Paşinyan uduzmasa, Ermənistanda yeni dönəm başlayacaq - Müsahibə

Paşinyan uduzmasa, Ermənistanda yeni dönəm başlayacaq - Müsahibə

Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistanda Paşinyan hökumətini devirmək cəhdləri baş tutmadı. Ancaq siyasi gərginlik hələ də davam edir. Bu ölkədə yaxın və uzaq perspektivdə hansı ssenarilərin baş verəcəyini ehtimal edirsiniz?

- Doğurdan da indi Ermənistanda çox ağır siyasi -ictimai prosesler cərəyan edir. Bunun konkret səbəbləri mövcuddur.

Birinci səbəb onunla bağlıdır ki, Ermənistan 44 günlük savaşda gözləmədiyi böyük məğlubiyyətə uğradı.

İkinci səbəb odur ki, sosial-iqtisadi problemlər içində olan Ermənistanda, muharibədən sonra həm siyasi həm də iqtisadi defolt dərinləşdi.

Üçüncü səbəb məğlubiyyətin Ermənistan dövlətini və cəmiyyətini böyük ruh düşkünlüyünə və demoralizasiya vəziyyətinə salması ilə bağlıdır.

Bununla yanaşı, belə görünür ki, bütün bunlar Ermənistanda siyasi və qısa müddətdə formalaşmış hərbi müxalifət Paşinyanı hakimiyyətdən devirmək üçün yetmədi. Ekspertlər üçün də maraqlı o oldu ki, əhalinin daha çox hissəsi küçələrə çıxıb Paşinyanı dəstəklədi. Belə bir fikir var ki, bu gediş ermənilərin başlarına gələnlərdə onları müdafiə edən, dəstəkləyənlərin günahlandırılması ilə bağlıdır. Ermənilərdə belə bir təəssürat var ki, onlardan Cənubi Qafqazda kimlərsə geosiyasi maraqları üçün oyuncaq kimi istifadə edirlər. Elədir, ya deyil, bunu ermənilər özləri bilərlər.

Ancaq hazırda Ermənistanın dəyişməyə çalışdığı və yeni Qərbyönlü siyasi platformanın mövqeyini möhkəmlətməyə cəhd etdiyi müşahidə edilir. Bunun Rusiyanın maraqlarına uyğun olduğunu düşünmürük. Moskvanın Qərbyönümlü siyasi vektorun formalaşmasına imkan verməyəcəyini proqnozlaşdırmaq olar. Hesab edirəm ki, hazırkı dönəmdə bütövlükdə erməni dövlətçiliyi üçün ciddi təhlükələr və risklər meydana çıxıb və bunun da başlıca günahkarı erməni siyasətçiləri və ideoloqlarıdır. Onlar əsrlərdir anti-humanist, anti-demokratik və əməkdaşlığa uyğun olmayan mövqe tuturlar. İndi acı bəhrəsini görürlər.

Belə görüntü var ki, Nikol Paşinyan dirəniş göstərib, uduzmasa, o zaman Ermənistanda yaxın zamanlarda Qərbyönümlü siyasi proseslerin şahidi ola bilərik. Bunun region üçün hansı nəticələri verə biləcəyini demək asan deyil. Çünki bizim regiona yaxın bölgələrdə Qərbyönümlü ölkələr az deyil. Onlardan hansıları, məsələn, Azərbaycanı Vətən savaşında dəstəklədi? Və ya anti-Azərbaycan mövqeyində fəallığı ilə seçilən Fransadan Ermənistan hansı müsbət “Qərbyönümlülüyü” ilə fərqlənəcək? Hesab etmirəm ki, bu suallara cavablar aydın və birmənalıdır.

- Müxalifətin keçirdiyi aksiyaların uğursuzluqla nəticələnməsinə səbəb erməni cəmiyyətinin ayılmasıdır, yoxsa ruslar Paşinyan hökuməti ilə əməkdaşlıqda maraqlıdır?

- Bu kimi məsələlərə ekspertlər ehtiyatlı qiymətlər verməlidirlər. Əlbəttə, Rusiya kimi böyük dövlətin Ermənistanda maraqları əsrlərdir var. Həm də bu marağı təmin etmək üçün Moskva Ermənistanda lazımi təsir vasitələrinə malikdir. Bizim üçün əsas olanı odur ki, Ermənistan geosiyasi aspektdə region üçün təhlükə mənbəyi olmasın. Bu baxımdan Ermənistandakı “5-ci kalon” və ya “sorosun uşaqları” necə davranacaqlar, özləri bilərlər. Eyni zamanda deməliyəm ki, Rusiya hazırkı geosiyasi dönəmdə hətta Ermənistan kimi kiçik bir yerdə ciddi geosiyasi maraqlara malikdir. Konkret olaraq, Paşinyanla Kremlin əməkdaşlığı məsələsinə gəldikdə isə, bunun real olduğuna inanmaq çətindir.

