Xəzər Siyasət Mərkəzində Bayden administrasiyasının Böyük Xəzər regionundakı addımları – MÜZAKİRƏ EDİLDİ

ABŞ-ın hazırkı və keçmiş hökümət rəsmiləri, eləcə də akademik çevrə nümayəndələri, son dörd il ərzində regiondakı geostrateji tendensiya və irəliləyişlər fonunda, Bayden administrasiyasının Orta Asiya və Cənubi Qafqazdakı qət edə biləcəyi ən uğurlu yolun müəyyənləşdirməsini müzakirə edib.

FED.az xəbər verir ki, 3 mart tarixində Xəzər Siyasət Mərkəzi Bayden administrasiyasının Böyük Xəzər regionu ilə diplomatik əlaqələrində ata biləcəyi addımları, eləcə də Birləşmiş Ştatların maraqlarına uyğun gələn daha stabil və firavan bir bölgə üçün ərsəyə gətirdiyi yol xəritəsini müzakirə etmək üçün mütəxəssislər panelinə ev sahibliyi edib. Vebinar Xəzər Siyasət Mərkəzinin "Cozef Bayden administrasiyasının Xəzər siyasəti üçün altı tövsiyə" adlı brifinqinin yayımlanması ilə əlaqədar keçirilib.

"Əsasən, daha artıq təsir, nüfuz və üstünlük axtaran iddialı qonşu güclərin hədəfindəki Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələr, ABŞ hökümətindən, eləcə də amerikan özəl sektoru və akademik qurumları tərəfindən aktiv, görünən və effektiv bir əməkdaşlıq təşəbbüsü gözləyirlər.” – Xəzər Siyasət Mərkəzinin İcraçı direktoru Əfqan Nifti bildirib.

Co Baydenin prezidentliyinin altıncı həftəsində, onun administrasiyası Xəzər regionu da daxil olmaqla, ölkənin xarici siyasətini formalaşdırmağın tam ortasındadır.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent müzakirələr zamanı Cənubi Qafqazdakı demokratik, firavan və təhlükəsiz ölkələrin dəstəklənməsində ABŞ-ın strateji maraqlarının əhəmiyyətini vurğulayan əsas hesabatı ilə çıxış edib.

“Davam edən pandemiya və baş vermiş payız münaqişəsinin kölgəsində qalan Cənub Qaz Dəhlizi, 2020-ci ilin dekabrında yekunlaşmış İtaliyaya gedən Trans–Adriatik Boru Xəttinin son seqmenti ilə birgə büdcəsinin altında və vaxtında tamamlandı, eyni zamanda ABŞ və Aİ tərəfindən çoxmillətli özəl sektor ortaqlığına davamlı dəstək göstərilməsi, Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırma və Avropaya qaz tədarükünü şaxələndirməyə yönəlmiş uzunmüddətli hədəfimizin tərkib hissəsi idi." – Dövlət katibinin köməkçisinin müavini cənab Kent qeyd edib.

“Yanvar ayında Azərbaycan Türkmənistanla Xəzərdəki karbohidrogenlərin birgə kəşfiyyatı barədə anlaşma memorandumu imzaladı. İllərdir çıxılmaz vəziyyətə düşən bu irəliləyiş Cənubi Qafqazı əhatə edən mövcud enerji infrastrukturu ilə Böyük Xəzər hövzəsinin əhəmiyyətli karbohidrogen ehtiyatları arasında daha çox əlaqəyə səbəb ola bilər. Bu təşəbbüs bir–birindən asılı olan regional şəbəkənin önündəki uzun müddətdir davam edən əngəllərin öhdəsindən gələrək, səmərəli, iqtisadi mənfəət ilə oyunun qaydalarını dəyişdirə bilər”.

“Daha əvvəl Xəzəryanı dövlətlər arasındakı fikir ayrılıqlarının girovu olan trans–Xəzər ticarəti mövzusunda danışıqlar başladı. Ən son açıqlama Qazaxıstanın Aktau limanının Azərbaycana, daha sonra isə Türkiyəyə və Avropaya mal ixracına imkan verilməsi üçün planlaşdırılmış genişləndirilməsi oldu”- Dövlət katibinin köməkçisinin müavini cənab Kent qeyd edib.

