Azərbaycan islam ölkələrini birləşdirir

Azərbaycan islam ölkələrini birləşdirir

"Martın 4-də Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) onlayn Zirvə toplantısında çıxışı zamanı bir sıra mühüm amillərə toxunub".

Bunu Milli.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Türkiyə və Pakistan işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində də yaxından iştirak edəcəklər:

"Azərbaycanın ədaləti bərpa etmək istiqamətində ötən ilin payızında 44 gün ərzində həyata keçirdiyi müharibədən sonra dövlət başçısının beynəlxalq təşkilatlar səviyyəsində görüşləri sırasında mühüm yeri tutan bu toplantıda Pakistanın, Türkiyənin və Əfqanıstan Respublikasının Prezidentlərinin çıxışı zamanı ölkəmizə dəstək mesajları verilib, işğala son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı təbriklər səsləndirilib. Burada böyük maraq doğuran məsələlərdən biri də budur ki, Azərbaycanın Vətən Müharibəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyən Pakistanın baş naziri İmran Xan çox maraqlı fikirlər səsləndirib. Eyni zamanda bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani də davam etdiriblər. Bu, təbii ki, böyük fəxarət və məmnunluq hissi doğurur. Çünki bu dövlətlər nəinki Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər, eyni zamanda bütün dünyada ədalətin bərqərar olunması istiqamətində mühüm töhfələr veriblər və bu dövlətlər həm də işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində də yaxından iştirak edəcəklər, Azərbaycan tərəfi bunu istəyir. Çünki biz Qarabağın dirçəlməsində və yenidən qurulmasında dost dövlətlərin şirkətlərini görmək arzusundayıq".

İ.Hüseynov deyib ki, Azərbaycan İƏT üzvləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlərə mühüm siyasi, iqtisadi dividentlərin əldə olunmasında maraqlıdır:

"İƏT üzvləri sırasında əksər dövlətlərin müsəlman olması da qeyd olunmalıdır. Müşahidə edirik ki, son dövrlər bütün dünyada islamafobiya ilə bağlı müxtəlif çıxışlar olur, islam müqəddəslərini təhqir edirlər və bu hərəkətlərinə haqq qazandırırlar. Bununla bağlı müxtəlif çıxışlar olur. Lakin bütün müsəlman dövlətlərinin həmrəy fikirdən çıxış etməsi və dünyadakı problemlərə vahid mövqe nümayiş etdirməsi dünyadakı sülhün və təhlükəsizliyin qorunması istiqamətində səylərini birləşdirməsi mühüm əhəmiyyət kəsb edir. Burada Azərbaycanın da rolu qeyd olunmalıdır. Azərbaycan bütün dünyada islamla bağlı olan proseslərdə fəal iştirak etmək istəyir. Azərbaycanda həm də İslam Həmrəyliyi Oyunları keçirilib. Bu da islam ölkələrinin humanitar aspektdən birləşdirilməsi nümunəsidir.

Hazırda İƏT-ə sədrlik Pakistan tərəfindədir, sonra isə Türkmənistana keçəcək. Sədrliyin eyni zamanda Azərbaycanın Xəzər regionunda dost dövləti olan Türkmənistana keçməsi də mühüm əhəmiyyət kəsb edir. Çünki Türkmənistan ilə biz həm də regional müstəvidə üçtərəfli platformalarda fəal iştirak edirik. Türkiyə, Azərbaycan, Pakinstan əməkdaşlıq platforması, Türkiyə, Azərbaycan Türkmənistan platforması fəaliyyət göstərir və bu yaxınlarda qeyd olunan dövlətlərin XİN rəhbərləri səviyyəsində görüş də keçirilib. Ümumilikdə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlərə mühüm siyasi, iqtisadi dividentlərin əldə olunmasında maraqlıdır. Çünki bu dövlətlər həm də Azərbaycanın qonşuluğunda yerləşən dövlətlərdir və burada həmin dövlətlər arasında iqtisadi prioritetlərin müəyyənləşməsi və xalqın rifahı istiqamətində atılan mühüm addımlar bölgədəki sülhü daha da möhkəmləndirir".

Mənbə: news.milli.az