Moskva daim səhvləri düzəltməklə İrəvanla işləyə bilməz

Moskva daim səhvləri düzəltməklə İrəvanla işləyə bilməz

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiya mətbuatına açıqlamasında yenidən ölkədə ən yüksək vəzifəyə iddialı olmağa hazır olduğunu bildirib. Ölkənin inkişafının proqnozlaşdırılması, idarə olunmasını və çiçəklənməsini qurmaq üçün kifayət qədər təcrübəyə sahib olduğunu, bu səbəbdən növbədənkənar seçkilərdə iştirak etməyə və qazanmağa can atdığını bildirib. Eyni zamanda, Köçəryan bildirib ki, Paşinyandan intiqam almağı düşünmür, həyatı boyu heç vaxt qisas prinsiplərini rəhbər tutmayıb.

“İntiqam həqiqətən zəif və aşağı səviyyəli insanların yoludur. Bu baxımdan Nelson Mandelanın sözləri çox dəqiqdiq. İntiqam susuzluğu, zəhərin düşmənlərinizi öldürdüyünü düşünərək içdiyiniz bir zəhərdir”, - deyən Köçəryan “hakimiyyətə gələcəyi təqdirdə Paşinyanı nə gözləyir?” sualına cavab verərkən bildirib.

Köçəryan bir daha təsdiqləyib ki, Nikol Paşinyan mütləq getməlidir və bu müddət ərzində Ermənistanda bir il müddətinə keçid hökuməti qurulmalıdır.

O, 44 günlük müharibənin nəticəsinin planlaşdırıldığını da iddia edib.

“Həm müharibə dövründə, həm də müharibədən sonra hakimiyyətin, şəxsən Baş nazirin hərəkətləri ilə bağlı çox ciddi şübhələr ortaya çıxdı. Mən, iki general-polkovnik, üçüncü prezident və digər bir qrup insanlar arasında şübhələr meydana gəldi”, - deyə o bildirib.

Onun sözlərinə görə, qaldırılan məsələlərin heç birinin ağıllı izahı yoxdur. “Hakimiyyətin ağlabatan bir açıqlama verə bilmədiyi halda bu normal deyil. Məsələn, müharibənin üçüncü günündə silahlı qüvvələrin komplektləşdirilməsini nəzərdə tutan ümumi səfərbərlik niyə dayandırıldı?

Baş nazir müharibənin dördüncü günü müharibəni uduzacağımızı bildiyi halda (Baş Qərargahdan məruzə edildiyi kimi) 19 oktyabrda Vladimir Putinin təklifini niyə qəbul etmədi?”, - deyə Köçəryan bildirib. O, bütün bu məqamların istintaq orqanlarının məğul olmalı olduqları cinayət əməlləri kimi təfsir edib və bu suallara cavab verilməməsinin hər hansı bir fərziyyəyə səbəb ola biləcəyini əlavə edib.

Köçəryanın İrəvandakı açıqlamaları Moskvada sinxron reaksiyaya səbəb olub. Xüsusilə “RİA Novosti” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Rusiyanın dost siyasətçilərindən biri olduğunu qeyd edib. Ancaq fəaliyyətini Moskva ilə razılaşdırdığı haqqında iddialar absurddur.

“Ermənistandakı siyasətçilər qərarlarını Rusiya prezidenti ilə razılaşdırmağa ehtiyac duymurlar. Bu tamamilə absurd bir sorğudur. Robert Sedrakoviçin özü, əlbəttə ki, Rusiyanın böyük dostudur. Ermənistanın gələcəkdə Rusiya ilə əməkdaşlığını daha da inkişaf etdirməsi və dərinləşdirməsinin faydalı olacağına əmindir.

