Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu günlərdən onun cinayətə bərabər əməlləri ilə mübarizə aparan şabranlı sahibkar Mansur İbrahimov ölkə rəhbərliyinə, Ali Məhkəmənin sədri İnam Kərimova və Məhkəmə-Hüquq Şurasına müraciətlərindən sonra barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmağa başlayıb.
Şabranlı sahibkarın sözlərinə görə, sosial şəbəkələrdə onu Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin işlərini həyata keçirən, onunla əlaqəli şəxs kimi təqdim etməyə çalışırlar. Mansur İbrahimov belə məlumatları qətiyyətlə təkzib edir. Belə məlumatların məqsədinin diqqəti onun əmlakının zəbtindən yayındırmaq və özünü ictimaiyyət qarşısında gözdən salmaq olduğunu deyir. Söhbət isə 600 hektara yaxın meyvə bağından, 89 hektar şəxsi torpaq sahəsindən, soyuducu anbardan və iki şirkətdən gedir.
Şabranlı sahibkar Mansur İbrahimovun 15 ilə yaxındır davam edən mülkiyyət mübarizəsi yeni mərhələyə qədəm qoyub. Ramiz Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə kürəkəni İlham Əlisəftər oğlu Əliyevin onun biznesini zəbt etdiyini, şirkətlərini, torpaqlarını və təsərrüfatını ələ keçirdiyini xatırladan sahibkar indi də başqa bir problemlə üzləşdiyini bildirir: onun adı ətrafında informasiya kampaniyası aparılır.

Mansur İbrahimovun sözlərinə görə, özünün illərlə qurduğu biznesin əlindən alınması ilə bağlı mübarizə apardığı halda, indi onu həmin əmlak mübahisəsində şikayət etdiyi şəxslə eyni sırada göstərməyə çalışırlar.
“Mən əlimin qabarı ilə şirkət quranda bu adamlar özgə əmlaklarını vəzifələrindən sui-istidadə etməklə ələ keçirməklə məşğul olurdular. Ramizin kürəkəninin əmlakımı ələ keçirməsi ilə bağlı illərdir mübarizə aparıram. İndi isə məni Ramiz Mehdiyevin işlərini görən adam kimi təqdim etməyə çalışırlar. Bu, həqiqətə uyğun deyil. Belə məlumatların yayılması mənim müraciətlərimdən sonra başlayıb və bunu təsadüfi hesab etmirəm”, – deyə Mansur İbrahimov bildirir.
O, bu cür məlumatların yayılmasında məqsədin ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmaq olduğunu deyir.
Əsas məsələ isə sahibkarın mülkiyyət hüquqlarının pozulması, şirkətlərinin və təsərrüfatının əlindən alınması, illərdir davam edən məhkəmə çəkişmələrinin nəticəsiz qalmasıdır.
Mansur İbrahimov vurğulayır ki, onun barəsində yayılan məlumatların kimlər tərəfindən, hansı məqsədlə və hansı mənbələr əsasında hazırlandığı da araşdırılmalıdır.
M.İbrahimov kənd təsərrüfatına 2005–2006-cı illərdə başlayıb. Şabranın torpaqlarında sıfırdan meyvə və üzüm bağları salıb, yüzlərlə hektar ərazidə təsərrüfat qurub. Onun sözlərinə görə, bütün bunları dövlət krediti almadan, öz vəsaiti hesabına edib. 2011-ci ildə artıq 196,5 hektar meyvə və üzüm bağı vardı. Həmin il təsərrüfatın gəliri təxminən 2 milyon manata çatmışdı. Sahibkar məhz biznesinin böyüdüyü, gəlirli müəssisəyə çevrildiyi vaxt ona problemlər yaradılıb. Sonradan bəlli olub ki, bu problemlər Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin şirkətə ortaq gətirilməsindən dolayı yaradılır. Belə üsullarla İlham Əliyev şirkətə daxil olub.
