Bakı, Ankara və İslamabad: əlaqələr daha güclü olacaq

Bakı, Ankara və İslamabad: əlaqələr daha güclü olacaq

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı vasitəsilə ortaq maraq kəsb edən layihələrin reallaşdırılmasını dəstəkləyir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Pakistanla Azərbaycan arasında yaxın gələcəkdə energetika və nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur:

"Beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşı qismində çıxış edən, eyni zamanda Qarabağ savaşında əldə etdiyi zəfərlə regionda və ümumilikdə dünya siyasi arenasında gücünü daha da artıran Azərbaycan ayrı-ayrı dövlətlərlə olduğu kimi, regional və beynəlxalq təşkilatlarla da səmərəli və faydalı iş mexanizmi üzrə əməkdaşlıq edir. Bunlardan biri ölkəmizin 1992-ci il noyabrın 28-də qoşulduğu İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Əgər təşkilatın əsas məqsədləri çərçivəsində regionda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meyilləri nəzərə alaraq regiondaxili və regionlararası ticarəti genişləndirməkdirsə, Azərbaycan da cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bölgədə yaratmış olduğu yeni geosiyasi reallıqlar kontekstində bu amilləri dəstəkləyən başlıca ölkələrdən biri qismində çıxış edir. Eyni zamanda, təşkilat çərçivəsində qarşılıqlı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini nəzərdə tutan İƏT Ticarət Sazişi vasitəsilə üzv dövlətlər arasında ticarətin liberallaşdırılması əsas tutulursa, Azərbaycan həm bu təşkilata üzv olan ayrı-ayrı dövlətlərdə individual şəkildə, həm də İƏT çərçivəsində də əməkdaşlıq edir. Belə ki, üzv ölkələrdən biri Pakistanla yaxın gələcəkdə energetika və nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Belə ki, Pakistanın Azərbaycandan keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacağı da planlaşdırılan məsələlər içərisindədir.
Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı çərçivəsində də üzv dövlətlərin rəhbərləri bir daha ölkə başçımız cənab İlham Əliyevi zəfər münasibətilə təbrik etdilər və bundan sonra da əməkdaşlığın daha da dərinləşdirilməsində hər bir tərəfin maraqlı olduğunu ifadə etdilər.

Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin reallaşdırılmasını da dəstəkləyir və bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış edir. Bu xüsusda, martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı dövlətlər İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzaladılar ki, bu istiqamətdə mövcud məsələ ilə bağlı müvafiq qərar Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi və təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilib.

Bununla yanaşı regionda yaranmış yeni reallıqdan sonra Azərbaycan, Pakistan və Türkiyə ilə strateji əməkdaşlıq daha dərinləşdirilir və hər üç ölkənin dərin əməkdaşlığı regionda həm sülhün, əmin-amanlığın qorunmasına, həm də ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək düşünülmüş, nəticəyə istiqamətlənmiş, dərin siyasi addımdır. Hər üç dövlətin regionda sülh və ədalətin tərəfdarı olması bütün bölgə xalqlarına rifah vəd edir".

Politoloq deyib ki, götürdüyü öhdəlikləri vaxtında icra etməsi Azərbaycanı istər regionda, istərsə də dünyada beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşı kimi tanıdıb:

"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlı tərəfində qismində çıxış edir. Bu istiqamətdə ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması və tariflərin azaldılması, həmçinin qarşılıqlı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini nəzərdə tutan İƏT Ticarət Sazişi vasitəsilə üzv dövlətlər arasında ticarətin liberallaşdırılmasını nəzərdə tutan işlər görülməkdədir ki, məhz bu amillərin özü də dövlətlər arasında ticarət dövriyyəsinin artırılmasına, hər bir tərəfin qazanc əldə etməsinə və nəticə etibarilə də xalqların həyat standartlarının yaxşılaşdırılmasına xidmət edəcək. Azərbaycan Təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir.

Bundan sonra İƏT-ə sədrliyi Türkmənistan edəcək. Azərbaycanla Türkmənistan arasında da münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Belə ki, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanması bunun əyani sübutudur. Sübut olunur ki, Azərbaycan bütün məsələlərin dialoq və əməkdaşlıq mühitində həll edilməsinin tərəfdaşı olan ölkədir.

Eyni zamanda, tərəfdaş çıxdığı layihələr çərçivəsində götürdüyü öhdəlikləri vaxtında icra etməsi Azərbaycanı istər regionda, istərsə də dünyada beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşı kimi tanıdıb. Bütün bu amillər onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə olduqca mühüm təsir göstərir ki, həm dövlətlər, həm də müxtəlif təşkilatlar Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirirlər".

Təhməz Əsədov
Milli.Az

Mənbə: news.milli.az