Azərbaycan müxtəlif xalqların əmin-amanlıq şəraitində yaşadığı nadir ölkələrdəndir

Azərbaycan müxtəlif sivilizasiyaların birgəyaşayış formasını paylaşdığı, mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı nadir ölkələrdəndir. Belə bir mühit tarixən Azərbaycanın və azərbaycanlıların həyat tərzi olmuşdur. Azərbaycanda multikulturalizm, tolerantlıq, birgəyaşayış və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.

Bu gün Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin möhkəmlənməsinə yol açmışdır. Birgəyaşayış bu siyasətin ən önəmli hissəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Azərbaycan tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş vermişdir. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.

Qazanmış olduğumuz qələbədən sonra illərdir öz yurd yuvasından didərgin düşmüş millətimiz doğma el-obasına qayıtmaq arzusuna qovuşub. Ancaq buradan belə bir sual çıxır. Bəs bundan sonra azad edilmiş torpaqlarda məskunlaşmış erməni xalqı ilə birgəyaşayış mümkün olacaqmı?

Bütün dünyanın diqqət mərkəzində olan bu suala cənab Prezident İlham Əliyev dəfələrlə aydınlıq gətirmiş, tutarlı faktlar və izahlarla fikrini əsaslandırmışdır. Ölkə başçımız 44 günlük Vətən müharibəsi dövründə müsahibə və açıqlamalarında bunu dönə-dönə qeyd etmişdir. Xüsusilə, fevralın 26-da yerli və xarici media nümayəndələrinin iştirakı ilə baş tutan, 4 saat davam edən mətbuat konfransında bir daha bu fikirlər dünya ictimaiyyətinin nəzərinə çatdırılmışdır.

Xocalı soyqırımının 29-cu ildönümünə təsadüf edən konfarsa cənab Prezident soyqırım qurbanlarını anmaqla sözə başlamışdır. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt bir daha baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürü kimi cənab Prezident tərəfindən bir daha dünya ictimaiyyətinin diqqətinə təqdim olundu.

Prezident İlham Əliyev xarici jurnalistlərin suallarını cavablandırarkən qeyd etmişdir - " Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Bu problemi daim qabardan erməni dövləti və hərbi rəhbərliyi olmuşdur". Ölkə başçısı erməni xalqının bu günkü rəzil duruma düşməsini məhz bu rəhbərliyin və xarici havadarların gətirib çıxardığı bir reallıq olduğunu səsləndirmişdir. Bununla bərabər dövlət başçısı çox gözəl bir məqama toxunaraq qeyd etmişdir - "Biz bu gün Dağlıq Qarabağ ifadəsini işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində də erməni xalqı yaşayır və biz buna etiraz etmirik". Erməni əhalisi Azərbaycanın bu hissəsinə XlX əsrin əvvəllərində köçürülmüşdür və buna baxmayaraq o zaman da bizim xalqlar arasında birgəyaşayış mümkün olmuşdur indi də bu real görünür. Nəinki Qarabağda Azərbaycanın bir çox yerində ermənilər indi də dinc halda yaşayır və yaşamağa davam edəcəkdir. "Erməni xalqına yalnış vədlər vermək lazım deyil!" deyən cənab Prezident onu da bildirmişdir ki, "Azərbaycan dövləti heç vaxt imkan verməz ki, erməni faşizmi yenidən baş qaldırsın!"

Azərbaycanda məskunlaşıb yaşayan digər bütün xalqlara qarşı dövlət dəstəyi və münasibəti eynidir. Bunu dövlət başçısının "Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var!" ifadəsi bir daha sübut edir. Bunlarla bərabər dövlət başçısı birgəyaşayış mövzusuna birmənalı yanaşmayan radikal qüvvələrin sülhə deyil, qarşıdurmaya xidmət etdiyini bildirmişdir. Azərbaycan və erməni xalqlarının birgəyaşayış həyat tərzinə aid də bizdə real təsəvvürlərin olduğunu, bunun mümkünlüyünü dəfələrlə qeyd etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyindən buna oxşar bəyanatların səsləndirilməməsi bu prosesi ləngidən amil kimi vurğulanmışdır.