- Ermənistan-Türkiyə münasibətlərində müsbət irəliləyişlər mümkündürmü?

- Onu deyə bilərəm ki, məsələnin bu tərəfi tamamilə Ermənistanın tutacağı mövqedən asılıdır. Əgər rəsmi İrəvan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü sözdə deyil, reallıqda qəbul edəcəksə, onunla Türkiyənin əməkdaşlığı mümkündür. Bu barədə Türkiyə və Azərbaycan rəhbərliyi dəfələrlə bəyanat veriblər. Onu da deyim ki, Ermənistan qardaş Türkiyə Respublikasına qarşı irəli sürdüyü əsassız ittihamlardan və ərazi iddialarından birdəfəlik imtina etdiyini boynuna götürməlidir. Bunu etməsə, Ermənistanın özünün dövlət kimi mövcudluğu şübhə altına düşəcək. Zənnimcə, yalnız bu halda ikitərəfli münasibətlərdə yaxınlaşma ola bilər.
Kimlərinsə, Ermənistan-Türkiyə münasibətlərinə əngəl olmağa çalışması məsələsi də əsas olaraq rəsmi İrəvanın tutacağı mövqedən asılıdır. Türkiyə-Ermənistan münasibətlərinin düzəlməməsi üçün hansı istiqamətdən təsir olmasına baxmayaraq, Ermənistan rəhbərliyi xoş siyasət yeritsə, qarşıda maneə qalmaz. Başqa variantlarda Ermənistan hansısa böyük dövlətin yenə də əsiri olaraq qalacaq. Buna şübhə etmirəm.

- Görünən budur ki, Moskva-Ankara əməkdaşlığı olsa da, bu ölkələr həm də Suriya, Liviya, Cənubi Qafqaz və Ukraynada rəqabət içindədir. Bu fonda rus-türk münasibətlərinin gələcəyini necə görürsünüz?

- Məsələyə qlobal geosiyasətin hazırkı mənzərəsi prizmasından yanaşmaq, məncə, daha doğru olardı. Burada birmənalı Rusiya pisdir, Qərb yaxşıdır prinsipi birtərəflidir. Bəli, iki böyük güc olan Türkiyə ilə Rusiyanın Suriya, Liviya və Cənubi Qafqazda üst-üstə düşməyən məsələləri ola bilər. Lakin dünyada hansı iki böyük gücün maraqları tam üst-üstə düşür? ABŞ-la Fransanın, yaxud ABŞ-la Almaniyanın? Deməli, məsələyə maraqların dəyişməsi dinamikasından baxmaq daha doğru olardı. Bu prizmadan baxanda rus-türk münasibətləri Avrasiya üçün müsbət faktor təsiri bağışlayır. Proseslərin konkret gedişini isə zaman göstərəcək.

- Rusiya mediası Ukrayna ordusunun Donbasa hücum niyyətində olduğunu, bu məqsədlə Türkiyədən PUA-lar aldığını iddia edir. Yaxın gələcəkdə Rusiya-Ukrayna arasında hansı proseslərin olacağı gözlənilir?

- Düşünmək lazımdır ki, hansı səbəblərdən bir sıra dairələr və KİV Ukraynanın öz ərazi bütövlüyünü təmin etmək cəhdini birbaşa Kiyevin Ankaradan PUA alması və daha geniş kontekstdə, ümumiyyətlə Türkiyə-Ukrayna əməkdaşlığının inkişafı ilə bağlayırlar. Aydın görünür ki, burada Türkiyənin siyasi və hərbi proqramlarına qısqanclıq vardır. Guya Ukrayna öz ərazi bütövlüyünü təmin etmək üçün təbii duyğuya malik deyil? Gülüncdür, deyilmi? Başqa tərəfdən, ABŞ və Avropanın böyük dövlətlərinin illərdir Ukraynanın aktiv müdafiə etdiyini niyə danışmırlar? Niyə Qərbin Ukraynaya böyük hərbi yardımlarından Rusiyaya qarşı savaş təhriki kimi bəhs etmirlər? Çünki Türkiyə-Rusiya münasibətlərini korlamaqla yanaşı, onların qlobal geosiyasətdə mənfi obrazını yaratmaq cəhdi də vardır. Bunun üçün Ukraynanın “dostları” rəsmi Kiyevi belə çətin vəziyyətə salmaqdan çəkinmirlər. Əlbəttə, Moskvada bunları daha yaxşı bilirlər və orada arxayındırlar ki, Donbasda vəziyyət hələ uzun müddət gərgin olaraq qalacaq. Daha doğrusu, Rusiyanın buna imkanı azalmayıb. Məncə, Ukrayna üçün arzuolunmayan ziddiyyətli geosiyasi vəziyyət hələ də qalır. Bəzi məqamlarda bu ziddiyyətlər çətin çözüləcək “geosiyasi düyünlər” yaradır.

Mənbə: teleqraf.com