Budapeşt şəhərindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanları yad edilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Pandemiya qaydalarına uyğun şəkildə baş tutan tədbirdə Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Evinin rəhbəri David Əmirov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın köməyilə Xocalıda dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdiyi barədə ətraflı məlumat verib.

 

Bildirib ki, "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində diaspor təşkilatları da Xocalı şəhərində baş verən kütləvi qırğını dünya ictimaiyyətinə çatdırmağa, müasir dövrün imkan verdiyi bütün vasitələrlə yaşadıqları ölkələrin rəsmi qurumlarının və vətəndaş cəmiyyətlərinin diqqətini bu cinayətə hüquqi-siyasi qiymət verilməsinə, cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyinə cəlb etməyə calışırlar.

 

Vətən müharibəsində əldə edilən tarixi Qələbənin soydaşlarımız arasında böyük nikbinlik yaratdığı bildirilib və xalqımızın Xocalı soyqırımına münasibətdə də ədalətə nail olacağına ümid ifadə edilib. Sonra Macarıstan parlamentinə və Xarici işlər nazirliyinə ünvanlanan bəyanat barədə məlumat verilib.

 

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycan Evində yaradılan guşədə qara örtüyün üzərində şamlarla 29 rəqəmi əks edilib, qərənfillər düzülüb.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

“Təhqir etdiyiniz qadın 5 dəfə uşağını itirib"

SONRAKI XƏBƏR

Cənubi Koreya və ABŞ bu həftə Vaşinqtonda müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı görüşlər keçirəcək