Sosial şəbəkədə yayılan memorandum mətni Ermənistanı qarışdırıb: hökumət cavabdan yayınır

Sosial şəbəkədə yayılan memorandum mətni Ermənistanı qarışdırıb: hökumət cavabdan yayınır

Sosial şəbəkələrdə Gorus - Davud bəy və Qafan - Çakaten ("Azərbaycana xoş gəlmisiniz!" lövhəsinin quraşdırıldığı kənd - red.) yolunda təhlükəsiz hərəkətin təşkil olunması barədə memorandumun qeyri-rəsmi mətni yayılıb

BAKI, 3 mart — Sputnik. Ermənistan baş nazirinin müşaviri Tiqran Avinyan növbəti dəfə Sünik vilayətinin sərhədləri barədə Azərbaycanla imzalanmış memorandum barədə sualdan yayınıb.

Bu barədə yazır.

Sosial şəbəkədə paylaşılan memorandumun mətni barədə suala cavab verən Avinyan deyib ki, hələ 2020-ci il dekabrın 19-da Ermənistanın Müdafiə Nazirliyi Sünik vilayətinin təhlükəsizliyinin təminatı barədə məlumat yayıb.

"Biz daim təkrarlayırıq ki, bu razılaşma hələ 2020-ci ilin dekabrında əldə edilib. Rusiya tərəfi Azərbaycanla razılaşdırıb. Mən də bu tribunadan bu barədə məlumat vermişəm, dekabrın 19-da bəyan olunan məlumatı təsdiqləmişəm. Əlavə izaha ehtiyac yoxdur", - Avinyan söyləyib.

"Maariflənmiş Ermənistan" fraksiyasının deputatı Taron Simonyan Avinyana belə bir sənədin imzalanması barədə, ona kimin qol çəkməsi və bu sənədin təzyiq altında imzalanıb-imzalanmaması barədə yenidən sual verib. Simonyan vurğulayıb ki, bu cür sənəd yalnız parlamentin ratifikasiyasından keçəndən sonra həyata keçirilə bilərdi, bu isə olmayıb.

"Əgər hökumət hər şeyi müstəqil surətdə təşkil edib, özü də bu sənədə riayət edirsə, deməli, ölkədə hökumət qəsb edilib", - Simonyan deyib.

Avinyan isə suallara cavab verməyərək bircə onu bildirib ki, "bu sualla bağlı heç bir hüquqi problem yoxdur və olmayacaq".

Sosial şəbəkələrdə Gorus - Davud bəy və Qafan - Çakaten ("Azərbaycana xoş gəlmisiniz!" lövhəsinin quraşdırıldığı kənd - red.) yolunda təhlükəsiz hərəkətin təşkil olunması barədə memorandumun qeyri-rəsmi mətni yayılıb.

Ermənistanın Müdafiə Nazirliyi hələ ötən ilin dekabrında aşağıdakı məzmunda məlumat yaydığına diqqət çəkib: "Əldə edilən razılaşmalara uyğun olaraq, fasiləsiz hərəkətin təminatı məqsədilə Gorus-Davud bəy yolunda Rusiya sərhəd qoşunlarının əsgərləri yerləşdirilir. Gorus-Qafan yolunun problemli ərazilərdən keçən, uzunluğu 21 km olan hissəsinin təhlükəsizliyini rus sərhədçiləri təmin edəcəklər. Təmas xətti boyunca qarşı-qarşıya Ermənistan və Azərbaycan orduları yerləşəcəklər. Yolun göstərilən hissəsinin təhlükəsizliyini təmin etmək üçün əlavə kompleks tədbirlər nəzərdə tutulur".

Sosial şəbəkədə yayılan memorandumun mətnində isə qeyd olunur ki: "2020-ci il dekabrın 18-də erməni tərəfi silahlı birləşmələrini Azərbaycan Respublikasının Zəngilan və Qubadlı rayonlarından çıxarır".

Mənbə: sputnik.az