ABŞ Myanmanın iki nazirliyini qara siyahıya salıb

ABŞ Myanmanın iki nazirliyini qara siyahıya salıb

ABŞ Ticarət Nazirliyi çevrilişlə əlaqədar Myanmaya qarşı məhdudiyyətlər tətbiq edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunur.

Məlumata görə, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, həmçinin hərbçilərin nəzarətində olan “Myanmar Economic Corporation” və “Myanmar Economic Holding Limited” şirkətləri ABŞ Ticarət Nazirliyinin qara siyahısına salınıb. Bundan başqa, ABŞ rəhbərliyi Myanma ilə münasibətdə ixracata nəzarəti sərtləşdirir.

“ABŞ Myanma xalqı ilə tam həmrəylikdə qalır və ordunun dinc etirazçılara qarşı şiddətini kəskin şəkildə qınayır. ABŞ rəhbərliyi çevrilişdə məsuliyyət daşıyanların mühakiməsini davam etdirəcək”, - deyə nazirliyin açıqlamasında ​​deyilir.

Öz növbəsində, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Ticarət Nazirliyinin addımlarını şərh edərək, öz “Twitter” səhifəsində bildirib ki, Vaşinqton “xunta rejiminə qarşı tədbirləri və Myanmada demokratiya çağırışlarını davam etdirəcək”.

Mənbə: apa.az