Arif Rəhimzadədən YAP açıqlaması: “Partiyada düzəlişlər olacaq”

Arif Rəhimzadədən YAP açıqlaması: “Partiyada düzəlişlər olacaq”

Axırıncı dəfə Milli Məclisin V çağırış parlamentinin sonuncu iclasında görünən və narazı çıxışı ilə yadda qalan Arif Rəhimzadə çoxdandır ki, mediadan uzaq düşüb. Açıqlama, müsahibələrlə də yadda qalmayıb.

Uzun fasilədən sonra Publika.az-a danışan keçmiş millət vəkili, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Arif Rəhimzadə söyləyib ki, hazırda müəllimlik fəaliyyəti ilə məşğuldur. 80 yaşlı siyasi xadim onu da əlavə edib ki, hazırda akademiyada işləyir: “İndi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında işləyirəm. Burada dərs deyirəm. Həm də siyasi fəaliyyətimlə məşğulam”.

Son günlər mediada yayılan xəbərlərə görə, Yeni Azərbaycan Partiyası martın 5-də qurultay keçirəcək. Yayılan məlumatlarda qurultayda “partiyanın nüfuzuna xələl gətirən”, eyni zamanda, “yaşı siyasi aktivliyinə maneə yaradan” partiya üzvlərinin YAP-dan xaric ediləcəyi, gəncləşdirmə siyasəti aparılacağı ilə bağlı məlumatlar yayılıb.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadədən bu məsələyə də münasibət öyrənməyə çalışdıq. A.Rəhimzadə bildirdi ki, rəsmi açıqlama nə zaman veriləcəksə, hakim partiya qurultayı da həmin vaxt keçirəcək:

“Kimlərin partiyadan kənarlaşdırılacağı ilə bağlı sizə heç bir şey deyə bilmərəm. Amma əlbəttə ki, partiyada düzəlişlər olmalıdır və olacaq. Partiyanın üçdə bir hissəsi gənclərdir. Gərək gənclər partiya sıralarında, onun bütün orqanlarında çoxluq təşkil etsin. Bu da təbii məsələdir. Ümumiyyətlə, cənab Prezident gəncləri qabağa çəkmək, gənclərə yüksək vəzifələr vermək siyasətini davam etdirir. Bu məsələ tamamilə gözləniləndir və olacaq”.

Tural Turan

Mənbə: publika.az