Azərbaycan-Pakistan əməkdaşlığı bütün Şərqə yayılır - Baş Qərargah rəisinin səfəri və əməkdaşlıq imkanları

Azərbaycan-Pakistan əməkdaşlığı bütün Şərqə yayılır - Baş Qərargah rəisinin səfəri və əməkdaşlıq imkanları

Pakistanın Silahlı Qüvvələri Baş Qərargah rəisi Nadim Raza Azərbaycana rəsmi səfərdədir. Səfərin ilk günündə dövlət başçısı İlham Əliyev və Müdafiə naziri Zakir Həsənov ilə görüşən Nadim Raza bir sıra məsələləri, o cümlədən iki ölkə arasında hərbi-iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Azərbaycan Prezidenti Pakistanla olan əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Dövlət başçısı gələcək illərdə isə iqtisadiyyat sahəsində geniş işbirliyinin nəzərdə tutulduğunu bildirib.

Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli əməkdaşlıq formatının müsbət nəticələri səsləndirilib. Regionda sülhün inkişafı üçün birgə səylərin artırılması vurğulanıb.

Politoloq İlqar Vəlizadə Eurasia Diary-yə Azərbaycanla Pakistan münasibətlərinin gələcək perspektivlərini şərh edib.

İlqar Vəlizadə son dövrlər Türkiyə-Azərbaycan-Pakistan strateji üçlüyünün meydana gəlməsinin özünü qabarıq göstərdiyini bildirib. Bu formatın özünü bir neçə sahədə büruzə verir: “Əlbəttə, strateji formatdan danışmaq olar və bu formatın bir neçə sahələri var. Hərbi əməkdaşlıq ön plandadır, tərəflər diplomatik sahədə əlaqələrin sıx olmasından bəhs edirlər. Mən düşünürəm ki, önümüzə gələn illərdə iqtisadi sahədə də önəmli addımlar atılacaq. İnvestisiya layihələri irəli sürülə bilər və bu zaman da yeni perspektivlər yaranacaq”.

Bu format sadəcə üç ölkəni özündə ehtiva etməyəcək. Əməkdaşlıq arealının qonşu dövlətlərə də yayılması gözlənilir. Politoloq Azərbaycanın iştirakı ilə regionda bir neçə üçtərəfli əməkdaşlıq formatlarının mövcudluğunu qeyd edib. O, buraya Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə, Azərbaycan-Türkmənistan-Əfqanıstan formatlarının daxil olduğunu söyləyib.

“Bu formatların qarşılıqlı şəkildə inkişafı Azərbaycan-Türkiyə-Pakistan formatının da inkişafına töhfə verəcək. Azərbaycan-Türkmənistan-Əfqanıstan formatının inkişafı eyni zamanda yol-nəqliyyat infrastrukturunun qurulmasına xidmət göstərə bilər. Düşünürəm ki, üç ölkə arasında bu infrastruktur qurulandan sonra Pakistanla da eyni işləri görə bilərik. Çünki Pakistan Əfqanıstanla, Əfqanıstan isə Türkmənistanla sərhəd olan ölkələrdir. Bununla da əməkdaşlıq formatları qarşılıqlı şəkildə inkişaf edəcək. Ən önəmlisi budur ki, bütün formatlarda Azərbaycan iştirak edir və bununla da biz qovşaq rolunu oyanayacağıq”, deyə politoloq bildirib.

Çin Pakistanla geniş iqtisadi əlaqələrə malikdir. Belə ki, Çinin nəhəng “Kəmər və Yol” layihəsi bu əlaqələrin əsasını təşkil edir. Nəzərə alsaq ki, Azərbaycan da bu təşəbbüsə qoşulub, o zaman Pakistanla əməkdaşlığın inkişafı Çinlə də olan əlaqələrə ciddi təsir edə bilər.

“Çin Pakistanla çoxmilyardlı nəqliyyat layihələri həyata keçirir. Məsələn, Çinin Kaşqar şəhərindən Pakistanın Qvadar dəniz limanına qədər böyük yol salınıb. Qeyd edək ki, həmin bu liman da Çinin hesabına tikilib. Eyni zamanda, Azərbaycanla da bağlı Çinin nəqliyyat-infrastrukturu inkişaf etdirilib. Lakin biz Çinlə “orta” yol marşurutlarından danışırıqsa, Pakistanla Çin arasındakı infrastruktur isə Çinin “Kəmər və Yol” təşəbbüsünün “cənub” seqmentini təşkil edir. Burada Azərbaycandan keçən “orta” yolun və Pakistandan keçən “cənub” dəhlizinin kəsişməsi əlavə imkanlar yaradır. Bu nəqliyyat qovşaqlarının üzərində yerləşən ölkələr üçün də perspektiv vəd edir. Burada təkcə Azərbaycan və Pakistan deyil, eyni zamanda Türkmənistan və Əfqanıstan kimi ölkələr də bəhrələnəcək”, deyə politoloq qeyd edib.

Azərbaycanın Pakistanla iqtisadi əlaqələrinin regionun təhlükəsizliyinə də töhfə verəcəyi gözlənilir. Politoloq bu əməkdaşlıq formatlarının inkişafının regionun təhlükəsizliyinə müsbət təsir edəcəyini dilə gətirib.

“Bu layihələr uzunmüddətlidir və böyük sərmayələr tələb edir. Belə olduqda müəyyən təhlükəsizlik zəmanəti də verilməlidir. Bunu təmin edən ölkələr təhlükəsizlik sahəsində də sıx əməkdaşlıq etməlidirlər. Eyni zamanda hərbi texniki səviyyədə də əməkdaşlıq inkişaf olunmalıdır. Bu sahədə də Azərbaycanla Pakistan arasında birgə təlimlərin keçirilməsi ilə bağlı olan razılıq regionun təhlükəsizliyinnin təminatına xidmət edə bilər. Azərbaycan 44 günlük müharibəni uğurla başa vurub. Azərbaycan öz ordu potensialını sınadı. Eyni zamanda, qardaş Pakistan xalqı da böyük təcrübəyə malikdir. Onlar Kəşmir istiqamətində müxtəlif uğurlu əməliyyatlar keçiriblər və keçirirlər. Bu məsələdə Pakistana azərbaycanlı həmkarlarının da müəyyən dəstəyi ola bilər. Biz qarşılıqlı təcrübə mübadiləsi apara bilərik”, deyə İlqar Vəlizadə fikrini tamamlayıb.

Ülvi Əhmədli

Mənbə: ednews.net