Mansur İbrahimovun sözlərinə görə, əvvəlcə ona 7 milyon manat sərmayə qoyulacağı vəd edilib. Lakin bu vəd yerinə yetirilməyib. Əvəzində şirkətin gəlirlərinə nəzarət, idarəetmənin dəyişdirilməsi və sahibkarın təsərrüfatdan uzaqlaşdırılması prosesi başlayıb.
Mansur İbrahimov deyir ki, 2011-ci il martın 10-da İlham Əliyev “Turaz” MMC-nin adından “Azərbaycan Beynəlxalq Bankı”ndan 20 milyon manat kredit götürülməsi üçün sənədlərin imzalanmasını istəyib, o isə bundan imtina edib.
Sahibkarın sözlərinə görə, sonrakı illərdə onun biznesinə nəzarət məhkəmələrin vasitəsi ilə faktiki olaraq əlindən çıxarılıb.
Mansur İbrahimov Moskvanın “Food City” bazarına göndərilən meyvələrin satışından əldə olunan vəsaitin mənimsənildiyini, ümumi zərərin 40-50 milyon manatdan artıq olduğunu bildirir. İndi isə onun dediyinə görə, öz əmlakını geri tələb etdiyi üçün haqqında başqa şər-böhtan məzmunlu məlumatlar yayılır.
Mansur İbrahimov İlham Əliyevin şirkətə gəlməsindən sonra onun qayınatası Ramiz Mehdiyevin də ona qarşı cinayətdə birbaşa iştirak etdiyini bildirir. Onun sözlərinə görə, Ramiz Mehdiyev Şabranın Gəndab kəndində yerləşən ona məxsus bağlara və soyuducu anbara dəfələrlə gəlib. 2011-ci ilin aprelində Ramiz Mehdiyev şəxsən onun 12 hektarlıq fındıq bağının buldozer və traktorlarla şumlanaraq məhv edilməsinə göstəriş verib. Həmin prosesdə Ramiz Mehdiyev şəxsən iştirak edib. Sahibkar bu hadisələrin görüntülərinin onda olduğunu bildirir:
“Kürəkəni İlham Əliyev birbaşa Ramiz Mehdiyevin himayəçiliyi altında mənim əmlaklarımı zəbt edib. Ramiz Mehdiyev vəzifədə olanda kürəkənini məhkəməyə verib qalib çıxmışam deyə mənə qarşı qəzəbli olub. İndi də yalan məlumat yayırlar ki, guya Ramiz Mehdiyevin işlərini görən şəxs olmuşam”.

Sahibkarın sözlərinə görə, “Turaz” MMC-nin sənədləri üzərində əməliyyatlar hələ 2008-ci ildən başlayıb. 2019-cu ildə Şabran Rayon Məhkəməsində qaldırdığı iddia üzrə əmlakın və 55 hektar bağın qaytarılması barədə onun xeyrinə qərar qəbul edildiyini bildirir. Lakin sonrakı apellyasiya mərhələsində digər iddiaçı Cavanşir Quliyevin iddiadan geri çəkilməsi nəticəsində prosesin davam etmədiyini deyir.
Mansur İbrahimov bu hadisənin də təzyiq və təsir nəticəsində baş verdiyini bildirir. Onun fikrincə, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə məhkəmə sistemində ədalətli qərar əldə etmək çətin idi. Bu gün isə həmin dövrdən qalan problemlər hələ də həllini tapmayıb.
Mansur İbrahimov hazırda iki şirkətinin, ümumilikdə 600 hektara yaxın meyvə bağının, soyuducu anbarının və xüsusi mülkiyyətində olan 89 hektar torpaq sahəsinin geri qaytarılmasını istəyir. O, ölkə rəhbərliyinə, Ali Məhkəmənin sədri İnam Kərimova və Məhkəmə-Hüquq Şurasına müraciətlərində əmlak mübahisəsinə ədalətli hüquqi qiymət verilməsini, barəsində yayılan həqiqətə uyğun olmayan məlumatların araşdırılmasını xahiş edir.
E.MƏMMƏDƏLİYEV
Mənbə: musavat.com