Rusiya istənilən revanşist əhval-ruhiyyənin qarşısını almaq üçün hər cür səy göstərəcək - ekspert

Rusiya istənilən revanşist əhval-ruhiyyənin qarşısını almaq üçün hər cür səy göstərəcək - ekspert

İndi Ermənistanda böyük siyasi böhran və onun doğurduğu nəticələr var.

Bunu Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin filial direktoru Pavel Klaçkov, Eurasia Diary-yə açıqlamasında, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın təxribatçı müsahibəsini şərh edərkən deyib.

Xatırladaq ki, Rusiya mediası üçün keçirdiyi mətbuat konfransında Koçaryan "tərəflərdən biri müharibənin nəticələri ilə razılaşmırsa, əlverişli şərtlərdə o yenidən başlaya bilər" demişdi.

Ekspert, erməni siyasətçilərinin açıq bəyanatlarının çoxunun aqressiv olduğunu qeyd edib: “Çox vaxt bu açıqlamalar məntiqli olmur, emosional və ziddiyyətli olur. Bunun fonunda Koçaryanın mətbuat konfransı, prinsipcə, böhran şəraitinə uyğundur. Olduqca sərt mövqeyindən çıxış edir. Koçaryan başa düşür ki, Ermənistan dövlətinin sabitliyinə aparan yol Rusiya ilə əlaqələrin möhkəmləndirilməsindən keçir, qalan hər şey ölümə aparan yoldur. Ancaq hazırda Ermənistanda çox fərqli açıqlamalar verilir, iğtişaşlar yaradılır və hətta çox ciddi şəkildə Köçaryanın hərbi çevriliş etməsindən danışırlar. Bütün bunlar Azərbaycanla müharibədəki məğlubiyyətin məyusluğu fonunda baş verir. Əlbəttə ki, indi ordu tərəfindən döyüş əməliyyatları dövründə buraxılmış səhvlərin məyusluğunu yaşayırlar. Bu fonda Ermənistan bir növ təzminat kimi vəziyyətdən çıxış yolu axtarır. Ancaq bu çıxış yolu hələ də xalq etirazları şəklində, kəskin bəyanatlar şəklində ifadə edilir. Bundan sonra nələr ediləcək? Sözsüz ki, indi sağa-sola paylanan bəyanatlara tam uyğun şeylər olacaq. Buna baxmayaraq, hərəkətlər obyektiv vəziyyətdə və bütün amillər nəzərə alınaraq icra olunur. Sadəcə kütləni məmnun etmək üçün əhval-ruhiyyəyə uyğun danışmaq olar. Bu səbəbdən açıqlama başqa şeydir, həqiqi dövlət siyasəti və konkret dövlət strukturlarının addımları başqa bir şey. Mənə elə gəlir ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan razılaşma ağlabatandır və onu yenidən nəzərdən keçirilməli deyil, yerinə yetirilməlidir”.

Rusiyanın Ermənistandakı vəziyyətə təsirindən danışan Klaçkov, Rusiyanın öz növbəsində KTMT-dəki öhdəliklərinə kifayət qədər ciddi yanaşdığını və sərhəd perimetri boyunca vəziyyətin sabitləşməsində maraqlı olduğunu söyləyib: “Bəzi yeni qarşıdurmaların ortaya çıxması və yeni təhdidlər Moskvanın maraqlarına uyğun deyil. Buna görə də əminəm ki, Rusiya bütün gücü və diplomatiyası ilə, hərbi-texniki əməkdaşlıq və humanitar əməkdaşlığa görə məsul olan strukturların bizə verdiyi imkanlarla, Rusiya bölgədə davamlı sülhün, sabitliyin və güc balansının qorunmasını təşviq edəcək. Həmçinin, Cənubi Qafqazda və Qarabağda infrastrukturun inkişaf etdirilməsinə, insanların təhlükəsiz hiss etməsi üçün dini-mədəni abidələrin qorunmasına çalışacaq. Rusiya istənilən revanşist əhval-ruhiyyənin qarşısını almaq üçün hər cür səy göstərəcək".

Hüseyn Səfərov

Mənbə: ednews.net