Zalkaliani: “Regiondakı son hadisələr yaxın əməkdaşlıq tələb edir”

Zalkaliani: “Regiondakı son hadisələr yaxın əməkdaşlıq tələb edir”

“Düşünürəm ki, Türkiyə-Gürcüstan əlaqələri baxımından önəmli bir dövrdür. Regiondakı son hadisələr yaxın əməkdaşlıq və mövqelərin uzlaşdırılmasını tələb edir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

O bildirib ki, türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə rəsmi səfəri regional kontekstdə müzakirələrin aparılması üçün fürsətdir.

“Bu yaxınlarda üçtərəfli görüş planlaşdırılırdı. Lakin təəssüf ki, bizim azərbaycanlı həmkarımızla görüşümüz baş tutmadı. Mən türkiyəli həmkarımdan rəsmi səfər etmək və sadəcə ikitərəfli deyil, regional kontekstdə də vacib məsələlərə dair müzakirə aparmaqla bağlı dəvət aldım.

Bildiyiniz kimi, Türkiyə Avro-Atlantik inteqrasiya, suverenlik və ərazi bütövlüyü məsələlərində Gürcüstanı açıq dəstəkləyir. Əlavə olaraq Türkiyə əsas strateji tərəfdaş ölkədir və geosiyasi əhəmiyyətli strateji layihələrin iştirakçısı, vacib ticarət tərəfdaşıdır. Müzakirə ediləcək əsas məsələlərdən biri regional təhlükəsizlik məsələləri olacaq”, - deyə nazir vurğulayıb.

Mənbə: apa.az