“Bu adam yolunu o qədər azıb ki, Putinin imzasına belə hörmət etmir...”

“Bu adam yolunu o qədər azıb ki, Putinin imzasına belə hörmət etmir...”

Rusiyalı deputat Konstantin Zatulin son açıqlamalarının birində Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa 5 illik yox, həmişəlik girdiyini vurğulayıb. Bu isə Azərbaycanda ciddi narazılıqla qarşılanıb.

KONKRET.az-ın məlumatına görə, deputat Vahid Əhmədov məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, Zatulin Azərbaycanın xeyrinə bu günə qədər heç bir fikir səsləndirməyib:

“Zatulin hər zaman Ermənistanı müdafiə edib. Zatulinin deməyilə nə dəyişir ki? Hələ bilmək olmaz ki, sülhməramlılar Qarabağda 5 il qalacaq, ya yox. Çünki hazırda Qarabağla bağlı ciddi proseslər gedir. Azərbaycan Prezidentinin Qarabağla bağlı müəyyən planları var və onları həyata keçirəcək. Sülhməramlılar müvəqqətidir. Bəziləri qeyd edir ki, Rusiya sülhməramlıları mənfur niyyətlə Qarabağa girib. Türkiyənin bölgədə üstünlüyü ələ aldığı və Azərbaycanın arxasında dayandığı bir vaxtda bu, mümkün deyil. Bundan əlavə, Azərbaycan Pakistanla ciddi əlaqələr qurur və müəyyən müqavilələr imzalayır. Zatulin getsin Rusiyanın daxili vəziyyəti ilə maraqlansın. Rusiya Paşinyanı devirmək istəyirdi. Bunu bacara bilmədi. Çünki Paşinyan xalq tərəfindən seçilib. Buna görə də Ermənistanda Rusiya əleyhinə şüarlar səsləndirilir. Mən və həmkarlarım heç vaxt razı olmarıq ki, Azərbaycan ərazisində Türkiyədən başqa hər hansısa bir dövlətin hərbi bazası olsun. Türkiyə bizim qardaşımızdır”.

Millət vəkili Fəzail Ağamalının fikrincə, Zatulinin mövqeyi hər kəsə bəllidir: “Bu adam birmənalı şəkildə illərdir ki, Ermənistanın və onun haqsız mövqeyinin arxasındadır. Sülhməramlılarla bağlı dediyi fikirlər isə Zatulinin növbəti sərsəmləməsidir. Zatulinin fikirləri beynəlxalq hüquq normalarına, Azərbaycan dövlətinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə təhdid xarakteri daşıyır. Azərbaycan Ordusu 44 günlük müharibədə həm ermənilərin silahlı qüvvəsini məhv etdi, həm də Zatulinin düşüncələrinin üzərindən xətt çəkdi. Zatulin və onun kimilərin açıqlamaları Azərbaycanın suverenliyinə və gücünə zərrə qədər də təsir etmək iqtidarda deyil”.

O bildirib ki, Zatulin savadlı adamdırsa, mənsub olduğu ölkənin prezidentinin imzaladığı sənədi oxumalı və ona hörmət etməyi bacarmalıdır: “Həmin sənəddə qeyd olunub ki, Rusiya sülhməramlıları 5 il müddətində Qarabağda olmalıdır və tərəflərdən biri etiraz etməsə, bu müddət uzadılacaq.

Mənbə: konkret.az