Ermənistanda üçüncü qüvvə problemi üzə çıxdı – İrəvan qarşıdurmanın pik həddində...

Ermənistanda üçüncü qüvvə problemi üzə çıxdı – İrəvan qarşıdurmanın pik həddində...

Ermənistanda hakimiyyət və müxalifət arasında mövcud ziddiyyət davam etməkdə, ölkədə yaranmış siyasi böhran daha da dərinləşməkdədir. Böhranın davam etməsi isə Ermənistan üçün təkcə siyasət yox, iqtisadiyyat, sosial həyat və digər istiqamətlərdə artıq daha böyük problemlər yaradır.

Artıq ikinci həftədir bir-birinin istefasını tələb edən Ermənistan siyasi və hərbi rəhbərliyi ümumi razılığa gələ bilmir. Əvəzində İrəvan küçələrində münaqişə tərəflərinin mitinqləri davam edir. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalif qüvvələr parlament binasının yerləşdiyi prospektdə çadırlar qurub, Paşinyan getməyincə burada qalacaqlarını deyirlər. Əslində, bu ölkədə hakimiyyətə qarşı etirazlar Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında noyabrın 10-da Qarabağ müharibəsinin dayandırılması haqqında bəyanat imzalandıqdan sonra başlayıb. Lakin fevralın 25-dən etiraz dalğası daha da güclənib. Buna Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanı istefaya göndərmək qərarı səbəb olub. Xatırladaq ki, Xaçatryan baş nazir Paşinyanın "İsgəndər" raket komplekslərinin Qarabağ müharibəsi zamanı özünü doğrultmadığına dair bəyanatını istehza ilə şərh etmişdi. Onun istefasından sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın başçılığı ilə 40-a yaxın yüksək rütbəli hərbçi baş nazirin və Nazirlər Kabinetinin istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandırıb və dərhal Baş Qərargah rəisinin istefasına sərəncam verib. Lakin prezident Armen Sarkisyan müxalif və parlament siyasi qüvvələri və hərbi rəhbərliklə məsləhətləşdikdən sonra ona iki dəfə göndərilən sənədi imzalamadan geri qaytarıb. Politoloqlar yaranmış vəziyyəti birmənalı olaraq siyasi böhran kimi səciyyələndirir. Amma müxalifətin ordunun dəstəyi ilə baş nazir Nikol Paşinyanı istefaya məcbur edəcəyi ilə bağlı fəaliyyət və gözləntiləri fiaskoya uğrayıb. Ermənistan generaliteti arasında Paşinyanın tərəfində olanların mövcudluğu ordu rəhbərliyi arasında da artıq parçalanmanın yaşanmasına səbəb olub. Yaranmış vəziyyətdə hakimiyyətin rəqiblərini neytrallaşdırmaq üçün inzibati metodlardan istifadə etməyə başlaması müşahidə edilməkdədir. “Vətənin xilası uğrunda hərəkat”ın baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyana qarşı cinayət işinin açılması bunun təsdiqidir. Manukyan cinayət işinin siyasi motivlərə söykəndiyini bildirir, istintaqla əməkdaşlıqdan imtina edir. Müxalifət sıralarında yer alan “Qarabağ klanı”nın təmsilçilərindən olan Robert Köçəryanla da bağlı cinayət işinə son verilməyib. Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında Köçəryan barəsində olan cinayət işi ilə bağlı məhkəmə prosesinin illərlə davam edəcəyini istisna etməyib. Klanın digər nümayəndəsi Serj Sarkisyan isə Paşinyan tərəfindən Onik Qasparyanla işbirliyində ittiham edilir. Bu əsasda Serj Sarkisyana qarşı yeni cinayət işinin qaldırılması gözlənilir. Paşinyanın istefasını tələb edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana qarşı da cinayət işinin qaldırılmasına hazırlıq gedir. Düzdür, bu xüsusda Ermənistan mediasında yayılan məlumatları bu ölkənin Baş Prokurorluğu, hələ ki, təkzib edir. Lakin media, bu təkzibə baxmayaraq, Qasparyana qarşı tezliklə ittihamlar irəli sürüləcəyini iddia edir. Hakimiyyət artıq Qasparyanı Baş Qərargah rəisi vəzifəsində əvəz edəcək namizədlər müəyyən edilməsinə başlayıb. Onlar əsas etibarı ilə baş nazirə qarşı neytral və ya loyal mövqe tutan generallardır. Bəzi müxalif liderlərin, eləcə də Qasparyanın müxtəlif ittihamlarla həbsi müxalifətin inzibati güc yolu ilə neytrallaşdırılmasına imkan verir. Bu halda Paşinyan hakimiyyətinin qorunması üçün əlavə imkanlar əldə edəcəyini düşünür. Bu kontekstdə müxalifət Paşinyana qarşı daha həlledici addımların atıla biləcəyini bildirir. Vazgen Manukyan daha əvvəl belə həlledici addımın hakimiyyətə qarşı qiyam olduğuna dair açıqlamalar verib, müvafiq planların hazırlandığını da bəyan edib. Qiyamdan ehtiyat edən hakimiyyət Ermənistan paytaxtına daxili qoşunların əlavə qüvvələrini yeridib.

