Neftçalada şəhid ailələri ziyarət olunub

Neftçalada şəhid ailələri ziyarət olunub

Neftçala Rayon Heydər Əliyev Mərkəzinin və “Loqos” Psixologiya Mərkəzinin əməkdaşları karantin rejiminin qaydalarına riayət olunmaqla şəhid ailələrini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala şəhərində yaşamış, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş kəşfiyyatçı kapitan Əsgərov Samid Gülmalı oğlunun və Əsədov Əsəd Camaləddin oğlunun, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlmiş Xüsusi Təyinatlı Qoşunların döyüşçüsü, şəhid Əzizov Xəyyam Əli oğlunun və Neftçala rayonunun Xolqarabucaq kəndindən olan Xüsusi Təyinatlı Qoşunların baş çavuşu, şəhid Cəfərov Səid Zəfər oğlunun ailəsi ilə görüşdə çıxış edən Mərkəzin direktoru Könül Məmmədova və psixoloq Nigar Məmmədova Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbəmizdən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışıblar.

Vətən müharibəsinin qazisi, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülmüş Rüfət Ramazanlı şəhid ailələrinə səbir diləyərək, insanda ən müqəddəs duyğunun Vətən sevgisi olduğunu bildirib.

Psixoloq Nigar Məmmədova şəhid ailələri ilə söhbət edib, dərdlərinə məlhəm olmağa çalışıb.

Şəhid Samid Əsgərovun atası Gülmalı Əsgərov, Əsəd Əsədovun atası Camaləddin Əsədov, Xəyyam Əzizovun atası Əli Əzizov və Səid Cəfərovun atası Zəfər Cəfərov ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mənbə: azertag.az