Mülki hüquqi müqavilələrə son – Məcəllə dəyişir

Mülki hüquqi müqavilələrə son – Məcəllə dəyişir

Milli Məclisdə "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəddə əsas dəyişikliklərdən biri mülki hüquqi müqavilələrin çərçivəsinin daralması ilə bağlıdır.

Valyuta.az xəbər verir ki, qanun layihəsini şərh edən iqtisadçı Qalib Toğrul bildirib ki, bunun üçün layihənin müəllifləri, ilk növbədə, "əmək münasibətləri nədir” sualına cavab verməyə çalışıblar. Nəzərdə tutulan dəyişikliklərdə əmək münasibətlərinə belə tərif verilib: "Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir".

Bununla əmək münasibətləri ilə mülki hüquqi münasibətlər arasındakı qırmızı xəttin çəkiləcəyini deyən Q.Toğrul qeyd edib ki, layihədə əmək münasibətlərini xarakterizə edən (mülki hüquqi münasibətlərdən fərqləndirən) 8 meyar müəyyənləşdirilib:

I MEYAR: Əgər işəgötürənlə işçi arasındakı münasibətlər Əmək Məcəlləsində təsbit olunmuş əmək müqaviləsinin şərtlərinə və Məcəllənin əlavəsindəki nümunəvi formaya uyğundursa, o zaman tərəflər arasında əmək münasibətləri yaranır.

II MEYAR: Tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edilirsə, əmək münasibətləri yaranır.

III MEYAR: Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, demək, əmək münasibətləridir.

IV MEYAR: Əgər müqavilənin predmeti sifariş verənin (işəgötürənin) əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsidirsə, mülki hüquqi müqavilə bağlanılmasına yol verilmir. Tutaq ki, saytın (qəzetin) rəhbəri saytda (qəzetdə) işləyən jurnalistlə (davamlı yazılar yazan, saytın rəhbərinin tapşırıqlarını həyata keçirən) mülki hüquqi müqavilə bağlaya bilməz, çünki məqalə hazırlamaq saytın əsas fəaliyyətidir. Bu, tələb təkcə sayta yox, bütün kütləvi informasiya vasitələrinə aiddir.

V MEYAR: Əvəzçiliklə və ya müvəqqəti əvəzetmə qaydasında işləri (xidmətləri) yerinə yetirənlərlə əmək müqaviləsi bağlanılmalıdır.

VI MEYAR: Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun tənzimlənənəndə yaranan münasibətlət əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir.

VII MEYAR: Yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılmalıdır.

VIII MEYAR: Müqavilədə Əmək Məcəllənin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutularsa, bu, əmək münasibətləridir.

Q.Toğrul onu da qeyd eidb ki, yeni dəyişiklikdə mütərəqqi bir yanaşma nəzərdə tutulub: "Tutaq ki, əmək müqaviləsi bağlanılmalı halda qanunvericiliyə zidd olaraq mülki hüquqi müqavilə imzalanıb və bu hal 1 il davam edib. 1 ildən sonra Dövlət Əmək Müfəttişliyi Xidməti bunu aşkara çıxarıb. Bu halda əmək müqaviləsi bağlanılması təmin ediləcək və mülki hüquqi müqavilə bağlanılan əvvəlki 1 il üçün hər hansı cərimə tətbiq olunmayacaq”.

 

Mənbə: qaynarinfo.az