Vətən müharibəsi dövründə erməni əsirlərinə Azərbaycan tərəfinin xüsusi humanist münasibəti bir daha ictimaiyyət qarşısında səsləndirilmişdir. "Erməni xalqı ilə birgəyaşayışın tarixi vardır” deyən Prezident İlham Əliyev bunun nəinki Azərbaycanda hətta Ermənistan və dünyanın digər ölkələrində mümkün variantları üzərində fikirlərini əsaslandırmışdır. Onu da qeyd etmişdir ki, bu birtərəfli məsələ deyil, erməni xalqı da buna hazır olmalıdır. Lakin erməni xalqının zəhərlənmiş beyinləri bu xəstəlikdən xilas edilməli və zamanın reallığı qəbul etməyə hazır olmalıdır.

Konfransda xarici müxbirlər davamlı sülhün təmin olunması məsələsinə də toxunmuşlar və səsləndirilən: Sizcə davamlı sülhü təmin etmək, gələcəkdə belə soyqırımlarının qarşısını almaq olarmı və Azərbaycanın belə bir səmimi niyyəti varmı ki, gələcəkdə davamlı sülhün tərəfdarı olacaq ? sualı qarşısında cənab Prezidentin mövqeyi bir mənalı ifadə olunmuşdur. O, bildirmişdir ki, biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan baş naziri deyirdi ki, "Qarabağ Ermənistandır və nöqtə”, ondan sonra hansı proses ola bilərdi, hansı danışıqlardan söhbət gedə bilərdi? Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti işğal etdiyi torpaqları bizə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat - biz təbii ki, adekvat cavab verməli olduq. Ona görə də bu sual veriləndə ki, davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar ifadəsi ilə fikrini tam səlis əsaslandırmışdır.

Konfrans müddətində davamlı sülh və birgəyaşayış məsələlərinə dönə-dönə qayıdan cənab İlham Əliyev əlavə etmişdir ki, Azərbaycanda minlərlə erməni yaşayır və ermənilər bizim vətəndaşlarımızdır. Hətta müharibə dövründə erməni əsirlərlə bizim davranışımız buna bariz nümünədir deyib, bir misal da çəkmişdir: Azad edilmiş bir kənddə iki ahıl insan yiyəsiz qalmışdı. Yəni oradan qaçan "qəhrəman” erməni əsgərləri onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirdik. Ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz dövlət sərhədində onları təhvil vermək istəyirik. Biz onları sərhədə gətirəndə onlar qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir. Qırmızı Xaç da bunun şahididir, biz bunu Qırmızı Xaçın iştirakı ilə edirdik.

Prezident İlham Əliyev tərəfindən bu kimi dünya humanizminə xidmət edən, xalqlarla birgəyaşayış ənənələrinə sadiqliyimizin ifadəsi olan əsaslandırılmış fikirlər dünya icimaiyyəti qarşısında səsləndirilərək mövqeyimizi ortaya qoyulmuşdur.

Konfrans boyu dəfələrlə səsləndirilən müharibədən sonra regionun inkişaf perspektivlərinin necə qiymətləndirilməsi, işğaldan azad edilmiş torpaqlarda aparılan təmir- bərpa, yüksəliş layihələri ölkəmizə, region dövlətlərinə necə öz töhfəsini verməsi xarakterli suallar da səsləndirilmişdir. Bu yönümlü suallara da Prezident çoxsaylı layihələr, xarici investorların bu layihələrdə iştirakı, bu regiona sərmayə qoyuluşu və sair aspektlərdən yanaşaraq ətraflı izah vermişdir.

Yekun olaraq deyə bilərik ki, cənab Prezidentin qeyd etdiyi kimi bizim bütün siyasi və iqtisadi platformalarda mövqeyimiz şəffaf olub. Nümayiş etdirdiyimiz bu mövqe artıq dünya dövlətləri tərəfindən də tanınır və qəbul olunur. Bu faktlar və əsaslı nümünələr bir daha sübut edir ki, biz xalq olaraq da birgəyaşayışı dəstəkləyir, bunun üçün səylərimizi əsirgəməyir və bu qürür duyuruq.

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir

SONRAKI XƏBƏR

ABŞ və Britaniya Moskvaya qarşı yeni sanksiyalar HAZIRLAYIR