Son illər qadın liderlərin sayı artıb - Fotolar

Son illər qadın liderlərin sayı artıb  - Fotolar

Son illər bütün dünyada beynəlxalq təşkilatlarda rəhbər vəzifələrə təyin edilmiş qadınların sayı kimi, qadın liderlərin də sayı artıb.

“Qafqazinfo” mənzil-qərargahı Almaniyada yerləşən “Statista” kompaniyasına istinadən bildirir ki, 1960-2021-ci illərdə 58 ölkəyə vaxtaşırı qadınlar başçılıq edib.

Son 50 il ərzində 13 ölkədə birdən çox qadın lider olub.

1960-ci ildən 2021-ci ilədək Yeni Zelandiya və Finlandiya ən çox qadın liderləri olan ölkələr olub.

Bununla yanaşı, dünyanın 119 ölkəsində qadınlar rəhbər vəzifələrə seçilməyib.

Banqladeşin Baş naziri Şeyx Həsinə Vəcid öz vəzifəsində ən uzun müddət qalmış aparıcı qadın liderlərdən biridir - zaman-zaman hakimiyyətə gəlib və hələ də Banqladeşə rəhbərlik edir. Vəcid ümumilikdə 17 ilə yaxındır ki, hakimiyyətdədir.

Ən uzun müddət hakimiyyətdə olan qadınların reytinqində daha sonra İndira Qandi gəlir. O, vaxtaşırı olaraq Hindistanın Baş naziri vəzifəsini tutub. Hindistanın ilk və yeganə Baş naziri Qandi təxminən 16 il hakimiyyətdə olub.

Ardıcıl olaraq bir neçə dəfə hakimiyyətə gələn Almaniya Kansleri Angela Merkel 15 ildən artıqdır postunu tutan qadın liderlərdən biridir.

Dominikanın keçmiş Baş naziri Yevgeniya Çarlz öz postunda 15 ilə yaxın qalıb.

Liberiyanın keçmiş Prezidenti Ellen Conson-Serlif də ardıcıl olaraq bir neçə dəfə seçilib və 12 il ərzində ölkəsinə rəhbərlik edib.

Öz ölkələrində rəhbər vəzifə tutan qadınların sayı son 12 ildə sürətlə artıb. Bununla belə, onların sayı il ərzində 19-u ötməyib.

Beləliklə, qadın liderlər kişi liderlərin sayının 10 faizindən az hissəsini təşkil ediblər.

BMT Baş Katibliyinin 21 dekabr 2020-ci il tarixli hesabatına əsasən, bütün dünyada nazir vəzifələrinin təxminən 21 faizini qadınlar tutur. 14 ölkədə Nazirlər Kabinetində qadınların payı 50 faizdən çox olub.

Bundan başqa, 2020-ci ildə milli parlamentlərin bütün üzvlərinin 25 faizini qadınlar təşkil edib.

 

Mənbə: qafqazinfo.az