Ölkəsinin inkişafı üçün çox səy göstərən insandır. Ümumiyyətlə erməni siyasətçilərin böyük əksəriyyətinin Rusiya ilə münasibətlərin daha da möhkəmləndirilməsinin tərəfdarı olduqlarını məmnuniyyətlə qeyd edirik. Bu, bizim üçün ən vacib şeydir”, - deyə Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, hazırkı baş nazir Nikol Paşinyan da bu siyasətçilərdən biridir.

“Biz diqqətimizi Paşinyanın müvafiq açıqlamalarına yönəldirik. Bilirsiniz ki, Paşinyan və Rusiya prezidenti arasında çox fəal bir dialoq gedir. Qarabağ müharibəsinə son qoyan üçtərəfli sənədin imzalanmasından əvvəl hansı gərgin işlərin baş verdiyini bilirsiniz. Bu səbəbdən münasibətləri həqiqətən dəyərlidir”, - deyə Peskov qeyd edib.

Rusiya prezidentinin mətbuat katibinin hər hansı bir ölkənin birinci postuna can atan bu və ya digər şəxsin böyük siyasətə Kremlin icazəsi ilə girdiyini və ya geri döndüyünü açıqlamasını düşünmək absurd olardı. Bir qayda olaraq, belə şeylər açıq şəkildə nümayişkarcasına deyilmir. Rusiyanın dostu olmaq barədə deyilənlər Köçəryanın həm keçmişdə, həm də bu gün Kremlin etimadına malik olmaqda davam etdiyini başa düşmək üçün kifayətdir.

Peskovun Paşinyanın da Rusiya ilə münasibətləri daha da gücləndirməyə meylli siyasətçilərdən biri olması barədə verdiyi qiymətləndirmə təbii haldır.

Nəzəri olaraq, Kremlin mətbuat katibi strateji ortağı olan Ermənistanın hazırkı hökumətinin anti-Rusiya xətti götürdüyünü söyləyə bilməzdi, çünki bu, faktiki olaraq Ermənistan-Rusiya müttəfiq münasibətlərinin pozulmuş olmasını etiraf etmək olardı. Üstəlik, bu, korlanmış münasibətlərdə Rusiyanın rolunun əhəmiyyətli olduğu son Qarabağ müharibəsinin nəticələrində də əks olunduğu demək ola bilərdi. Təbii ki, bu cür açıqlamalar rəsmi kanallar vasitəsilə verilməzdi.

Bundan əlavə, rəsmi kanallarla yanaşı həm dövlətlərarası münasibətlərin, həm də siyasi dairələrin və ictimai qurumların bu və ya digər xadimə münasibət və qiymətləndirmələrinin birbaşa cavab tapdığı ictimai-siyasi bir mühit mövcuddur.

Hazırda Paşinyan müvafiq Rusiya dairələrində çox əlverişsiz vəziyyətdədir. Ümumiyyətlə Kremlin rəyini səsləndirilən Rusiya mediasının və siyasi dairələrinin görkəmli nümayəndələri gecə-gündüz Paşinyana söyüş söyür, onu birbaşa anti-rus meylində və hətta erməni xalqını məğlub etməkdə günahlandırırlar.

Ermənistanda həm hökumət, həm də müxalifət cəbhəsində Rusiyapərəst qüvvələrin formalaşması Kremlin hər zaman prioriteti olub. Nikol Paşinyan küçə müxalifəti zamanı Rusiyapərəst bir şəxs deyildi, bu danılmaz bir həqiqətdir. İqtidara gəldikdən sonra üzdə bəyan etsə də, Rusiyapərəst siyasi xəttin davamçısı olduğunu göstərmək üçün hər şeyi etmişdi, lakin ümumiyyətlə atdığı addımları və ümumiyyətlə onun özü başqa şəkildə qəbul olunmur və erməni-rus müttəfiq münasibətləri məntiqi çərçivəsinə uyğun gəlmir.

“İskəndər” raketləri ilə bağlı son qalmaqal bunun bariz nümunəsidir. Moskva daim səhvləri düzəltməklə İrəvanla işləyə bilməz.
 

Mənbə: ordu.az