla bağlı davamlı şəkildə apardığımız araşdırmalarımızın nəticələrini oxuculara təqdim edirik. Bu günsə bu məsələ ilə bağlı çox maraqlı məlumatlar əldə etmişik.

Xəbərə keçməzdən öncə deyim ki, hələ yanvar ayının əvvəllərində etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən bildirmişdik ki, noyabrın 10-dan sonra Ermənistandan Yuxarı Qarabağa 25-30 min arası erməni qayıdıb. Onların da bir qismi həyat və iş şəraitinin olmaması üzündən yenidən Ermənistana, daha sonra Rusiya və digər xarici ölkələrə üz tutublar.

Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin də məlumatını yaymışdıq. Həmin məlumatda deyilirdi ki, Qarabağa qayıdan əhalinin sayı siyasi məqsədlər üçün qəsdən artıq göstərilir. Bütün deyilənlərin və bizim yazdıqlarımızın ötən gün rəsmi təsdiqi gəldi. Dünən Rusiya mətbuatında BMT-yə istinadən məlumat yayıldı ki, 20 yanvar 2021-ci il tarixədək Qarabağa cəmi-cümlətanı 20 min erməni qayıdıb. Məlumat BMT-nin Ermənistandakı müvafiq qurumlara sifariş etdiyi araşdırma hesabına təsdiqlənib. Araşdırmada qeyd olunur ki, Ermənistan Miqrasiya Xidmətinin rəsmi məlumatlarına görə, son 6 ayda Dağlıq Qarabağdan ölkəyə təxminən 91 min qaçqın gəlmişdir. Müxtəlif hesablamalara görə, onlardan yalnız 20 mini Dağlıq Qarabağa qayıdıb. Aparılan sorğu nəticəsində məlum olub ki, qaçqın ermənilərinin təxminən 70% -i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmürlər.

Məlumatda daha sonra deyilir: “Keçən ilin payızında İkinci Qarabağ müharibəsindəki dağıdıcı məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını fəal şəkildə qovan bir çox Qarabağ ermənisi indi çətin vəziyyətdədir. BMT-nin sifarişi ilə 22 yanvar 2021-ci il tarixli bir araşdırmaya görə, “qaçqın” vəziyyətinə düşən erməni ailələrinin 85 %-dən çoxu indiki halda Qarabağa qayıtmaq istəmir. Qalan 15% -nə gəldikdə isə onlar Dağlıq Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

BMT-nin bu araşdırmanı hansı səbəbdən apardığını Rusiya mətbuatı gizlədir. Amma səbəb bəllidir. BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı var. Bu Komissarlıq əsasən qaçqınlara maddi dəstək göstərir. Eynu zamanda, Beynəlxalq Qrımızı Xaç Təşkilatının və digər humanitar qurumların qaçqınlara işində məsləhətçi kimi çıxış edir. 10 noyabrdan sonra Yuxarı Qarabağa qayıdan ermənilərə də yuxarıda adını çəkdiyimiz qurumlar yardım etmək istədi. Amma bəzi rəqəmlərdə təzadlar üzə çıxdı.

Yuxarı Qarabağa qayıdan ermənilərin sayı süni şəkildə və sürətlə artırıldı. Ona görə ki, Qarabağdakı ermənilərin sosial problemlərinin həllini Rusiya Federasiyası öz üzərinə götürmüşdü. Amma Rusiya Qarabağa qayıdan ermənilərin sayını sürətlə şişirtməklə beynəlxalq humanitar təşkilatlardan daha çox yardım almaq istədi. Bu hesaba da Moskvanın maddi yükünü bir qədər azaltmağa çalışıldı.

Bununla paralel Ermənistan höküməti də qaçqınların sosial problemlərinin bir hissəsini xarici təşkilatların üzərinə atmaq istəyir. Ona görə də İrəvan da BMT, BQXT və digər təşkilatlara hesabatlar göndərdilər. Həm Ermənistandan, həm də Rusiyadan gələn hesabatlardakı ziddiyyəti görən BMT çıxış yolu kimi özü araşdırma aparmaq qərarına gəldi. BMT-nin daha bir istinad mənbəsi isə üçüncü dərəcəli ölkələrdir.

Bildiyiniz kimi, son 4 ayda on minlərlə Qarabağ ermənisi Avropa və digər ölkələrdə qaçqın kimi sığınacaq alıb. Və sığınacaq alan ermənilərin də hesabatı davamlı şəkildə BMT-yə təqdim edilir. Çünki bu məsələlərdə də hər bir ölkənin öz siyasi məqsədləri var. Və bu və digər mənbələrdən əldə olunan məlumatlardan bəlli oldu ki, ruslar yalan danışır. Qarabağa heç də onların dediyi kimi, 53 min erməni qayıtmayıb. Çünki BMT-nin Ermənistanda apardığı araşdırma nəticəsində erməni qaçqınlarının 60 % -i üçün əsas problem kimi yardımların ədalətsiz paylanmamasını söyləyiblər. Qaçqınların təqribən 43 %-nin uşaqlarının təhsil almaq, 40 % -nin isə normal mənzil imkanına malik olmadıqlarını bildiriblər.

Erməni qaçqınlarının 73 %-dən çoxu güzəranlarının əsaslı şəkildə pis olduğunu qeyd ediblər. Qaçqın ailələrin təxminən 14% -i həftədə ən azı bir dəfə ərzaq almaq imkanına malik deyil. Nəticədə qaçqınların bir çoxu məcburi pəhrizə keçdiklərini söyləyiblər.

Sonda BMT-nin hesabatından qaynaqlanan iki məqamı da diqqətə çatdırmaq istəyirəm.

Əvvəla, Rusiya Federasiyası Müdafiə Nazirliyi son günlər Qarabağa qayıdan ermənilərin sayı barədə açıqlama vermir. Bu da onu göstərir ki, BMT-nin məlumatı yüzdə-yüz doğrudur. Çünki verilən yalan məlumatlar heç bir işə yaramır. Ona görə də ruslar “pripiska”dan əl çəkiblər.

İkincisi, BMT-nin apardığı araşdırmada deyilir ki, qaçqınlar yalnız Xankəndi və Xocavənd şəhərlərinə qayıtmaq istəyirlər. Çünki digər ərazilərdə normal həyat şəraiti yoxdur. Bu yerdə xatırladım ki, fevralın 25-də Ermənistan sosial seqmentlərində belə bir xəbər yayıldı ki, “Qondarma “dqr”-nin başçısı Arayik Arutyunyan Xankəndində mənzil problemləri ilə bağlı görüş keçirib. Görüş zamanı separatçıların rəhbəri Xankəndidə yaşayan ermənilərin mənzilləri öz soydaşlarına əsassız yerə baha qiymətə kirayə verdiyini deyib. O bildirib ki, “Qarabağda evsiz qalan ermənilərə qarşı atılan bu addım nəinki əsassız, həm də əxlaqsızlıqdır. Hökümət vəziyyəti düzəltmək üçün təcili tədbirlər görəcək. Lazım gələrsə, vicdansız ev sahibləri dəstəkdən məhrum ediləcəklər”.

Bax, bu faktın özü də sübut edir ki, BMT-nin araşdırması tamamilə obyektiv mənzərəni təsvir edir. Deməli, Qarabağda vur-tut 20 min erməni qalıb.

Mənbə: konkret.az