ABŞ-ın rəsmi nümayəndəsinin sözlərinə görə, “Amerika Birləşmiş Ştatları özəl investisiyaları artırmaq, korrupsiyaya qarşı mübarizə və ölkələrin zərərli xarici təsirlərdən muxtariyyətini təmin etməkdən ötrü lazımi şərait yaratmaq üçün Böyük Xəzər bölgəsi ölkələri ilə işləmək əzmindədir. Şəffaflığı, açıqlığı, qanunun aliliyini və əsas azadlıqlara, habelə insan hüquqlarına hörməti davam etdirəcəyik. Vurğulamaq lazımdır ki, ədalətli bir sistem həm ölkə vətəndaşlarına, həm də ölkə daxilində firavanlığa və böyüməyə töhfə verərək, iş imkanı yarada bilən xarici investorlara fayda gətirir ki, vətəndaşlar xaricdə yeni imkanlar axtarmağa ehtiyac duymasınlar”.

Milli Müdafiə Universitetinin akademik dekanı və professoru Doktor Roger Kangas, vebinar iştirakçıları arasında ABŞ-ın Xəzər bölgəsindəki mövcud və gələcək xarici siyasəti, o cümlədən yeni ABŞ rəhbərliyinin bölgə ilə əlaqələrini yüksəltməsi üçün təklifləri barədə məlumatlandırıcı bir söhbət etdi.

Dr.Kangas, "Marağı artıran və yeni rəhbərlikdə görməyə başlayacağımızı düşündüyüm şey, böyük güc rəqabətinin çərçivəsidir" dedi.

Müzakirə iştirakçılarından təqaüddəki səfir Riçard Xouqland, Dövlət Departamentinin Cənubi və Orta Asiya İşləri Bürosunda Dövlət katibinin köməkçisinin keçmiş birinci müavini, təqaüddə olan səfir Robert Sekuta, Dövlət Departamentinin Enerji Resursları Bürosunda Dövlət katibi köməkçisinin keçmiş birinci müavini və Milli Müdafiə Universitetinin dosenti Brianne Todd ABŞ-ın Xəzər bölgəsindəki regional oyunçularla iqtisadi və siyasi əlaqələrinin şaxələndirilməsini müzakirə edib.

“Sizi inandıra bilərəm ki, intuisiya reallıqdır və əgər Amerikanın maraqlarının bu strateji bölgədə, Asiya ilə Avropa arasındakı kəsişmədə, azaldığına dair bir fikir varsa, o zaman qarşımızda konkret bir problem mövcuddur. Bayden administrasiyası və Blinken Dövlət Departamentinin ABŞ-ın Xəzər regionundakı imicini bərpa etməsinin ən yaxşı yolu yüksək səviyyəli rəsmi səfərlərin bölgəyə təşkil olunmasıdır.” – səfir Hoqland deyib.

"Region rəsmilərini, regionda böyük investisiyaları olan ABŞ şirkətlərini və Atlantikin hər iki tərəfində yer alan xarici siyasət analitiklərini Bayden administrasiyası tərəfindən mütəmadi və yüksək profilli səfərlərin edilməsi üçün müştərək və təkidli cəhdlər göstərməyə israrla çağırıram."

Regionun iqtisadiyyatı COVID-19 pandemiyasına məruz qaldı və biz, ABŞ olaraq, Xəzəryanı ölkələrə bu baxımdan bərpa olunmalarına kömək etmək üçün çalışmalıyıq." – səfir Sekuta deyib.

“Orta Asiya ilə münasibətlərimiz konkretdir. Bu münasibət Əfqanıstandakı vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, davam edəcək.” – xanım Todd qeyd edib.

Xəzər regionundakı əksər ölkələr hər hansı bir monopol asılılığı tənzimləmək üçün digər regional aktorlar və böyük güclərlə iqtisadi–siyasi əlaqələri şaxələndirməyi hədəfləyən çoxvektorlu bir xarici siyasət kursunu qəbul ediblər. Çıxış edənlər Bayden administrasiyasına təklif etdi ki, regionda sürətlə artan Çin müdaxiləsini tarazlaşdırmaq və gələcəkdəki böhranlara qarşı bölgə iqtisadiyyatlarının immunitetini gücləndirmək üçün pandemiyadan sonrakı bərpa cəhdlərini balanslaşdırmaq baxımından Xəzər regionuna dəstək artırılsın.

Xəzər Siyasət Mərkəzi Washington, D.C-də yerləşən müstəqil, qeyri-kommersiya düşüncə quruluşudur. Xəzər regionundakı iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri Mərkəzin araşdırmalarının əsasını təşkil edir. Xəzər Siyasət Mərkəzi Xəzər bölgəsinin silsiləli işlərini hərtərəfli başa düşmək üçün müvafiq nəşrlər, tədbirlər, layihələr və media məhsulları ilə Xəzər regionunda əsas tədqiqat və müzakirə platforması olmağı hədəfləyir.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Uşağı müstəqil şəkildə dərs çalışmağa necə öyrətmək olar?

SONRAKI XƏBƏR

Ölkəmiz üçüncü dalğadan kənar qalacaq - Epidemioloq