“Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq!”

Sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlanılan əks-hücum əməliyyatında rəşadətli Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti qəhrəmanlıq nümunəsinə çevrildi, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatlarını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi. Azərbaycanın dövlət mənafeyini müqəddəs tutaraq, torpaqlarımızın bütövlüyü uğrunda öz borcunu layiqincə yerinə yetirən belə oğullarımızdan biri ilə əsgər Robert Ağaverdiyevlə "N" hərbi hissəsində görüşdük.

"Yaddan çıxarmaq olmaz ki, müharibədə tək silahla deyil, həm də ideya və ruhla döyüşmək lazımdır", - deyə əsgər R.Ağaverdiyev söhbətə başladı. - Əsgər öz xalqının savaş tarixini bilmirsə, qəhrəmanlarını tanımırsa, ruh yüksəkliyi yoxdursa, onun üçün savaşmaq çətin olar. Biz tariximizdən, qəhrəmanlarımızdan, zabit və gizirlərimizdən güc alaraq döyüşürdük. Həmin döyüşlərin nəticəsidir ki, Vətən müharibəsi qalibiyyətlə başa çatdı. Bu müharibə sübut etdi ki, Azərbaycanın igid və cəsur oğulları hər zaman olub, bu gün də var."

Əsgər R.Ağaverdiyev döyüşün gedişindən də söz açdı: "Səhər tezdən əks-hücuma keçən şəxsi heyətimiz yüksəkliyə doğru irəliləməyə başladı. Həmin mövqelərə çatmaq üçün dağ yolları ilə uzun bir məsafə qət olunmalıydı. Bizə ruh verən əsas amillərdən biri də o idi ki, komandirimiz şəxsi heyətdən irəlidə gedirdi. Döyüşdə ilk atılan güllədən sonra qorxu hissimizə qalib gəldik. Məhz bundan sonra zəfər yürüşümüzə nail olduq. Hətta döyüş dərinləşdikcə sanki insana əlavə güc gəlirdi. Ərazidə bir neçə saat davam edən döyüşdən sonra şəxsi heyət heç bir itki vermədən strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad etdi."

Əsgər R.Ağaverdiyev onu da qeyd etdi ki, Azərbaycan Ordusu döyüşlər zamanı düşmən üzərində hər cəhətdən üstün idi. "Xilaskar Azərbaycan Ordusu ən müasir müharibə taktikasından istifadə edərək döyüşürdü. Ordumuzda əhval-ruhiyyə çox yüksək idi. Bu, elə bir inam yaradırdı ki, düşmən Azərbaycan əsgəri ilə üz-üzə gəlmək iqtidarında deyil. Müharibənin gedişində dönüş yarandıqdan sonra ermənilər silahlarını, texnikalarını atıb qaçırdılar. Onda bilirdik ki, qalib gəlirik və düşməni qovmağa başlayırdıq... Bütün əsgərlərimiz qorxmadan, qəhrəmancasına döyüşürdülər. Hərbi qulluqçularımız arasında olan döyüş ruhunu meydanda görmək lazım idi. Nəticədə biz qalib gəldik. Ali Baş Komandanımızın qeyd etdiyi yumruq kimi bir olduq, birlikdə qalib gəldik".

"Ən əsası odur ki, 44 gün davam edən Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı", - deyə əsgər R.Ağaverdiyev sözünə davam etdi. - Qalib ölkənin vətəndaşı olmağın bizə hansı itkilər bahasına başa gəldiyini də heç zaman unutmamalıyıq. Qısa müddətli olsa da, bizə tarixi yenidən yazdıran müharibəni, döyüşlərdə canı və qanı bahasına qələbə qazanan oğullarımızı şərəflə anırıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bir parçası olduğum xalqın belə igid oğulları və qorxmaz döyüşçüləri olduğuna görə hədsiz qürur duyuram, fəxr edirəm ki, azərbaycanlıyam!

Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Artıq dünya liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın olduğunun şahidi oldu. Qələbə ruhumuz, rəşadətli Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq və daim yaşayacaq!

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda feministlər aksiya keçirməyə cəhd etdi -VİDEO

SONRAKI XƏBƏR

“Lragir”: Qarabağda rus qoşununun varlığı da hər hansı hüquqi əsasa sahib olmayaraq havada asılıb