Ayrapetyan: "Paşinyan və onun komandası hakimiyyətə gəlmiş dələduz bir dəstədir"

Ayrapetyan: "Paşinyan və onun komandası hakimiyyətə gəlmiş dələduz bir dəstədir"

Keçmiş millət vəkili, iş adamı Ruben Ayrapetyan Ermənistanda son hadisələrlə bağlı Aravot.am-a müsahibə verib.

KONKRET.az oxucular üçün maraqlı olacağını nəzərə alıb müsahibəni ixtisarla təqdim edir:

 

– Şübhəsiz ki, Baş Qərargahın açıqlaması ilə tanışsınız. Bunu və sonrakı inkişafları necə qiymətləndirirsiniz?

– Əlbəttə tanışam. Düşünürəm ki, ölkəmizdə hər şey Konstitusiyaya əsasən edilməlidir. Bu günlərdə Konstitusiyanın həmin hissəsini öyrənmişəm. Həmin Konstitusiyanın yazıldığı dövrdə Baş Qərargah haqqında hissə elə yazılmışdı ki, heç bir baş nazir, kim olursa olsun, hansı partiyadan gəlsə də, Baş Qərargahın rəhbərini dəyişə bilməz. Baş qərargah rəisinin tez-tez dəyişməsi ordu üçün böyük fəlakətlərə səbəb ola bilər. Məncə Onik Qasparyan hər şeyi düzgün və qanuni şəkildə edir.

– Bu açıqlama ilə Baş Qərargah və ordu rəhbərliyi müharibədə biabırçı nəticələrə görə məsuliyyətdən yaxa qurtarırmı?

– Moskvada oturub uzaqdan hadisələri seyr etməklə qiymət verməyim düzgün olmaz. Yaxşı olardı ki, bir araşdırma aparılsən və bu məğlubiyyətlərin səbəbinin nə olduğu aşkarlansın. Bugünkü hüquq-mühafizə orqanları, hakim, müstəntiq, prokuror rolunu üzərimə götürə bilmərəm. İstintaq aparılmadıqca və əsl səbəblər tapılmadıqca kimisə heç nəyə görə günahlandırmaq və ya qınamaq istəmirəm. Təbii ki, günahkarlar mövcud hərbi-siyasi hakimiyyətdir. Mütəxəssislər artıq normal bir idarəetmənin olmadığını qiymətləndiriblər. Bununla bağlı istintaq aparılmayıb və hər hansı sənəd-sübut ortada olmadığından dəqiq bir şey deyə bilmərəm.

– Hakimiyyətin davranışını necə qiymətləndirirsiniz? Parlamentin eyvanında snayperləri gördük, silah lülələri etirazçılara tuşlanmışdı. Hakimiyyət özünü nə ilə müdafiə edir?

– Qiymətləndirmələrim subyektiv görünə bilər, amma Baş Qərargahın açıqlamasından sonra hökuməti qanuni saymaq olmaz. Bu adamlar hökumət deyil, hakimiyyətə gəlmiş dələduz bir dəstədir və qanunsuz olaraq istədiklərini edirlər. Baş Qərargah rəisini işdən azad etmə haqqının olmadığı təqdirdə bu qüvvələrin nələr etdiyinin şahidi olduq. Konstitusiya Məhkəməsinin zorla dəyişdirildiyini unutmamışıq. Polisin etdiklərini də həmçinin. Mən və mənim kimi vətənpərvər ermənilər vətənimiz Ermənistanda bu hadisələrin baş verməsinə görə çox utanırıq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Mənbə: konkret.az