“Qafqaz İnstitutu” təhlil mərkəzinin direktoru, politoloq Aleksandr İskandaryan mövcud siyasi böhranın bu fonda yaxın tezlikdə çözülməyəcəyini bildirir: “Müxalifətin inqilab niyyəti alınmır. İnqilab, 2018-ci ildə olduğu kimi, yüz minlərlə insanın küçəyə çıxdığı məqamda uğurlu olur. Mövcud böhranın gözə çarpan xüsusiyyəti odur ki, nə müxalif qüvvələrin, nə də Paşinyanın tərəfdarlarının mitinqləri kütləviliklə seçilir. Cəmiyyətin əksər hissəsində süstlük, laqeydlik, yorğunluq hiss olunur. İnsanlar küçəyə çıxıb iki il yarım ərzində ikinci dəfə "inqilab etmək" həvəsində deyil, çünki onlar nəyinsə dəyişməsinə heç bir imkan, perspektiv olmadığını görür. Yüksək rütbəli hərbçilərin istefa tələbi etiraz hərəkatının mövcudluğu ilə bağlı qarışıq vəziyyətin tərkib hissəsidir. Bunu üsyan da adlandırmaq olmaz, hərbçilər 15 dəqiqəyə tankları küçəyə çıxara bilər, lakin onlar bunu etmir. Digər tərəfdən, baş nazirin istefasına çağırış da ordunun siyasətə qarışmaması prinsipini pozmaqdır. Müxalifətə gəldikdə, onlar da hələ dönüş yaradacaq miqdarda insan meydana çıxara bilmir. Paşinyanın hökumətinə qarşı kilsə də, universitet müəllim və professorları da, Elmlər Akademiyası da çıxış edib, bəzi icma və rayon başçıları etiraz olaraq vəzifələrini tərk edib, ölkə prezidenti növbədənkənar seçkilər keçirməyi təklif edib. Lakin küçədə yetərli sayda insan yoxdur”.

Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, bu gün Ermənistan elə vəziyyətə düçar olub ki, ondan çıxış yolu görünmür: “Cəmiyyət bu halda yenidən Nikol Paşinyana etimad göstərmək məcburiyyətində qala bilər. Lakin Nikol Paşinyan 2020-ci il Qarabağ müharibəsindən sonra ermənilərin şüurunda məğlubiyyət, şok və təhqirlə assosiasiya olunan bir şəxs olub. Bu məğlubiyyətdə ondan qabaq az qala 30 il ölkəyə rəhbərlik edənlərin "əməyinin" daha çox olduğunu, ölkənin iqtisadi, texnoloji inkişafı baxımındın Azərbaycandan ildən-ilə daha da geri qalması üçün onların məsuliyyət daşıdığı haqqında mülahizələr də eşitmək olar. Paşinyanın tənqidçiləri, onun sələflərindən fərqli olaraq, onu məsuliyyətsiz bəyanatları ilə Bakını təhrik etməkdə və Moskvanı qıcıqlandırmaqda günahlandırır. Paşinyanın alternativi kimi isə əsasən Robert Köçəryan və Serj Sarkisyanın adları hallandırılır. Digər tərəfdən, korrupsiya, iqtisadi durğunluq və müharibədə məğlubiyyətə gətirən geriləmə məhz bu iki şəxsin adları ilə bağlanılır. Üçüncü qüvvə lazımdır. O isə yoxdur. Və çətin ki, yaxın gələcəkdə peyda olsun".

Mənbə: www.baki-xeber.com