Ukraynanın qaynayan "Qarabağı" - Ekspert Donbasda cavabın ağır olacağını deyir

Ukraynanın qaynayan "Qarabağı" - Ekspert Donbasda cavabın ağır olacağını deyir

Ukraynanın Donbas vilayəti ətrafında vəziyyət yenidən gərginləşib. Ukrayna Daxili İşlər nazirinin müşaviri Valeriy Poçeluyko, "Обозреватель" telekanalına müsahibəsində Donbas bölgəsinin Ukraynanın tərkibinə qaytarılması üçün tədbirlər həyata keçirməyə hazır olduqlarını bildirib.

"Hər şey hazırdır. Biz bu əraziləri qaytarmağa hazırıq, orada hər hansı tədbirlərin keçirilməsini təmin etməyə hazırıq, amma bir şərtlə: əvvəlcə ruslar öz qoşunlarını, kontingentlərini geri çəkirlər, biz ora daxil oluruq, dövlət sərhədinə nəzarət edirik, sonra orada nə istəyiriksə keçiririk", o deyib.

Poçeluyko onu da qeyd edib ki, Kiyev Ukrayna qoşunlarının Donbasın geri qaytarılması ilə bağlı sərt hərəkətlərinə Moskvadan cavab tədbirlərinin olacağını gözləyir. O, Ukraynaya hipotetik genişmiqyaslı hücumun Rusiya üçün dağıdıcı nəticələnəcəyini də əlavə edib. O bunu Ukrayna ordusunun aviasiya ilə yanaşı, Qərb ölkələrinin də dəstəyinə sahib olması ilə əsaslandırıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə də Ukraynanın Donbas istiqamətində tanklar və zirehli transportyotlar yükləmiş eşelonlar göndərildiyi ilə bağlı videogörüntülər yayılır. Bəziləri, Azərbaycanın Qarabağ müharibəsindən ruhlanan, eləcə də Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatları ilə silahlanan rəsmi Kiyevin yazın əvvəlində ildırımsürətli əməliyyata hazırlaşdığını iddia edirlər.

Ukraynada vəziyyətin yenidən gərginləşməsi və müharibənin yenidən alovlanması riski barədə Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Eurasia Diary-yə açıqlama verib:

“Həqiqətən də, son günlər Donbas ətrafında yaranmış vəziyyət narahatlıq doğurmaqla yanaşı, bu mövzuda çox sayda manipulyasiya və dedi-qodulara da səbəb olub. Hazırda cəbhə xəttində baş verən qarşıdurmaların sayı doğrudan da artıb. Ancaq anlamaq lazımdır ki, bu, ilk növbədə, rus təbliğatçılarının öz istədiyini həqiqət kimi təqdim etmələridir, həm də 2015 və 2016-cı illərdə baş verən qızğın əməliyyatlar səviyyəsində bir gərginləşmə deyil. Onlar Silahlı Qüvvələrin qüvvə və texnikasının nizamlı və mütəmadi yerdəyişməsini, əlavə bölmələrin cəbhə xəttində yerləşdirilməsi kimi təqdim etməyə çalışırlar”, ekspert söyləyib.

Kovalenkonun sözlərinə görə, bu kəskinləşmə, rus işğalçılarının, Ukrayna agentliklərinin Rusiya agentlərinin media imkanlarını məhdudlaşdırmaq üçün atdıqları olduqca sərt addımlara verdiyi reaksiyasıdır: “Bundan əlavə, bu kəskinləşmənin anonsu Ali Radanın tribunasından açıq şəkildə təhdidedici çıxış edən Ukraynadakı rus agenti Vadim Rabinoviç tərəfindən artıq verilmişdi.

Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Valeriy Poçeluykonun açıqlamasına gəldikdə isə anlaşılmalıdır ki, Kiyevin Donbasın hərbi yolla azad edilməsi üçün hər zaman planı olub, var və olacaq. Bu plan müasir çağırışları və yeni müharibə strategiyaları nəzərə alaraq mütəmadi olaraq yenilənir. Ancaq Ukrayna, beynəlxalq razılaşmalara riayət edərək və Donbas məsələsini yalnız güc yolu ilə həll etmək məqsədini güdmədən, siyasi yolla həllini üstün tutaraq bu planın həyata keçirilməsinə çalışmır.

Bundan əlavə, qeyd etmək istəyirəm ki, həm Daxili İşlər Nazirliyi rəhbərinin müşavirinin, həm də birbaşa Daxili İşlər Nazirliyi rəhbərinin funksional vəzifələrinə aid olmayan şeylərə münasibət bildirməsi tam olaraq səlahiyyətlərinə aid deyil. Çünki Daxili İşlər Nazirliyi yox, Ukrayna Silahlı Qüvvələri qaçılmaz olduğu halda Donbasın işğal olunmuş hissəsini rus işğalçılarından azad edəcək”.

O bildirib ki, Donbasda yeni qarşıdurma dalğasının yaranması təhlükəsi bütün bu illər ərzində olub: “Yeganə sual budur ki, bu indi Rusiyanın özü üçün nə qədər sərfəli olacaq? Rusların diqqətini, xüsusən mövcud hakimiyyət tranziti çərçivəsində qarşıdurma nəticəsində yaranan kəskin daxili problemlərdən yayındırmaq sərfəli ola bilər.

Məhz belə bir ssenari ilə Kremlin marionetkaları Donbasdakı vəziyyəti gərginləşdirə bilər ki, sonrakı həqiqi gərginləşmədə Ukrayna tərəfini tammiqyaslı döyüş əməliyyatlarına görə günahlandırsın. Lakin burada problem ondan ibarətdir ki, rus işğalçılarının bu cür təxribatlarının başlıca məqsədi yoxdur, Kiyevin cavabı isə həqiqətən də işğalçılar üçün son dərəcə ağrılı ola bilər”.

Gülnar Səlimova

Mənbə: ednews.net